Çinin nümayəndə heyəti Milli Xalça Muzeyində - Fotolar

cinin-numayende-heyeti-milli-xalca-muzeyinde
Oxunma sayı: 1401

Ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

“Qafqazinfo”nun məlumatına görə, muzeylə tanışlıq zamanı Mədəniyyət naziri Əbülfəs Qarayev və muzeyin direktoru Şirin Məlikova qonaqlara ölkəmizdə qədim xalçaçılıq ənənələri haqqında ətraflı məlumat veriblər.

Xovlu və xovsuz xalçalar, xalça məmulatları, xüsusilə məfrəş və çul, dəvəli şəddə qonaqların böyük marağına səbəb olub. Ekspozisiya ilə tanış olarkən qonaqlar canlı olaraq toxuculuq prosesini izləyib, toxucularla söhbət ediblər.
Muzeylə tanışlıqdan sonra Li Canşu muzeyin xatirə kitabında öz təəssüratlarını qeyd edib.

Fəxri qonağa Azərbaycan Milli Xalça Muzeyinin 50 illik fəaliyyətinə həsr olunmuş kitab və xalça hədiyyə edilib. Li Canşu təşəkkürünü bildirərək muzeylə tanışlıqdan çox məmnun olduğunu deyib. O, gələcəkdə iki ölkənin xalça və tikmə sənətkarları arasında təcrübə mübadiləsinin aparılması və ustad dərslərinin keçirilməsini təklif edib, mədəniyyətlərimizin təbliği sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.