“Damdayatan Nizam”ın qızının məhkəməsi oldu

damdayatan-nizamin-qizinin-mehkemesi-oldu
Oxunma sayı: 2456

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilən Şəms Səmədovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə baxış iclası baş tutub. 

Polis əməkdaşı Elnur Həsənov şahid qismində ifadə verərək deyib ki, Ş.Səmədovanın evini əvvəlcədən nəzarətə götürüblər: “Həmin əməliyyatdan əvvəl Tural Qasımov adlı bir nəfər narkotiklə saxlanılmışdı. Tural narkotik vasitəni Şəmsdən aldığını demişdi”. 

Təqsirləndirilən Ş.Səmədova isə özünü təqsirli bilmədiyini, polisin əməliyyat keçirdiyi gün xəstəxanada olduğunu deyib. 

Proses noyabrın 21-də davam etdiriləcək. 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üç uşaq anası olan Şəms Səmədova həbs edilib. Əməliyyat zamanı S.Səmədovanın bacısı 32 yaşlı Lamiyə Quliyeva da saxlanılıb. 

Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış bacılar-1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı və 1983-cü il təvəllüdlü Səmədova Şəms Nizam qızına qarşı qaldırılmış cinayət işinin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Bacılar marixuana, heroin, “kokos” (kokain), metamfetamin, “spays” qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar. 

Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.

Murad Əhməd