“Çingiz mənim anamı söydü...”

cingiz-menim-anami-soydu
Oxunma sayı: 2319

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını söyən dostunu bıçaqlamaqda təqsirləndirilən 1994-cü il təvəllüdlü Eltun Salamovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə baxış iclası baş tutub. 

Prokuror ittiham aktını elan edib. İttihama görə, E. Salamov 2018-ci il iyulun 4-də Xəzər rayonu, Şağan qəsəbəsində dostu Çingiz Adıgözəlovun onu söyüb təhqir etməsinə görə ona iki bıçaq zərbəsi vurub. Xəstəxanaya yerləşdirilən Ç. Adıgözəlovun həyatını xilas etmək mümkün olub. 

Məhkəmədə ifadə verən E. Salamov özünü təqsirli bildiyini deyib: "İttihamı təsdiq edirəm. Çingizi çoxdan tanıyırdım, münasibətimiz yaxşı olub. Şağanda kafe işlədirdi, həmin gün orada yemək yedik. O araq içmişdi, mübahisəmiz düşdü, məni, valideynlərimi, anamı söydü. Elə söydü ki, burada deyilməli söz deyil. Mən də çıxıb getdim. Ondan bir neçə gün əvvəl dostlarımla dənizə getmişdik. Orada qarpız, kolbasa doğramaq üçün bıçaq götürmüşdüm. Qayıdanda da bıçağı yaxınlıqdakı boş həyətə atmışdım. Gedib həmin bıçağı götürüb geri qayıtdım. Gəlib Çingizlə yenidən mübahisə etdim, onu bıçaqladım”. 

Zərərçəkmiş Ç. Adıgözəlov məhkəmədə iştirak etməyib. Proses sentyabrın 26-da davam etdiriləcək. 

Murad Əhməd