Ciddiləşin cənablar!

ciddilesin-cenablar
Oxunma sayı: 2503

Raminə Eyvazqızı

Tez-tez eşidirik ki, filankəs xərçəngə qalib gəldi, ya biri iflic olmuşdu, ayaqları tutulmuşdu, bir gün ayağa durdu, hətta qaçdı. Adamları hormonlardan sonra, psixi gücünün idarə etməsi məsələsi təzə iş deyil. Adamın psixoloji vəziyyəti ilə oynamaq olmaz!

Ölkə psixologiyasının döyüntüsü də, nəbzi də Qarabağla vurur. Qarabağ həsrəti adlı xəstəliyimiz ötən apreldən sonra yenə kəskinləşdi. Ən arsız adamı belə gün ərzində cəbhədən təzə xəbər gözləmək dərəcəsindədir. Biz əvvəl-əvvəl Müdafiə Nazirliyinin qətiləşmiş xəbərlərindən qol götürüb oynayırdıq, rəsmi xəbər gözləmək kimi əhvala düşürdük. Bayraq sevdalılarının son yağışdan sonra eyvana asdığı bayraqlar yavaş-yavaş yoxa çıxdı. Artıq topdan satışdan bayraq alan satıcılar mayanı çıxara bilmədi. Güclü ordumuz var olsun! Şüarlarımız dilimizdədir, baxmayaraq ki, Müdafiə Nazirliyinin xalq dilində zarafatyana açıqlamalarına, zəngin şifahi ədəbiyyat nümunələrinə gülə bilmirik. Ciddiləşin cənablar! Haqlı və deyilənlərin yerində olduğunu bilsək də, biz ciddiyyət gözləyirk. Şəhid xəbərini yaymaq qədər xalqla ehtiyatlı, heysiyyatlı davranış gərəyimizdir. Qələbə zarafatla yox, ciddiyyətlə qazanılır. Səksəkələrlə psixi xəstələrə çevrilmişik. Bu qədər həyəcan sonra bizi dəliyə çevirməz ki? Dəlilik öz-özünə sayaqlamaqdan, bütün gün televizoru işlək qoymaqdan, internet xidmətinin pulunu öncədən (təzə xəbər olar deyə) ödəməkdənmi başlayır, görəsən?

Nənəm yemir, şəkəri qalxıb, qələbə gözləyir! Kəsilmiş, pəncəsiz ayağını o torpaqlara basmaq istəyir. Yaşlı qadın onu da deyir ki, bahar müharibə fəsli deyil, yaşıl çəmənə od-alov yaraşmaz, yaz havasına barıt qoxusu heç yaraşmaz!

Haşiyə. İndi psixologiya ən dəbdə olan peşə sahibinə çevrilib. On il əvvəl psixoloqlar diplom üçün ali təhsili başa vururdularsa, indi TV ekranının hər verilişində yersiz olaraq psixoloqu danışdırırlar. Maraqlıdır ki, psixoloqların başı qadın-kişi münasibətlərindən açılmır ki, bir az da müharibə insanına təsəlli versin. Bir də axı bizim Səhiyyə Nazirliyimizin əhalisinin psixi sağlamlıq üzrə milli koordinatorı deyilən kürsüsü də varmış. Bu vəzifəni çoxunun heç tanımadığı ölkənin baş psixiatrı, eləcə də Tibb Universitetinə yeni rektor seçilmiş Gəray Gəraybəyli icra edir. Psixiatr artıq dəlilərlə işləyir, amma biz ki, sağala bilərik. Gəray müəllimın baş psixiatr sələfi Ağabəy Sultanov qədər hörməti, izzəti (məşhurluq mənasında) yoxdur. Hər ikisinin ad, soyadında “bəy” hissəciyi var. Bəylərin də sözsüz, özünə görə psixi vəziyyətləri olur. Amma insanlar həyatdan köçüb getmiş Ağabəy Sultanovun maraqlı çıxışlarını onun geyim üslubu, boynuna bağladığı şərflər qədər xatırlayırlar. Həmişə camaata təsəllisini, loru izahatını eşitmişdik.

Gəray Gəraybəylinin müharibə adamı üçün deyəcəkləri yoxdurmu? İntihar edəni kim, kredit borcundan xəstəyə çevrilmişi kim, başkəsəni kim, şəhidin üstündə ağlayan balası kim… Əcnəbi nailiyyətlər qazanmış psixi sağlamlıq koordinatorunun heçmi sözü yoxdur?

Biz sağalmaq istəyirik, ruhumuzu təzələyin Gəray Gəraybəyli…

Və qələbə gərayılısını yazmaq arzusundayıq…