Çörək yeməyib, bir öküzü təkbaşına yeyənlər...

corek-yemeyib-bir-okuzu-tekbasina-yeyenler
Oxunma sayı: 3237

Seymur Verdizadə

Mən də daxil olmaqla, Azərbaycan əhalisinin yarısından çoxu artıq kilodan əziyyət çəkir. Lazımsız piy qatlarına sahib olmağımızın müxtəlif səbəbləri var.

Məsələn, mən əvvəllər günümün yarısından çoxunu kompüter qarşısında keçirirdim. Oturaq həyat tərzi keçirməyim, ən əsası isə qida rejiminə düzgün riayət etməməyim üzündən bu gün öz yazımın mənfi qəhrəmanına çevrilmişəm. Bir tanışım isə xəmir yeməklərinə meylli olduğundan dərisinə sığmır. Evi ilə işi arasındakı yüz əlli metrlik məsafəni maşınla getdiyi üçün artıq çəki yığanlar da var. Aydın məsələdir ki, ikinci mərtəbədəki ofisindən birinci mərtəbəyə liftlə düşən adam ömrünün axırına kimi nağara boyda qarnından qurtula bilməyəcək. Adam da var ki, əlinə düşən haram pulları ətə-yağa çevirib, qarnına tökdüyünə görə dana boydadır. İstənilən halda, artıq çəkiyə sahib olmağımızın əsas səbəbi dünya malına biganə qalmağı bacarmamağımızdır.

Ətrafımdakı insanların lazımsız piy qatlarından xilas olmaq üçün ciddi-cəhdlə mübarizəyə başlaması son vaxtlar qarşılaşdığım ən müsbət tendensiyalardan biridir. Səhərlər idman edən, axşamlar yemək yeməyən, günortalar dietoloq yanına gedən adamlara indi tez-tez rast gəlmək mümkündür. Sözsüz ki, bu siyahıya çörəkdən imtina edən insanlar başçılıq edirlər. Son zamanlar bu mənzərə ilə tez-tez qarşılaşıram: masa arxasında bir neçə nəfər əyləşsə də, məndən başqa heç kim əlini çörək qabına uzatmır...

Təəssüf ki, bu mənzərə heç də həmişə adamın ürəyini açmır. İki ay əvvəl bir dostumuz bizi Mərdəkandakı bağ evinə qonaq çağırmışdı. Əvvəllər olduğu kimi, yenə həyətindəki çolpalardan üçünü kəsdirib, çığırtma bişirtdirmişdi. Amma əlimizi yeməyə uzatmağa macal tapmamış ev sahibinin qonşusu buluddakı xörəyin yarısını öz qabına boşaltdı. Təəccüblə ona baxdığımızı görəndə isə qımışa-qımışa belə dedi: “Çörəkdən imtina etdiyim üçün xörəyi çox yeyirəm”.

Bəlkə də inanmayacaqsınız, dostumuzun çörəkdən imtina edən qonşusu həmin gün dörd kişinin yeməyini mədəsinə töküb, aradan çıxdı. Görünür, bu bədbəxt elə bilir ki, çörək yemədiyi üçün masadakı bütün naz-neməti tıxışdırmağa haqqı çatır...

Çörəkdən imtina edən bir dostumuz isə müxtəlif yeməkləri bir-birinə qarışdırmaqla məşhurdur. Bir neçə gün əvvəl onun qaymağın içinə pomidor doğradığını görəndə ömrümün axırına kimi çörəkdən imtina etməməyə qərar verdim. Məncə, qaymaqla pomidoru qarışdırmaqdansa, bir-iki dilim çörək yeyib, aclığı dəf etmək daha yaxşı üsuldur.

Ağıllı adamlar artıq çəki yığmamaq və mədənin həcmini tədricən kiçiltmək üçün çörəkdən imtina edirlər. Onlar çörəklə yanaşı, həm də yağlı yeməkləri, şirniyyatı menyüdən çıxarıblar. Mən bunu normal qarşılayır və təqdir edirəm. Amma çörəkdən imtina edib, bir öküzü təkbaşına yeyən, masadakı yağlı tikələri seçib boşqabına yığan adamları heç cür başa düşə bilmirəm. Onların bu seçiminin sağlam həyat tərzinə zərrə qədər də aidiyyatı yoxdur. Ara yerdə dost-tanışın payını yeyirlər...