“Dağlar”ın məsul şəxsi haqda hökm dəyişmədi

daglarin-mesul-sexsi-haqda-hokm-deyismedi
Oxunma sayı: 653

Bakı Apellyasiya Məhkəməsində mənzil dələduzluğunda təqsirləndirilən, “Dağlar” MTK-nın məsul şəxsi Vahid Eyvazovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Eyvazov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Eyvazov “Dağlar” MTK-nın rəsmilərinin eyni mənzili bir neçə nəfərə satmaqla külli miqdarda pul mənimsəmələri epizodu üzrə təqsirləndirilir. Baş prokurorluğun yaydığı məlumata görə, “Dağlar” MTK-nın sədri Şahin Əliyev rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla onlara qarşı dələduzluq edib, onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirib.

İstintaq müəyyən edib ki, E.Bağırov “Dağlar” MTK-nın sədri Ş.Əliyevlə əlbir olaraq cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etməklə onlara qarşı dələduzluq edib. O, Ş.Əliyevin sədri olduğu MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi 63 ünvanında yerləşən, Vera Volkovaya satılmış mənzili Yaqub Həbibəyliyə göstərərək 148 min dollara satıb. Əldə olunan məbləği Ş.Əliyevlə öz aralarında bölməklə Yaqub Həbibəyliyə qarşı dələduzluq edib. Daha sonra E.Bağırovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə qərar qəbul edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib, E.Bağırova isə şərti cəza verilib. V.Eyvazov barəsində cinayət işi ayrıca icraata verilib.

Murad Əhməd