Dağıstan Azərbaycandan üzr istəyəcək - Hacı Murada görə

dagistan-azerbaycandan-uzr-isteyecek
Oxunma sayı: 3925

Dağıstanın nümayəndə heyəti Xunzax rayonunda Hacı Muradın nəşinin qalıqlarının basdırılması ilə əlaqədar Azərbaycana gələcək. Təşəbbüs qrupu Şeyx Şamilin naibinin ilk dəfn yerini müəyyən etmək üçün Qax və Zaqatala rayonlarının sakinləri, icra nümayəndələri ilə görüşəcək.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Lev Tolstoy və Qafqaz-Dağıstan” layihəsinin koordinatoru Camaludin Omarov və “Rusiyanın Qafqaz xalqları konqresi” hərəkatının sədr müavini Denqa Xalidov bildiriblər.

Xatırladaq ki, Hacı Muradın Azərbaycandan gizli şəkildə Dağıstana keçirilən nəşi iyunun 2-də Xunzax rayonunda yenidən basdırılıb. Şeyx Şamilin sağ əli sayılan Hacı Murad 1853-cü ildən öldürüldüyü yerdə - Qax rayonunda dəfn edilib. Naibin Xunzaxda dəfn edilməsi və nəşini Azərbaycandan çxıarılması isə Dumanın Başqırdıstandan olan deputatı Hacımurad Omarovun təşəbbüsü ilə baş tutub.

Yenidən dəfnetmə mərasimi bir sıra suallara səbəb olmuşdu. Hazırda kəlləsi Sankt-Peterburqda saxlanılan Hacı Muradın nəşinin qalıqlarının Azərbaycandan gizli yollarla çıxarılması narazılıqlar yaratmışdı. Qalıqların Azərbaycandan çıxarılması üçün naibin nəslindən olan Maqomed-Arip Hacımuradoğlunun razılığının belə alınmaması birmənalı qarşılanmamışdı.

“Komitə üzvlərimizlə görüş keçirildi. Qalıqların gizli çıxarılmasına görə Hacımurad Omarovun təşəbbüs qrupu tənqid edilsə də, artıq qalıqların yenidən basdırılması faktı qəbul olundu. Bu səbəbdən qalıqların yenidən Azərbaycana qaytarılması bir məna daşımır. Hacı Muradın kəlləsinin alınması və qalıqları ilə birləşdirilməsi üçün çalışacağıq”, - deyə Xalidov bildirib.

Dağıstanın nümayəndə heyəti Azərbaycana iyunun 23-də gələcək.

“Hər şeydən əvvəl Hacımurad Omarovun hərəkətlərinə görə Azərbaycandan üzrxahlıq etmək istəyirik. Aydınlaşdırmağa çalışacağıq ki, onun davranışlarına görə heç kəs günahkar deyil”, - deyə Camaludin Omarov açıqlama verib.

Həmsöhbətlər, həmçinin, qeyd ediblər ki, Hacı Muradın qalıqları gizli yolla tələsik çıxarıldığından onun hələ də sümüklərindən bəzilərinin məzarında olduğunu ehtimal edirlər. Bunun üçün ilkin dəfn olunduğu yer dəqiq müəyyən edilməlidir.