“Cərimələrin heç bir elmlə əsaslandırılacaq əlaqəsi yoxdur”

cerimelerin-hec-bir-elmle-esaslandirilacaq-elaqesi-yoxdur
Oxunma sayı: 635

Bunu “Qafqazinfo”ya açıqlamasında Media Hüququ İnstitutunun proqram koordinatoru Xalid Ağəliyev ”Sərbəst toplaşmaq haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən söyləyib.

X. Ağəliyev bildirib ki, mövzu hüquqi məzmunlu olduğundan bir neçə istiqamətdən yanaşma tələb edir: “Bu dəyişikliklər birləşmək, toplaşmaq azadlığı ilə bağlı istər yerli, istərsə də qoşulduğumuz beynəlxalq müqavilələrlə ciddi dolaşıqlıq yaratmır. Doğrudur, hər kəsin toplaşmaq, birləşmək hüququ var. Ancaq bu mütləq hüquq deyil, onu məhdudlaşdırmaq olar. Hökumətlər toplaşmaq azadlığına müdaxilə edə bilərlər. Hər bir hökumət milli təhlükəsizlik, ictimai asayişin qorunması, iğtişaşların və cinayətlərin qarşısının alınması və s. əsaslarla birləşmək azadlığına məhdudiyyət tətbiq edə bilərlər. Bizim hökumət dəyişiklikləri bu prinsiplərə söykəyir. Kənardan baxanda hər şey normaldır - nə var ki, bütün demokratik ölkələrdə olduğu kimi cərimə tətbiq edirəm”.
Hüquqşunas onu da qeyd edib ki, dəyişikliklərə ölkə daxilindən mövcud durum və yerli şərtlərin işığında baxanda əsil məqsəd, cəzaların adekvat olub-olmaması, birləşmək azadlığına müdaxilə üçün tələblərə cavab verib-verməməsi kimi aspektlərə aydınlıq gəlir: “Cərimələr insanları hansısa hüququndan istifadədən birdəfəlik çəkindirməyə xidmət etməməlidir, onları daha diqqətli olmağa həvəsləndirməlidir. Bizdə tətbiq ediləcək cərimə rəqəmləri insanda ancaq qorxu yaradır, insanları hüquqlarından istifadədən ciddi çəkindirir”.

Qanunvericiliyi incələdikdə, dəyişikliklərin əsl məqsədi daha aydın bəlli olur deyən X. Ağəliyev Azərbaycanda mülkiyyət hüququnu, mənzil toxunulmazlığını pozanı, azyaşlı birini seksual hərəkətlərə məcburetmə kimi ağır əməl törədəni, seçki saxtakarlığına yol verənləri, bülletenləri saxtalaşdıranları yüz manatdan beş yüz manatadək cərimə edirlər: “Ancaq yuxarıda qeyd etdiyimiz əməllərə etiraz edənləri 5000-dən 8000 manatadək. Burda heç bir elmlə əsaslandırılacaq əlaqə yoxdur. Demək ki, burda hər kəsin ilk baxışdaca görə biləcəyi bir məqsəd var - vətəndaşları etiraz etməkdən - yəni birləşmək azadlığından, ifadə azadlığından istifadədən çəkindirmək. Bu isə qanuni, legitim məqsəd deyil”.
Hüquqşünas bildirib ki, cərimələrin ödənilməsi proseduruna gəldikdə, burda cinayətə və inzibati pozuntuya görə cərimələri fərqləndirmək lazımdır: “Söhbət cinayət cəzası olaraq cərimələrin tətbiqindən gedirsə, cərimə olunan cəriməni ödəyə bilmirsə həbs də oluna bilər. Biz bunu Əvəz Zeynallının nümunəsində gördük. Ona qarşı ilk ittiham məhkəmə qərarını icra etməməklə bağlı idi. Məhkəmə Azərbaycan Nəşriyyatının direktorunun iddiası üzrə Əvəz Zeynallını cərimələmiş, cərimə ödənilməmişdi. Buna görə Əvəz Zeynallıya cinayət işi açılmışdı. İnzibati cərimələrə gəldikdə, burda mexanizm xeyli fərqlidir. İnzibati qaydada cərimələnmi şəxs ona təyin olunmuş cəriməni 30 gündən gec olmayaraq ödəməlidir. Cərimə ödənilmədikdə həmin məbləğ şəxsin əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutula bilər. Cərimələnən şəxs cəriməni ödəmək iqtidarında olmadıqda işin konkret hallarını nəzərə alınmaqla, cərimə əvəzinə xəbərdarlıq cəzası da tətbiq edilə bilər”.

Qeyd edək ki,bir müddət öncə ”Sərbəst toplaşmaq haqqında” qanuna dəyişikliklər edilib. Həmin qanuna əsasən razılaşdırılmamış etiraz aksiyasına çıxanlara qarşı cərimənin 500 manatdan 1000 manatadək artırılması nəzərdə tutulub. Yeni sənəddə hökumətin razılığı olmadan keçirilən aksiyanın təşkilatçıları üçün 1500 manatdan 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə, 3000 manatdan 6000 manatadək məbləğdə cərimə olunacaq. Təşkilatçı hüquqi şəxsdirsə 15000 manatdan 30000 manatadək cərimə tətbiq ediləcək.

Gülnar