Ceyhun Musaoğlu bəyanat verdi

ceyhun-musaoglu-beyanat-verdi
Oxunma sayı: 665

Bu fikirlər Jurnalist Ekspert Mərkəzinin jurnalist Vəfa Nağının döyülməsi hadisəsinə ilə bağlı yaydığı bəyanatındandır. JEM sədri Ceyhun Musaoğlu bildirib ki, Vəfa Nağının ikinci dəfə döyülməsi hər bir Azərbaycan vətəndaşının ünvanına yönələn təhqir və təhdid kimi anlaşılmalıdır: “Biz ölkəmizi üfürə-üfürə saxlayırıq. Azərbaycanın regiondakı yeri, torpaqlarının işğalı, daxili siyasətindəki xoşagəlməz elementlər – partiyaların bir-birinə aqressiv münasibəti onsuz da bu ölkəni hər üç faktdan yararlanmğa çalışan bəzi qərəzli beynəlxalq təşkilatların hədəfinə çevirib. Qəbul etmədiyimiz bəyanatlardakı arqumentləri onları hazırlayanların əlindən almaqdansa, əksinə, jurnalisti döyməklə daha tutarlı faktlar vermiş oluruq”. Bəyanatda vurğulanır ki, xüsusi missiya daşıdıqlarına görə, bütün dünyada qorunmağa layiq təbəqə olan jurnalistə, həm də xanım jurnalistə qarşı vəhşilik hamımızı utandıran hadisədi: “Bizim də başı yuxarı gəzməyə haqqımız var. Əlbəttə torpaqlarımızın işğalı bu haqqın üzərinə kölgə salır. Ancaq məğlubiyyətlər əbədi olmur. Qalibiyyət üçün isə öncə düşmənə, o cümlədən bütün dünyaya nə qədər mədəni və insansevər olduğumuzu nümayiş etdirməliyik”.

C.Musaoğlu deyir ki, əslində Azərbaycan cəmiyyətindəki neqativ hallar xalqın düşüncəsi ilə tərs mütanasibdir: “Biz vəhşi düşüncədən çox uzaq xalqıq. Bu faktı dünyaya sübut etmək üçün dövlət xeyli dəyərli işlər həyata keçirir. Jurnalisti döyməklə, polisi yumruqlamaqla, siyasi rəqibini təhqir etməklə, mətbuatda şərəf və ləyaqəti alçatmaqla işlərin üstündən xətt çəkmək istəyən nəfərlər anındaca ifşa olunmalıdı. Biz əminik ki, Vəfa Nağını küçənin ortasında döyənlər mütləq tapılacaq və cəzalanacaq”.

Bəyanatda Vəfa Nağının xanım olması xüsusi ilə vurğulanır. Bəyanat döyülən xanım jurnalistin yazdığı sonuncu statusdan sitatla yekunlaşır: “ Psixoloji cəhətdən özümü yaxşı hiss etmirəm. Mən ikinci dəfədir ki, heç bir səbəb olmadan küçədə döyülürəm. Mühafizəçini hardan tapıb yanımda gəzdirim?..”

Hücuma məruz qalan xanım jurnalistin sözlərindən təsirlənməməyin mümkünsüz olduğunu deyən JEM sədri bir daha əmin olduğunu vurğulayır ki, cavabdeh qurumlar vətəndaşa dövlətdən daha güvəncli cangüdənin olmadığını həm bütövlükdə jurnalstikaya, həm də həmkarımız Vəfa Nağıya sübut edəcək.