Cinayətdən sonra Rusiyaya qaçarkən həbs olundu

cinayetden-sonra-rusiyaya-qacarken-hebs-olundu
Oxunma sayı: 636

Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, fevralın 9-da saat 23:30 radələrində Səlimov Sadiq İsbat oğlunun çoxsaylı xəsarətlərlə xəstəxanaya daxil olması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İstintaqla müəyyən edilib ki, həmin tarixdə S.Səlimov Nizami rayonu ərazisində yerləşən «Azər» kafesində tanışları ilə birlikdə spirtli içki qəbul edərkən Məmmədov Vüqar Zeynal oğlu ilə aralarında mübahisə yaranmış və kafenin həyətində sonuncu qəsdən öldürmək məqsədilə üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı kəsici-deşici xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Fevralın 18-də saat 3 radələrində cinayətin törədilməsində şübhəli bilinən V.Məmmədov Yalama stansiyasının sərhəd keçid məntəqəsindən Rusiya Federasiyasına keçmək istəyərkən tutulub.
V.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.