“Clarivate Analytics”in əməkdaşı AzMİU-da seminar keçib

“Clarivate Analytics”in əməkdaşı AzMİU-da seminar keçib
Oxunma sayı: 220

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkətinin əməkdaşı tərəfindən universitetin professor-müəllim heyəti üçün beynəlxalq jurnallarda məqalə dərc olunmasına dair növbəti maarifləndirici seminar təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, seminarda universitetin Elm və texnika işləri üzrə prorektoru Arif Şərifov, Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, dekanlar, kafedra müdirləri, Elmi-tədqiqat şöbəsinin əməkdaşları və müəllimlər iştirak edib.

Prorektor Arif Şərifov “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaevanı növbəti dəfə universitetdə görməkdən məmnunluğunu ifadə edib, daha öncə keçirilmiş seminardan sonra əldə olunan nailiyyətləri tədbir iştirakçılarının və qonağın diqqətinə çatdırıb. 

Daha sonra prorektor N. Abdullayeva mövzunun aktuallığını vurğulayıb və şirkətlə universitet arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Seminarın gedişatında L. Kurmakaeva “Web of Science” platformasının işləmə mexanizmi istiqamətində danışıb. Elmi məqalələrin yazılması prosesində qeyd olunan bazada axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin tapılması, eləcə də elmi jurnallarda məqalələrə qoyulan tələblər və beynəlxalq səviyyəli məqalələrin tərtibat qaydaları ilə bağlı tədqiqatçı alimləri ətraflı şəkildə məlumatlandırıb. 

Seminarın yekununda L.Kurmakaeva universitet əməkdaşlarının suallarını cavablandırıb və bu istiqamətdə daha ətraflı biliklərə yiyələnmək üçün onlara “Clarivate Analytics”in mütəmadi olaraq təşkil etdiyi onlayn seminarlara qatılmağı tövsiyə edib. 

Sonda qeyd edək ki, universitetin bir sıra əməkdaşı artıq şirkətin təşkil etdiyi onlayn seminarlarda iştirak edib və onlara sertifikatlar təqdim edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi