Daha dörd rayonda aztəminatlı ailələr “Özünədəstək” proqramına cəlb olunub

daha-dord-rayonda-azteminatli-aileler-ozunedestek-proqramina-celb-olunub
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, bununla əlaqədar Ağstafa rayonunda keçirilən tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev “Sosial müqavilə”lər bağlanan ailələrlə görüşündə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların təsərrüfatlarının inkişafına müsbət təsir göstərdiyini, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulayıb.

Asəf Əliyev həmin ailələrə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanaraq, öz təsərrüfatlarını inkişaf etdirməyi tövsiyə edib, onlara bu sahədə uğurlar arzulayıb. Tədbirdə aztəminatlı ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri bu kimi aktiv sosial müdafiə tədbirlərinin işə salınmasını möhtərəm ölkə rəhbərinin aztəminatlı ailələrə diqqət və qayğısının daha bir real nümunəsi olduğunu vurğulayıblar.

Məlumat üçün bildirək ki, bu vaxtadək Tovuz, Masallı, Xaçmaz, İsmayıllı, Bakının Nizami rayonlarında və Sumqayıt şəhərində “Özünədəstək” proqramı icra olunub və layihənin bütün ölkədə tətbiqi nəzərdə tutulur. “Özünədəstək” layihəsinə cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri də iştirak edirlər.

Proqrama əsasən, şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək və səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq istəyən ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləği qabaqcadan birdəfəlik formada ödənilir. Bu məqsədlə ailə və ərazi üzrə Əhalinin sosial müdafiəsi mərkəzi arasında tərəflərin hüquq və vəzifələri qeyd edilən “Sosial müqavilə” imzalanır. Həmçinin ailə məşğul olacağı fəaliyyətlə bağlı “Ailənin fəaliyyət planı”nı hazırlayır və 1 il ərzində həmin planda göstərdiyi öhdəlikləri yerinə yetirir.

Nigar Məmmədli