Cəriməni ödəməyən sürücülərə qarşı reyd - Foto

Cəriməni ödəməyən sürücülərə qarşı reyd
Oxunma sayı: 865

Yol Polisi barələrində tərtib olunmuş elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən sürücülərə qarşı reyd keçirib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu dəfəki reyd Pirallahı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. 

Reyd zamanı saxlanılan sürücülərin cərimələrinin olub-olmaması patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb. Həmçinin cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər də saxlanılaraq onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim olunub.

Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücünün nəqliyyat vasitəsinin mühafizə olunan müvəqqəti duracağa yerləşdirilməsi barədə qərar qəbul olunur. Təşkil olunan reyd zamanı bu tipli qayda pozuntularına yol verən sürücülərin də avtomobilləri cərimə meydançasına yerləşdirilib.

Qeyd edək ki, bu ilin 8 ayı ərazində Pirallahı rayon DYPB-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 1083 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 1168 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib. 

Pirallahı rayonu ərazisində kobud qayda pozuntularına yol verən, cərimələri vaxtında ödəməyən sürücülərə qarşı reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi