“Çoxdan müğənni olmalı idim, gecikmişəm” - Esya

coxdan-mugenni-olmali-idim-gecikmisem
Oxunma sayı: 12484

Aktrisa Esmiralda Əliyevanın (Esya) “Qafqazinfo”ya müsahibəsi:

- Uzun müddətdir ki, efirdən uzaqlaşmısız. Seriallarda rol almırsız, mətbuata danışmırsız. Səbəb nədir?

- Sonuncu dəfə “Taksi parkı” serialında rol almışam. Bəzi səbəblərə görə çəkilişlər yarımçıq qaldı. Esya yox olmayıb, hər zaman olub və olacaq. Efirə vaxtım yox idi, bəzi səbəblərdən başım qarışıq oldu. İndi isə yeni lahiyələrim var, onun üzərində işləyirəm. TV layihəsidir. İstəyirəm ki, gəzdiyim ölkələri insanlara göstərim. Gözəl muzeylər, incəsənət mərkəzləri və s. Elə ölkəyə gedirəm ki, orada ancaq turistlər olsun. Gözəllikləri insanlarla paylaşmaq istəyirəm. Esyanı fərqli ampluada görəcəksiz. Bacarıq varsa, onu gizlətmək lazım deyil. Hələ unudulmamışam. Kiçik bir obrazla insanların yaddaşında qalmışam.

- Bizdə olan məlumata görə, siz müğənni kimi fəaliyyət göstərməyə başlamısız.

- Müğənnilər aktrisa kimi filmlərə çəkilirlər. Aktrisa da müğənni ola bilər. Burda nə var ki? Bunu təkcə bizdə problem edirlər. Türkiyədə model aktrisadır, müğənnidir. İnsanın istedadı varsa, onu içində saxlamamalıdır. Çoxdan oxuyurdum, sadəcə olaraq efirdə ifa etmirdim.

- Niyə? Qınaqdan qorxurduz?

- Yox, qətiyyən!

- Yəqin ki, özünüzü reaksiyalara - tənqidlərə və təriflərə hazırlamısız.

- Təbii ki,.. Məni hamı sevə, bəyənə bilməz. Fikirlər fərqli olacaq. Sevənlər də, sevməyənlər də ola bilər.

- Siz həssas bir xanımsız, həmin tənqidlər sizə müəyyən qədər təsir edəcək.

- Ola bilər ki, mənfi rəylərlə üzləşə bilərəm. İçi pis olanlar həmişə zəhərini buraxacaqlar. Mənə elə gəlir ki, onlar neqativ və mənfi enerjilərini ötürürlər. Həmin insanları varlığımla məhv edirəm. Onlar məni həzm edə bilmirlər. Deməli, onları ötüb keçmişəm. Amma müsbət rəylərlə daha çox üzləşdiyim üçün onlar mənim gözümə görünmürlər.

- Birinci model olduz, daha sonra aktrisa, indi də müğənni... Niyə müğənni olduz?

- Bilirsiz, bəzi müğənniləri görəndə düşünürəm ki, mən onlardan daha yaxşı oxuya bilərəm. Düşünürəm ki, mənə ehtiyac var. Səhnəyə yaraşıram. Hətta bunu çoxdan etməli idim, gecikmişəm. Elə insanları səhnədə görürəm, özüm özümə deyirəm ki, niyə özünü gizlədirəm? Hərdən mənə deyirlər ki, mahnı oxuma, sənlik deyil. Niyə görə oxumayım?

- Siz “Bacanaqlar” serialında kiçik obrazla tanındız və insanların yaddaşında qaldız. Bəs serialdan niyə getdiz?

- Böyük bir səbəbi yoxdur. Elə oldu ki, serialda Esya evləndi və Murad ona qadağalar qoydu. Bu qədər...

- Deməli, şəxsi həyatınızla bağlı efirdən uzaqlaşdız.

- (Gülür).

- Bu səbəbdən öz işinizdən niyə imtina etdiz? Belə bir addım atmaq doğrudur?

- Mənim üçün ən önəmlisi ailədir. Neçə illər bundan əvvəl, 2007-ci ildə böyük bəstəkarların biriylə çox yaxın münasibətim var idi. Elə o məni müğənnilik peşəsinə yönləndirdi. Dedi ki, niyə də oxumuyasan? Sizin suala qayıdaq. Hardasa ailəni üstün tuturdum, efirdə görünmək istəmirdim.

- Hər şeylə tez razılaşırsız?

- Bəli, bəzi məsələlərdə razılaşıram. Baxır harda... Amma elə fikirlər var ki, öz mövqeyimi ortaya qoyuram. Evdə isə hər şeyə uyuşuram. Çalışıram ki, ailəmin fikirlərinə önəm verim.

- Deyəsən bu sahədə sizə paxıllıq edənlər çoxdur. Səbəbi isə məlumdur. Neçə illərdir ki, səhnədə külüng vuranların əksəriyyəti tanınmır. Siz isə “Məhəbbətin Esyası” olaraq tamaşaçılara tanışsız.

- Ümumiyyətlə, qəlbən sevən insanların sayı azalıb. Hər zaman dünyada paxıllıq olub, olacaq. Deməli mən varam, yaşayıram. Mənim yenidən qayıtmağımdan qorxurlar. Ayağımı qazanlar çoxdur, məndə isə üzdülük yoxdur. Bir çox təkliflər olub, işimə maneə olmaq istəyiblər. Hətta, TV-də bir layihə var idi, məni axtarıb tapdılar. Daha sonra orada çalışanlar dil məsələmi ortaya atdılar. Guya, mən Azərbaycan dilində danışa bilmirəm (Gülür).

- Bəs bizimlə hansı dildə danışırsız?

- Hə, deyirlər ki, rus dilində danışıram, ana dilimi bilmirəm. Gördüyünüz kimi doğma dilimizdə səlis danışıram, heç bir problem də yoxdur.

- Hamı sarışın bir xanım kimi tanıyıb, amma bir vaxtlar saçlarınızı tamamilə dəyişdiz. Dəyişmə səbəbi nədir? Depressiyadan xilas yolu idi?

- Yox, bəzən dəyişiklik etmək lazımdır. Efirə çıxmamışdan əvvəl də sarışın olmuşam. O vaxtlar qadınlar saçlarını sarı etməyə cəsarət etmirdilər. İndi isə hamı edir. Arada olur, saçımın rəngini dəyişdirmişəm. Amma maksimum 1 ay dəyişkən obrazda olmuşam, daha sonra əvvəlki imicimə qayıtmışam. Məndən asılı deyil. Deyirlər ki, sənin saçının öz rəngini görə bilmədik. Öz saçımın nəfəs almağına qoymuram. Elə bil ki, saçım ən həssas yerimdir. Rəng dəyişəndə elə bilirəm ki, Esya yox olacaq.

- İnstaqramda yox idiz, amma yeni səhifə açmısız. Ancaq indi məşhurlar izləmə sayına görə rəqabətə giriblər, instaqramda paylaşımlara görə pul qazanırlar. Tilsimi qırmağa nə vadar etdi?

- İnstaqramda var idim, amma heç nə paylaşmırdım, bağlı idi. Əvvəl isə öz dostlarımımı qəbul edirdim. Sonra isə paylaşmanı dayandırdım. Baxdım ki, insanlar həyatlarını instaqram üzərində qurublar. İndi hansı yerə gedirsənsə, əllərində telefon var. Səmimiyyət itir, belə şeylər bəzi hallarda məni qıcıqlandırır. Bundan əlavə, az da olsa, sevənlərim var. Orada yazırlar ki, nəsə edin, efirə qayıdın. Efirdə qonaq olarkən demişdim ki, yeni layihə üzərində çalışıram. Hamı mənə yazmağa başladı, sevindiklərini dedilər. İnanın, orada çox paylaşım etmirəm. Heç bilmirlər ki, müğənni kimi fəaliyyət göstərirəm. Hər getdiyim yerdən foto paylaşmıram. Onu da deyim ki, tezliklə yeni mahnılarımı təqdim edəcəm.

- Şəxsi həyatınız barədə niyə danışmaq istəmirsiz?

- Şəxsi həyatım barədə çox adam maraqlanır. Niyə həyatım onları maraqlandırır? Bilmirəm. Şəxsən mənə heç kimin həyatı maraqlı deyil. Mənim həyatım mənə aiddir. Heç kəs mənim həyatımla maraqlanmasın. Bu sirrdir, qərarım belədir, həmişə də belə olacaq. Ürəyi yumşaqlığımdan çox istifadə etdilər. Bundan sonra söhbət bağlandı. Təkcə media yox, bütün insanlara bunu aid edirəm. Nə edirəmsə, gözə gəlirəm. Göz yıxan evi heç nə yıxmır. 1 günə hər şey dağıla bilər. Elə olur ki, həyatımda gözəl hadisələr baş verir, paylaşa bilmirəm. Düşünürəm ki, bəzilərinin gözləri mənə problem yaradacaq. Elə insanlar var ki, nigarandılar. Həyatım barədə suallar verirlər. Qısaca, mənimlə çox maraqlanırlar. Yaxşı ki, müəyyən hadisələr oldu, dərs aldım. Heç kəs öz həyatından sığortalanmayıb. Hər şey baş verə bilər. Mən şəxsi həyatım barədə danışmıram. Bu, mənim haqqımdır. Mən belə çox xoşbəxtəm. Şəxsi həyatım heç kəsi maraqlandırmasın. Mənim irəlidə görəcəyim işlərlə maraqlansınlar.

- Deyəsən özünüzü tərifləməkdən çox xoşunuz gəlir.

- Özümü çox sevirəm. İnsan özünə dəyər verməsə, heç kəs dəyər verməz. Məndən bir də dünyaya gələcək? Anam mənə bir dəfə həyat verib. Bu dünyada mənə xoş olanları edirəm. İnsanların sözünə görə addım atmaq istəmirəm.

Elvin Elxan

Fotolar: Nuran