“Cocuq Mərcanlı” loqosu ilə məhsullar satışa çıxarılacaq

cocuq-mercanli-loqosu-ile-mehsullar-satisa-cixarilacaq
Oxunma sayı: 1049

Azərbaycan qardaş Türkiyənin Cocuq Mərcanlı kəndində birgə layihə həyata keçirmək təşəbbüsünü bəyənir və layihənin reallaşdırılmasına hər cür dəstək göstərməyə hazırdır”. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə fevralın 14-də iqtisadiyyat naziri Şahin Mustafayevin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşündə bildirilib.

Görüşdə Türkiyə tərəfi arıçılıq, heyvandarlıq, kiçik istixana təsərrüfatı və suvenir istehsalı sahələrini əhatə edən layihə barədə məlumat verib. 

Azərbaycanla birgə həyata keçiriləcək layihəyə uyğun olaraq, Cucuq Mərcanlıda 15 ailə üçün arıçılıq təsərrüfatı yaradılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək. Layihə çərçivəsində həmçinin, 150 başlıq südçülük təsərrüfatının yaradılması da nəzərdə tutulur.

Bundan başqa, layihəyə əsasən, Cocuq Mərcanlıda 15 kiçik həcmli istixana qurulacaq və damcı suvarma sistemləri ilə təmin ediləcək, toxum, ştil və s. alınmasında dəstək göstəriləcək, ailələrə təlimlər keçiriləcək. İstixana təsərrüfatlarında kənd əhalisinin məşğulluğu təmin olunacaq, kənd əhalisinin bir sıra tərəvəz məhsullarına olan ehtiyacı yerli imkanlar hesabına ödəniləcək. Layihə çərçivəsində suvenir istehsalı təşkil olunacaq ki, burada keramika və müxtəlif oyuncaqlar hazırlanacaq.

Layihənin reallaşdırılması nəticəsində istehsal olunan bütün məhsullar “Cocuq Mərcanlı” loqosu ilə satışa çıxarılacaq.

Ş. Mustafayev Azərbaycan  Prezidentinin yeni həyat bəxş etdiyi Cocuq Mərcanlıya göstərilən diqqətə görə Türkiyə tərəfinə minnətdarlıq edib və layihənin Cocuq Mərcanlının inkişafında, kənd sakinlərinin məşğulluğunun təmin edilməsində və sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətlı olacağını, Azərbaycan tərəfindən layihəyə hər cür dəstək göstəriləcəyini vurğulayıb.