Danışan fotoşəkil... -

danisan-fotosekil-
Oxunma sayı: 1640

Başqalarının ötəri nəzər saldığı fotolara saatlarla baxarıq özümüz. Bir film kimi keçər yaddaşımızdan xatirələr. Fotonun çəkildiyi zaman və məkan, həmin vaxt yaşadıqlarımız və nələr, nələr...

Divardan asılmış gümüşü çərçivəli fotoda kitabla dolu böyük, divarboyu mebel, mebelin qarşısında da Südabə xanım və onun nurani anası vardı. Cavandı orda Südabə xanım. Günlərinin xoş keçdiyi, qayğısız olduğu o an bilinir. Gülür. Üzündə, gözlərinin kənarında əsəbdən, qəzəbdən doğan qırışlar yoxdu. Öncə kitab rəfi çəkir diqqətimi. Sonra Südabə xanımın gəncliyi... Ağbirçək ananın üzündəki nura, saflığa baxıram. Qalxıb fotonu gətirir.

Böyük kitabxanası olduğunu, bu mebeli sırf kitabları üçün yığdırdığını deyir. İxtisasca iqtisadçı olsa da ədəbiyyatla nəfəs almasından danışır. Sonra yenə diqqətlə baxır şəkilə. Fikrə gedir. Yol çəkir gözləri. Bu dəqiqə ağlayacağını zənn eləyirəm. Ac adam təzə, ətirli çörək tikəsini tez çeynəyib udan kimi udur qəhərini. Manikürdən ötrü darıxan əlləri əsir qəfildən. “Deyəsən, şəkil korladı əhvalınızı. Belə olacağını bilmədim”,-deyib üzrxahlıq eləyirəm...

Kövrəlməyinin səbəbini açıqlayır: 

“Bu fotoda nə varsa, hamısını itirmişəm. Anamı, gəncliyimi, gözəlliyimi, sevgimi, bətnimdəki iki aylıq körpəni, bax, bu evi, kitabxananı... İndi ruhumdan başqa kimsəm, kirayə evlərdən başqa üz tutacağım ünvan qalmayıb.” Talesiz qadınlardandı. Sevginin toruna düşüb. Xaraktersiz adamla qurub həyatını. Çox keçmədən əri başqa qadını sevdiyini deyib, boşannmaq istədiyini bildirib. Nəyi varsa, alıb əlindən. 

Uşağı da abort elətdirib. Əri, nə vaxtsa boşanacağını düşündüyü üçün mebellərin, məişət əşyalarının görünməyən yerinə yazıbmış ki, filan il, filan tarixdə aldım bunu. Altına da imza atıbmış. Ədalətsiz adamlar həmin vicdansız kişiylə əlbir olub qadını çıxarıblar evdən. Anası dözməyib, ölüb. Bircə kitablarını apara bilib qadın. Daha doğrusu, əri deyib ki, yığ, apar bunları, mənə lazım deyil. Südabə xanım deyir, özümü güclə ələ aldım, az qaldım üzünə tüpürəm o vicdansızın. Amma tərbiyəm imkan vermədi. Tək bunu deyə bildim: “Bunlar sənə lazım olsaydı mən belə vəziyyətə düşməzdim, ay cahil...”

“Qafqazinfo”