Çörəkpulu tapmayanda...

Çörəkpulu tapmayanda...
Oxunma sayı: 2863

Rövşən Naziroğlu

Yeraltı keçidin soyuq pillələri üstündə oturan qadının dilənmək üçün uzatdığı qırışlarla naxışlanmış ovcunu qəpik cingiltiləri diksindirir hərdən. Baxışları kimi belinə bağladığı şalın da rəngi sönüb.

Sədəqə verənlərə dua eləmək üçün ağzını açanda qaralmış yeganə dişi məhv olmuş 31 yoldaşına ucaldılmış abidə kimi görünür. Gəlib-keçənə “Nənəyə bir çörək pulu ver”,- deyən qadının ən çox əlləri qocalıb.

Şəhərimizdəki dilənçiləri bir-birindən ayırmaq olmur. Adama elə gəlir ki, onların boyları, səsləri, üst-başları, baxışları, hətta tamahları da eynidi. Səhərdən bəlkə də əlli çörəyin pulunu corabının boğazında gizlədən dilənçi qadın axşam düşsə də buz bağlamış pillələrin üstündən qalxıb evinin yolunu tutmağa tələsmir.

İçində əritdiyi qürurdan düzəltdiyi ovcunun içi qəpiklərlə dolub boşalır...

Bir dəfə bazarda bir rus qadın yaxınlaşdı mənə. Əlindəki sellofan torbanı uzadıb “Oğlum, mən dilənçi deyiləm, pensiyamı nəvəm alıb xərcləyib. Çörək almağa pulum yoxdu. Bu əncirləri məndən al”,- dedi. Rus qadın sellofan torbada gəzdirdiyi əncirləri alım deyə nə Allaha and verdi məni, nə də Peyğəmbərə. Sakit səslə əncirin tərkibində insan orqanizminə faydalı maddələri saydı. Sözünü bitirib susdu. Üst-başı səliqəli və təmiziydi. Dilənçiliyi özünə sığışdırmayıb bağından yığdığı əncirləri satmağa gətirmişdi. Bu qadın dilənsəydi belə, bizim milli dilənçilər kimi heç kimin baş-qulağını dəng etməyəcəkdi yəqin ki. Sakitcə bir küncdə dayanıb başını salacaqdı aşağı. Yenə üst-başı səliqəli olacaqdı.

Əncirin pulunu verib çıxdım bazardan.

Sonralar küçəmizin başındakı poçtun səkisinə evlərindən gətirdiyi kitabları düzüb səssizcə müştəri gözləyən yaşlı insanların arasında gördüyüm həmin qadından Qustav Floberin “Madam Bovari”sini, Dostoyevskinin “Karamazov qardaşları”nı, yan səkidəki sinəsi orden-medallarla bəzənmiş qoca kişidənsə Mayakovskinin “Seçilmiş əsərləri”ni aldım.

Beş-altı satıcının arasında bir nəfər də olsun azərbaycanlı yox idi.

P.S. Kitab alın! Oxumasanız da alın! Dünyanın işini bilmək olmaz...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi