Çində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə dair Konfrans keçirilib

Çində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə dair Konfrans keçirilib
Oxunma sayı: 462

Bu gün Pekində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyinin və Çinin Kommersiya Nazirliyinin təşkilatçılığı, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan tərəfi konfransda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə iştirak edib.

Konfrans iştirakçılarını salamlayan Çin Xalq Respublikasının Kommersiya nazirinin müavini Van Şoven tədbirin ölkəsində keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Kəmər və Yol” təşəbbüsünün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin bu strategiyanı dəstəkləyən ilk ölkələrdən olduğunu vurğulayıb. “Trans-Xəzər Tranzit Dəhlizi”nin rəqabət qabiliyyəti barədə danışan nazir Şahin Mustafayev qeyd edib ki, siyasi-iqtisadi sabitlik və təhlükəsizlik, coğrafi-iqtisadi, məsafə və vaxt baxımından əlverişlilik, layihənin regional əməkdaşlıqda önəmi, dəhliz boyunca infrastrukturun mövcudluğu, tranzit potensialının reallaşdırılması məqsədilə institusional islahatların aparılması dəhlizin başlıca üstünlükləridir. 

Türkiyənin Nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin müavini Yüksəl Coşqunürək İpək Yolunun əhəmiyyətini qeyd edərək, keçdiyi ölkələrdə iqtisadi-ticarət, sosial və mədəni inkişaf baxımından önəmini vurğulayıb. 

Sonra Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinə dair film nümayiş olunub.

Konfrans “Trans-kontinental yük daşımalarındakı üstünlüklər” və “Kəmər və Yol təşəbbüsü boyunca vahid regional tranzit və logistika infrastrukturu” mövzularında panel iclaslarla davam edib. İclaslarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov çıxış edərək Azərbaycanın nəqliyyat-tranzit potensialı, bu sahədə yaradılmış müasir infrastruktur, həyata keçirilən layihələr və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti barədə məlumat veriblər.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi