Çiçək ətirli parlament

cicek-etirli-parlament
Oxunma sayı: 1542

Vahid Qazi

“Namizədlər” silsiləsindən 2-ci yazı

İndiki parlament seçkisi əvvəlkilərdən gözəl xanım namizədlərin bolluğu ilə seçilir. Gör bir nə qədərdilər! Həm gözəldirlər, həm də cavan.

Uzağa getməyim, elə feysbuk dostlarım Tamilla Qulami, Nüşabə Sadıxlı, Aysel Əlizadə, Günel İbadova, İlhamiyyə Rza, Könül Quliyeva, Vəfa Gümşüdlü, Mehriban Zeynalova, Günel Səfərova, Yasəmən Qaraqoyunludan deyim.

Cəmi 100 il öncə teatr səhnəsinə bir qadın oyunçu çıxara bilməyən xalqın bu gün siyasət meydanında gör neçə xanımı var!

Bu yaxşı haldı. Eləsə, eləsə, bizi gözəllik xilas edəcək. Heyif deyilmi, gözəl xanımların qanunları ilə yaşayasan!

Kişilər söz sahibi olandan dünyanın xarabı çıxdı. Zorluqlar, pisliklər onlarla gəldi.

***

Xəyalıma yeni parlament gəlir. Zal min rəngli Qırxqız yaylasını xatırladır. Feysbuk dostlarım buranın ən qəşəng çiçəkləridi. Xoşum gəlir, oturub saatlarla canlı mənzərəyə – iclasa baxıram.

Bir az narahatlığım da var. Necə narahat olmayasan! Neçə qollu-budaqlı, köklü-köməcli “ağac”ı parlamentin “par”ı qurudub. Neçə yaraşıqlı sima oradan solub, bozarıb, qızarıb, nə qədər qəddü-qamət əzilib-büzülüb, əyilib çıxıb. İndi bu zərif “çiçəklər”i soldurmazmı onun havası?!

Gözümün qabağından uçub keçən nə idi belə?

Narahatlığım gecəni gün işığına çıxaran şam kimi əriyib getdi.

Sarı-qırmızımtıl kəpənəyin çiçəyə qonmasını görürəm. Qanadlarının şappıltısını müstəqillik aktına alqış yağdıran parlamentin çəpik səsi kimi eşidirəm.

Kəpənək qanadlarından qopan sərin meh üzümə əsir, məstedici çiçək qoxusuna bihuş oluram.
Sonra meh küləyə dönür, sonra da tufana…

Parlamentin qapı-pəncərəsi taybatay açılır. İllərlə içəriyə hopmuş kif qoxusu çölə sovrulur.
“Çiçəklər” yerlərindən boy verirlər. Qalxır, qalxır, qalxırlar. Bir-birinə sarılırlar, aşır-daşırlar. Açıq qapı-pəncərədən şəhərə axırlar.

Şəhərin küçə-xiyabanları gülə-çiçəyə bürünür. Hər yan gül qoxuyur. Xəzərin gözitirən sozsuzluğundan əsən Xəzri gül qoxusunu sinəsinə çəkir. Üfürüb bütün ölkəyə yayır.

Səhər adamlar ölkəni çiçək içində görürlər. Hava gül ətrindədi. Xət-xət qırışan üzlər, cığır alınlar gülür, açılır. Çuxura düşən gözlərə işıq gəlir. Ürəklər təzə sevgi yaşayan təki sevinclə çırpınır.

Çiçəklərə qonan kəpənəyin qanadından başlayan titrəyiş bütün ölkəni dəyişir. “Kəpənək effekti” bunamı deyirlər?!

Azərbaycan “çiçəklənən şanlı diyar” olur.

“Çiçək”lərin qanunları da ümid doludu ana duası kimi, yumşaqdı sevgili sığalı təki.

Hamı xoşbəxtdir!!!

***

Yuxudan saat zənginə oyandım. Qalxdım. Çay qoydum. Televizorun düyməsini basdım. Balkona çıxıb gərnəşdim. Quluncumu qırıb geri qayıtdım.

Çay süzüb oturdum. Gözüm çayın buğunda, qulağım televizorda.

“Müxalif elita çox amansız seyrəlmələrə məruz qalıb”. Yeni seçilmiş parlamentin ilk iclasında Zahid Oruc danışırdı.

Çayın buğu doğulmadan ölən arzular kimiydi, buğlanmağa macal tapmadan itib yox olurdu…