Damla ilə işiniz olmasın...

Damla ilə işiniz olmasın...
Oxunma sayı: 4147

Azər Qismət

Əgər bilsəm ki, müğənni Damlanın mahnılarını, yaxud onun konsertinə gedənləri dolayanlar opera və balet teatrına gedənlərdir, ya gecələr The night cazz-ın sədaları altında röyaya dalırlar, ya da Ştrausun simfoniyalarını zümzümə edib mətbəxdə soğan soyurlar, bir söz demərəm. Əksər hallarda bunu o kəslər deyir ki, “Can cana”nı musiqi xəzinəmizin şah əsəri sayır, “Bəyaz gecələr”i Gremmi mükafatına layiq görməyi tələb edirlər. Etirafım budur ki, Damlanın mahnıları zövqümə uyğun deyil, ancaq zövq bilib konsertinə gedənləri dolamıram. Ürəkləri istəyirsə, getsinlər.

Biz nəyi bilməliyik və ittiham etməklə nələri itiririk. Biz ittiham etməklə ailələri çörəksiz qoyuruq və böyük industriyanın yaranmasına imkan vermirik. Düşündünüzmü? Söhbət Damladan düşdüsə, elə onun nümunəsində bir az söhbət edək.

Əvvəlcə Damla istedadını duyaraq səsyazma studiyasına üz tutub, səsini yazdırıb, ora xeyir verib. Efir rejissoru qazandı, ailəsinə çörək apardı, dövlətin vergisini verdi. Sonra Damla prodüser tapdı. Nəticədə 2 nəfər qazandı. Ardınca ansambl yarandı, 5 nəfər qazandı. Ümumilikdə 10-15 nəfər evinə çörək apardı. Axı, Damlanın fotolarını çəkmək də lazımdır. Bu yerdə Damla 3-4 fotoqrafa xeyir verdi. Sənət adamlarında adətdir, bir konsertinə 3-4 fotoqraf çağırırlar. Tamam yadımdan çıxmışdı, bəs konsertə getməzdən əvvəl üst-başına əl gəzdirməlidir axı?! Paltar dükanı qazandı, parixmaxer də duasından qalmadı. Bəs, mahnıların klipini kim çəkəcək? Əlbəttə ki, prodakşn. Klipə ayrılan vəsaitdən rejissordan tutmuş işıq ustasına qədər qazanır. Qısa hesablama aparsaq görərik ki, 50-dən çox adam evinə pul apardı. Və səsyazma studiyasından parixmaxerin kassa aparatına qədər vergi verildi. Keçək daha qlobal işlərə. Damla iri konsert salonlarında konsert verir. Nəticədə konsertdən əldə olunan gəlirdən konsert salonunun icarə haqqı ödənilir. Salonun əməkdaşları vaxtında maaşlarını alır və burdan da dövlətə vergi verilir. Deməli, bir Damlanın nümunəsində adamlar və dövlət qazandı. 

Əlbəttə, bu yerdə söylənə bilər ki, Damlanın oxuduğunu bəyənmiriksə, cəmiyyət zövqsüz mahnılarla sirayətlənirsə, kiməsə, nəyəsə xeyri bizə lazım deyil. Bir az səbr etsəniz görərsiniz ki, məsələnin axarında daha yaxşı nəsnələr gəlir.  Elə bu yerdə digər psixoloji aspektlər ortaya çıxır. Neçə il keçir. Damla şöhrətin zirvəsinə yükəslir. Amma keçmiş mahnılarını dinlədikcə bəyənmir. Hər bir yaradıcı adamda belə xüsusiyyət var ki, keçmişdə etdiyinə yeni gözlə baxır və bəyənmir. Onda Damla dünya müğənnilərinə baxacaq və çalışacaq ki, əvvəlki mahnılarından fərqli olaraq sanballı sənət əsərləri ortaya qoysun. Özünə yeni bəstəkarlar tapacaq, yeni klipmeykerlər dəvət edəcək. Üstəlik, rəqs dərsinə də gedəcək. Nəticədə musiqi tarixində özünəməxsus iz qoymaq üçün fəaliyyətində yeni yanaşma mərhələsi başlanacaq. 

Maddi imkanın mərhələləri özü ilə bərabər sivil qayda-qanun da gətirir. Dünənki küçə alverçisi milyonçu olur, bütün keflərdən yararlanır - qadın, narkotika və sair. Sonrakı mərhələ elitar təbəqəyə daxil olmaqdır. O milyonçu artıq əntiq əşyalar, qədim rəsm əsərləri alır, dostları dünyaca tanınmış şəxslər olur. Dünyanın sivil adlandırılan ölkələri ilk başlanğıcı quldurluqla qoyublar. Qonşu ölkələrə qəfil hücumlar və qənimətləri özləri ilə daşımaq. Zaman keçdikcə böyük əraziləri müstəmləkə altında saxlayıblar. İndi özlərini sivil adlandırır, hamının onlardan nümunə götürməsini istəyirlər. 

Dövlətlər kütlənin sevdiyi müğənniləri göydə axtarır. Özünə xeyir vermək üçün. ABŞ hətta bunun üçün “seks simvol” anlayışını da ortaya atıb. Neçə il boyunca bu anlayış ətrafında milyardlar dövr etməkdədir. Əvvəlcə Madonna seks simvol seçildi, daha doğrusu seçdirildi. Bunun üçün KİV müğənnini təbliğ etdi, bəstəkarlar bu işə cəlb olundu, Madonna populyarlıq qazandı, xalq onun konsertlərinə axışdı. Madonna qocalana yaxın yeni seks simvol tapıldı – Britni Spirs. Onu da eyni qayda ilə tanıtdılar. Nəticədə industriya dayanmadı. Hazırda daha yeni simvollar üzərində işlənilir. Damla kimi müğənnilər adamların qazanması üçün çox lazımdır. Baxmırsan baxma, getmirsən getmə. Pultu götür və kanalı dəyiş. Lakin vurma, pisləmə. Məsələyə qlobal yanaş. Damlanı pislə - konsertinə kimsə getməsin. Yazıçını pislə - kitabını kimsə almasın. Bununla yaradıcı adamları baltalayırıq. Dəstək olmasaq da, adamların gözündən salmayaq. Zövqsüzlüyə qalınca, o belə mahnı və filmlərlə formalaşmır. Şəxsin düşüncəsi və dünyagörüşü ilə ölçülür.   
      


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi