Daha bir beynəlxalq yarış Bakıda keçiriləcək

daha-bir-beynelxalq-yaris-bakida-kecirilecek
Oxunma sayı: 666

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ceyhun Kələntərovun ANS PRESS-ə verdiyi məlumata görə, kişilər arasında cüdo üzrə Dünya Kuboku 8-9 oktyabr tarixlərində paytaxtımızda baş tutacaq. Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kubokunun çempionları 100, 2-ci yerin sahibləri 60, üçüncü yerlərin sahibləri 40, 5-ci 20, 7-ci yerin sahibləri isə aktivinə 16 lisenziya xalı yazdıracaq.

Artıq Dünya Kubokunda iştirak etmək üçün 15 ölkə öz iştirakını təsdiqlədib. Ancaq Bakıya gələcək komandaların sayının 20-dək artacağı gözlənilir. Belə ki, iştirakçı komandalar oktyabrın 1-dək öz iştiraklarını təsdiqlədə bilərlər. Dünya Kubokuna qatılacaq komandalar sırasında Ukrayna, Rusiya, Kanada, Latviya, Polşa, Belarus, Tunis, Macarıstan, Tacikistan, İran, Səudiyyə Ərəbistanı, Moldova, Gürcüstan, Serbiya və Böyük Britaniyanın da adına rast gəlinir.

Cüdo üzrə Dünya Kunboku yarışları “Sərhədçi” İdman Olimpiya Komleksində keçiriləcək. Yarışda iştirak edəcək komandamızın heyətinə gəldikdə isə bu məsələ hələ ki, dəqiqləşməyib. Belə ki, cüdoçularımız hazırda İsmayıllı rayonunda təlim-məşq toplanışındadırlar. Təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərmiş cüdoçular baş məşqçi Ağayar Axundzadə tərəfindən Dünya Kubokunda iştirak edəcək heyətə daxil ediləcək. Qeyd edək ki, hər çəki dərəcəsində komandadan maksimum 4 cüdoçu iştirak edə bilər.

Xatırladaq ki, cüdo üzrə Olimpiya Oyunlarına lisenziya verən yarışlar gələn ilin aprel ayınadək davam edəcək. Aprel ayında baş tutacaq Avropa çempionatından sonra London Olimpiadasına lisenziyanı özləri üçün təmin etmiş cüdoçuların adına tam aydınlıq gələcək. Beynəlxalq Cüdo Federasiyasının reqlamentinə görə, dünya reytiqində hər çəki dərəcəsində ilk 22 yeri tutan kişi cüdoçular və ilk 14 yeri tutacaq qadın cüdoçular London Olimpiadasına lisenziya qazanacaqlar.