Çörək oğruları

corek-ogrulari
Oxunma sayı: 2593

Xuraman Hüseynzadə

Jan Valjanın başına gələn faciələr çörək oğurluğundan başlayır. 1795-ci ilin qışında ərzaq qıtlığı yaşanırdı. Jan Valjan bacısı qızını aclıqdan xilas eləmək üçün yerli çörəkçidən çörək oğurlayır. O, həbs olunur və 5 il həbsxanada cəza çəkir. Hər dəfə qaçmağa cəhd göstərdiyi zaman cəzası bir az da artırılır. Bir parça çörək ucbatından 19 il həbsdə qalır... (Hüqo. “Səfillər”)

Ərzaq qıtlığı deyiləndə ilk yada düşən çörək olur. Müharibələrdən insanlara qalan ən kədərli xatirələrdən biri də çörək çatışmazlığıdı.

Mən uşaq olanda babamla nənəm 41-45 müharibəsi haqda söz açarkən ən çox insanların çörəklə imtahana çəkilməsini xatırlayırdı. “Şərikli çörək” filminə baxanda bu imtahanın necə çətin olduğunu daha yaxşı başa düşürdüm. Zaman keçdi, biz baba-nənələrimizin həmin kədərli xatirəsini real həyatda yaşadıq. 92-ci ilin çörək qıtlığı elə müharibənin özü qədər ağrı ilə qaldı yaddaşımızda. Yadımdadı, bütün gün ac qalmışdıq. Səhərdən çörək növbəsi gözləyən dayım bizə axşam çörək gətirmişdi. O da iki dənə. 6 nəfərlik ailə iki çörəklə 3 gün dolanmışdıq...

Bu ilki devalvasiyada unun, çörəyin qiymətinin qalxması yaman qorxutdu gözümüzü. Unutmayanlar yenidən o illəri xatırladı, təşvişə düşdü. Aclıqla imtahana çəkilmək qorxusu ilə üz-üzə qaldıq. Şükür ki, tez bir zamanda çıxdıq bu imtahandan. ƏDV-dən azad elədilər çörəyi. Eləməsəydilər nolacaqdı? Unun, çörəyin qiymətini artıranlar doğrudanmı bu barədə düşünmədilər? Bu xalqı aclıqlamı qıracaqdılar? Nə idi məqsədləri?
Bir parça çörək ucbatından uşağının gözlərinə utana-utana baxanlar var; cəlayi-vətən olub başqa ölkələrə səpələnir həmvətənlərimiz. Hələ intihar edənləri, intihar həddində olanları demirik...

Çörəyin qiyməti qalxan günün səhəri marketdə adamların gözlərindəki təlaşı sezməmək mümkün deyildi. Təqaüdçü bir müəllim satıcıya qəzəbləndi: “50 qəpiyə çörək olar? Allahınız, insafınız yoxdu, acından ölək?” Satıcı xanım haqlı olaraq qiymət artımının onun səlahiyyətləri xaricində olduğunu bildirdi. Müəllimin qəzəbi kükrədi. Satıcı xanım “Pulunuz yoxdu, almayın”,- dedi. Deməli, qiymət artımına rəvac verənlər bu düşüncədəydilər...

Xalqın taleyi ilə bu cür oynamazlar.

Süni qiymət artımı vasitəsilə cibimziə girənlər sabah çörək oğruları ilə qarşılaşsa polisə üz tutar.

Oğurluğun baş alıb getməməsi üçün cibimizə girənlərin əlləri vaxtında qandallanmalıdı...