Çin klubları iflasa sürüklənir - Bahalı transferlər borca saldı

cin-klublari-iflasa-suruklenir
Oxunma sayı: 1495

2014-16-cı illərdə Avropanın bir sıra tanınmış futbolçularını transfer edən Çin klubları artıq maliyyə çatışmazlığı ilə üzləşməyə başlayıb.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, yüksək dəstədə mübarizə aparan 16 klubun borcu ümumilikdə 450 milyon funtu keçib.

Bu amil uzunmüddətli perspektivdə iflas deməkdir. Klubların xərcləri 1.24 milyard, gəliri isə 797 milyon avro təşkil edib.

Çin klublarının əsas gəlir mənbəyi kommersiya müqavilələri (gəlirin 64%-i) olub. Teleyayım hüquqlarının satışı (14%), oyunçu satışı (11%), hökumət subsidiyaları (6%), biletlərin realizasiyasından əldə olunan vəsait (3%) sonrakı yerlərdə gəlir.

Bir müddət öncə Çin Futbol Federasiyası əcnəbi futbolçuların transferi ilə bağlı şərtləri sərtləşdirmişdi. Yerli futbolçuların inkişafını nəzərdə tutan bu tədbirlərin nə dərəcədə effektli olacağı məlum deyil.