Çovdarovun vəsatəti təmin edilmədi

covdarovun-vesateti-temin-edilmedi
Oxunma sayı: 699

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə generalın holter aparatı ilə müayinə olunması üçün verilən vəsatət təmin edilməyib. Hakim bildirib ki, bu məsələ məhkəmənin səlahiyyətində deyil.

Onun vəkili Sadiq Rəsulov deyib ki, bundan öncə eyni təşəbbüslə Ədliyyə Nazirliyi çıxış edib: “Nazirliyin Tibb Baş İdarəsi Akif Çovdarovu bu aparatla müayinə etmək istəyirdi. Həmin vaxt Çovdarov aclıq aksiyası keçirdiyi üçün nəticələrin düzgün olmayacağına görə bundan imtina etmişdi. İndi biz təkrar onlara müraciət edirik. İdarə bizdən bunun üçün məhkəmə qərarı tələb edir, məhkəmə isə buna səlahiyyəti olmadığını deyir”.

Prosesdə "Azərtikinti ATF" şirkətinin rəhbəri Azər Quliyevin epizodu üzrə şahid qismində keçmiş MTN əməkdaşı Əziz Əzizov ifadə verib. O deyib ki, bir dəfə polkovnik Səlim Məmmədovun tapşırığı ilə şirkətin ofisində olub.

Məhkəmədə fasilə elan olunub, iclas günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, A.Quliyev vəfat edib.

Murad Əhməd