Ciddi nöqsanlara yol verən müstəntiqlə bağlı DİN-ə müraciət

ciddi-noqsanlara-yol-veren-mustentiqle-bagli-din-e-muraciet
Oxunma sayı: 4728

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını şişləməkdə təqsirləndirilən 1960-cı il təvəllüdlü Tahir Əhmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək qardaşı Cabir Əhmədovun sağlamlığına qəsdən ağır xəsarət yetirməkdə ittiham olunan T.Əhmədovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Prokuror həmçinin işi araşdıran Şabran Rayon Polis Şöbəsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev barəsində yol verdiyi ciddi nöqsanlara görə xüsusi qərardad çıxarılmasını və Daxili İşlər Nazirliyinə göndərilməsini istəyib.

T.Əhmədovun vəkili isə çıxışında müdafiə etdiyi şəxsin günahsız olduğunu və onun qardaşını vurmadığını deyib.

T.Əhmədov bildirib ki, həmin gün sərxoş olub: “Kabab bişirən zaman qardaşı yıxıldı və şiş onun qarnına batdı. Mən onu vurmamışam”.

Zərərçəkən Cabir Əhmədov da yıxıldığını deyib və qardaşından şikayətçi olmadığını bildirib. 

Məhkəmə kollegiyasının hökmü ilə T.Əhmədov qardaşını şişləməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin işi araşdıran müstəntiq Elşən Əliyev barəsində xüsusi qərardad çıxarılıb. 

Qeyd edək ki, hadisə 2015-ci ildə Şabran rayonunda baş verib. 

Murad Əhməd