Cövdət Hacıyevin yubleyinə həsr olunmuş konsert keçirilib

covdet-haciyevin-yubleyine-hesr-olunmus-konsert-kecirilib
Oxunma sayı: 1134

Londonda “St John’s” kilsəsinin “Smith Square” salonunda bəstəkar Cövdət Hacıyevin (1917–2002) yüzilliyinə həsr olunmuş konsert keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, konsert Cövdət Hacıyevin qızı Pərvin Muradova tərəfindən, İngiltərə-Azərbaycan Cəmiyyətinin, “Rapid Solutions” şirkəti, Azərbaycan Evi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Tədbirdə 200-dən artıq diplomat, ictimai xadimlər, musiqişilər və klassik musiqi mütəxəssisləri, həmçinin Azərbaycan diasporasının fəalları iştirak edib.

Konsert proqramına Aleksandr Peskanovun bəstələdiyi və Cövdət Hacıyevin 63 il birgə həyat sürdüyü sevimli yoldaşı Azərbaycan rəqqasəsi və xoreoqrafı Əminə Dilbazinin xatirəsinə həsr olunmuş “Azərbaycan Rapsodiyası” əsərinin İngiltərə premyerası daxil edilib. Bu əsər gənc pianoçularun müşaiyətilə Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun (tar və kamança) ifasında səslənib. Daha sonra 9-11 yaşlı pianoçular Peskanovun dördhissəli “Bahar Konserti” əsərini ifa ediblər.

Tədbirin sonunda bəstəkarın simli alətlər kvarteti üçün yazılmış zəngin teksturalı və kəskin “Poema” əsəri Azərbaycan/Türk skripkaçısı Elvin Hoxha-Gəncıyev, Nyu Yorkda yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu, skripkaçı Səbinə Rakçeyeva, Uelsli skripkaçı Reyçel Birt və Alban violonçel ifaçısı Hayredin Hoxha tərəfindən ifa edilib.