Cümhuriyyətin yubileyinə həsr olunmuş elmi konfrans - Səbaildə

cumhuriyyetin-yubileyine-hesr-olunmus-elmi-konfrans
Oxunma sayı: 1065

Səbail Rayon İcra Hakimiyyəti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransın açılışında çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Xalq Cümhuriyyətinin dünya tarixinin ən demokratik dövlət qurumlarından biri olduğunu söyləyib. Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyən U.Ələkbərov müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. 

Konfransda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu söyləyib. Diqqətə çatdırılıb ki, Cümhuriyyət xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib. 

Konfrans işini bölmə iclaslarında davam etdirib. İclaslarda Cümhuriyyətin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirdiyi tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.