“Daş həqiqətlər”

das-heqiqetler
Oxunma sayı: 930

70 yaşlı bir Əyiş sakini ilə söhbətdən sonra bu yazını yazmaya bilmədim.
Yazı erməni məkrinin qurbanı olmuş, cəmi otuz gün yaşamış Əkbərə
və ermənilər tərəfindən öldürülmüş minlərlə azərbaycanlı uşağa ithaf olunur.

Aşot Motevosyan istedadlı olmasa da, alababat yazı-pozu işləri ilə məşğul olan birisi idi, ara-sıra respublika mətbuatında çap olunurdu, əvvəli daşnak olsa da, sovetlər gələndə bolşeviklər tərəfə keçmişdi. Amma yenə də yazılarında millətçi ruhu çox güclü idi, buna görə bir dəfə NKVD əməkdaşları onu çağırıb sorğu-sual eləmişdilər. Amma 1937-ci ildə vəziyyət daha da gərginləşmişdi. Ermənistan rəhbərliyində işləyən yüksək vəzifəli bir yaxın dostu elə bu gün təcili aradan çıxmasa həbs olunacağı haqda Aşota xəbər göndərmişdi, onun həbsinə siyasi qərar artıq verilmişdi. Aşotun arvadı həmin günlərdə doğuş vaxtı ölmüşdü, amma körpə sağ qalmışdı, körpəyə baxacaq bir kimsə olmadığından onsuz da çarəsiz vəziyyətdə olan Aşot indi də hökumətin əlindən qaçmağa məcbur olmuşdu. Çox götür-qoydan sonra təzə anadan olmuş südəmər körpəsini də götürüb, Sisyanda yaşayan qohumlarıgilə gəldi. Orada körpəni əmizdirməyə bir qadın tapdı, bir gün dincəlib Əyişə, bacısı Anikonun yanına getmək üçün yola çıxdı. Kənddə çox adamın Anıx deyə çağırdığı Aniko Əyişdə yaşayan iki ermənidən biri idi, bir azərbaycanlı ilə ailə qurmuşdu, dediyinə görə müsəlmanlığı da qəbul eləmişdi. Amma tez-tez kənddəki baxımsız qalmış alban kilsəsinə gedərdi. Onun ora nə üçün getməsi kimsəni maraqlandırmazdı. Anikonu uşaqdan böyüyə kənddə hamı tanıyırdı. Səhər açılanda xoruzların banlaması kəsdikdən sonra hələ də yatanları Anikonun səsi oyadardı. Hər səhər eyvana çıxar, cır səslə bildiyi bir neçə Azərbaycan və erməni mahnısı oxuduqdan sonra iş-gücünün dalınca gedərdi.

Aşotun fikri uşağı Anikonun yanında qoyub sərhəddən İrana keçmək idi.

Aşot Əyişə gecə çatmağı planlaşdırırdı. O, kənddə heç kəslə qarşılaşmaq istəmirdi. Bunun da səbəbləri vardı…

Aşot əslən Əyiş ermənisi idi. 1918-20-ci illərdə Naxçıvan bölgəsində və ətrafında hadisələr çox sürətlə cərəyan edirdi. Qısa müddətdə qanlı savaşlarla müşayiət olunan və bir neçə dəfə əldən-ələ keçən bu bölgədə baş verən hadisələrdə ən çox əziyyət çəkən və itki verən bölgənin yerli türk əhalisi idi.

Rusların geri çəkilməsindən sonra silahlarını ermənilərə buraxması onlara nizami ordu yaradıb Naxçıvanı işğal eləməsinə şərait yaratdı. Yaranan şəraitdən istifadə edən ermənilər Andronikin başçılığı ilə bölgədəki türk əhalisini qətliama məruz qoydu, kəndləri yandırdı, əmlaklarını isə taladı. Türklərin tam məhv olmasının qarşısını almaq üçün Osmanlı hökuməti 3-cü ordu komandanlığına lazımi tədbirlər görmək üçün səlahiyyət verdi. 19 iyulda Naxçıvan üzərinə yürüyən türklər ermənilərin 3500 nəfərlik qüvvəsinin müqavimətini qırıb 20 iyulda Naxçıvana girdi. Andronikin dəstəsindən salamat qalanlar şərqə doğru geri çəkildilər. Beləliklə, Naxçıvan Osmanlı ərazisinə qatıldı, Naxçıvanın azad olmasında müstəsna xidmətləri olan Kazım Karabəkir Paşa qərargahı Naxçıvana köçürdü. Əhalinin sevinci uzun sürmədi, xarici qüvvələrin təzyiqi altında Osmanlı hökumətinin hərbi qüvvələrini 1914-cü il hüdudlarına çəkməyə məcbur olması 1918-ci ilin sonunda ərazinin müdafiəsiz qalması ilə nəticələndi. Yerli əhali məcbur olub özü təşkilatlanmağa və öz idarəetmə qurumlarını yaratmağa başladı.

Bölgə qısa müddət ərzində əvvəlcə Araz Türk Hökuməti, sonralar Milli Şura Hökuməti, 1919-cu ilin yanvar ayında düzənlənən Ərdahan konqresindən sonra isə Cənub-Qərbi Qafqaz Hökuməti adlandırılmağa başladı. Hökumət əhalinin təhlükəsizliyini təmin eləmək üçün ciddi tədbirlər gördü. Bu durumdan narahat olan bölgədəki ingilis qüvvələri komandanı Tomsonun 27-ci ingilis ordusuna verdiyi təlimatla yerli hökumət ləğv edilməli, hökumət və parlament üzvləri sürgün olunmalı, bölgə Ermənistanın idarəçiliyinə keçməli idi

. Bu qərardan sonra 12 aprel 1919-cu ildə Qarsdan gələn əlavə ingilis qüvvələri hesabına parlament üzvləri və qabaqcıl ziyalılar həbs olunub Tiflis və İstanbul üzərindən Maltaya sürgün edildilər. Hadisələrin belə gedişi ilə razılaşmayan və Batum-Naxçıvan zolağında yaşayan türk əhali məhəlli şura hökumətləri qurmağa başladılar. Naxçıvan Şurası Naxçıvan, Ordubad, Culfa və Şahtaxtının bir hissəsində vəziyyətə nəzarət edirdi.

İngilislərin yardımı və general Dro ilə Mışığ Aveteryanın rəhbərliyi ilə 6 min nəfərlik ordu Naxçıvan üzərinə yürüdü. Yol boyu bütün türk əhalini məhv edib kəndləri yandıran erməni dəstələri Şərur və Zəngəzurun müxtəlif məntəqələrində ciddi müqavimətlə rastlaşsalar da, may ayının 24-də Naxçıvanı yenidən işğal elədilər.

Aşot və qardaşı Samvel iki il öncə kəndi tərk edib erməni dəstələrinə qoşulmuşdular. Sonra onlara üçüncü qardaşları - uşaqlıqdan Eçmiədzin kilsəsinə gedib orda rahiblik edən və oradan qaçan Minas da qoşulmuşdu. Qardaşlar bu ordunun tərkibində yerli türklərə divan tutarkən xüsusi qəddarlıq göstərirdi...

Əyişə silahlı dəstəsi ilə girən Aşot kəndin köməksiz qalmış əhalisinə divan tutmuş, keçmişdən kənddə kimlərdə heyfi qalmışdısa, şəxsən özü həmin adamları işgəncə ilə öldürmüşdü.

Canını ermənilərin qırğınından qurtarmağa nail olan kə

nd əhalisinin yerdə qalan hissəsi dağlara qaçaraq, Türkiyədən gələcək köməyi gözləyirdilər. Gözlədikləri kömək Yenicəli Hacı Cabbarın başçılığı altında iyulun 17-də Naxçıvan həndəvərinə çatdı, əhali onları bir xilaskar kimi qarşıladı. Sonra komandanlıq tərəfindən Yüzbaşı Xəlil bəy Naxçıvana, Kəlbəli xan Naxçıvan ətrafına, Ədip bəy Ordubada, Hacı bəy isə Şərura komandan təyin olundu. 19-20 iyulda Hacı Cabbarın və Abbasqulu bəyin başçılığı altında 2000 nəfərlik süvari və piyada ermənilərin çox böyük canlı qüvvəsinin cəmləşdiyi Yenicə stansiyasına basqın elədi və ermənilər ağır məğlubiyyətə uğradıldı. Ermənilərdən ölən öldü, qalan iki yüz nəfər əsir düşdü.

Bu döyüşdə Aşotun qardaşı Minas öldürüldü, Samvellə Aşot isə əsir düşdülər. Şahtaxtıda bir ay saxlanılan əsirlər sonradan amerikanların vasitəçiliyi ilə Ermənistana təhvil verildi. Bu məğlubiyyətdən sonra erməni qüvvələrinin bir hissəsi geri çəkildi, bir hissəsini də qələbədən ruhlanan türk qüvvələri sıxışdırıb çıxardı. Beləcə, Naxçıvan yenidən azad oldu.

Ermənistanda sovet hakimiyyəti qurulandan sonra Aşot bolşeviklərin tərəfinə keçdi, silahını isə qələmlə əvəzləyib yazı-pozu işləri ilə məşğul olmağa başladı...

Aşot yolboyu keçmişdə olanları düşünür, bu məğlubiyyətin acısını heç cür unuda bilmirdi. Kimsənin onu tanımasından çəkindiyindən kəndə gecə girirdi. Qanlı hadisələrdən çox da keçməmişdi, Aşotun qəddarlıqla törətdiyi cinayətlərin kənddə xeyli şahidi vardı. Aşot onlarla qarşılaşmaqdan və tanınmağından bərk qorxurdu.

Qış olmasına baxmayaraq, hava xoş idi, Əyişə düşündüyündən də tez çatdı və atı Anikonun qapısına sürdü. Görüşdükdən sonra başına gələnləri və planlarını qısaca Anikoya danışdı.

Körpə ac olduğu üçün yolboyu xeyli ağlayıb yuxuya getsə də, kəndə çatandan yenə ağlamağa başlamışdı. Aşot əvvəlcə uşağı əmizdirə biləcək kiminsə olmasını soruşanda Aniko dedi ki, qonşuda Səkinə var, təzə oğlu olub, heç qırxı da çıxmayıb, apararıq uşağı yedizdirər. Onun da əri Bakıya gedib, hələ bir aya qayıdasıdı. Amma körpə möhkəm xəstədi, Səkinə yazıq da qorxur ki, uşağın başına bir iş gəlsə, Nəsirə nə cavab verəcək. Nəsir çox sərt adamdı, yazıq Səkinə, uşağa bir şey olsa arvadı öldürər.

Bu sözləri eşitcək Aşotun gözləri parıldadı, elə bil bayaqdan fikir dəryasına qərq olan o deyildi. Onun yadına ququ (ruslar “kukuşka” deyir) quşlarının həyat tərzi haqda nə vaxtsa oxuduqları düşdü. Ququ quşları əziyyət çəkib günlərlə öz yumurtasının üstündə yataraq balalarının çıxmasını gözləmirlər. Onlar özlərindən iki-üç dəfə kiçik quşların yuvalarındakı yumurtalardan birini yerə atır ki, ev sahibi quş yumurtaların sayının dəyişməsini başa düşməsin. Sonra da yerində özünün oxşar yumurtasını qoyur. Bu proses cəmi on-on beş saniyəyə başa gəlir. Zavallı ev sahibi quşlar günlərlə ac-susuz o yumurtaların üstündə yatıb balanın çıxmasını gözləyirlər. Amma ququ quşu yumu

rtalarından balaların çıxması digər quşlara nisbətən bir-iki gün tez baş verir. Yeni dünyaya göz açan ququ quşu balası yumurtadan çıxan gün yanındakı digər yumurtaları özünəməxsus üsulla kürəyi üzərinə qaldırır və yerə atır. Valideynlik edən quşlar heç nə başa düşməyib yeganə sağ qalan balanı bəsləməyə başlayırlar. Ququ quşları kifayət qədər böyük olduğundan maraqlı vəziyyət yaranır: boyca balaca valideynlər özlərindən dəfələrlə böyük olan balanı yemləməkdə davam edirlər. Beləcə, bu parazit quş böyüyüb yuvanı tərk edir, növbəti həyat tsikli eynilə təkrar olunur...

- Belə isə işlərimiz düzəldi, deyə Aşot irişdi.

Aniko heç nə anlamayıb təəccüblə Aşota baxdı.

- Bacı, ağlıma bir fikir gəldi, uşağı verərik elə Səkinə saxlayar, mən də rahat gedərəm.

- Axı Səkinənin öz uşağı...

Aşot Anikonun sözünü kəsdi:

- Sən anlamadın, gedirik onlara, Səkinənin başı qarışanda uşağı boğursan, bu qadın ərinin qorxusundan uşaqdan çox özünün hayında olacaq. Biz də onu inandırarıq, bizim uşağı götürər. Onun başqa yolu qalmayacaq, bizimlə razılaşacaq. Onun da işi düzələr, bizim də. Bu fikir Anikonun ağlına batdı və birlikdə qonşularıgilə yollandılar.

* * *

Körpə Əkbər qızdırma içində yanırdı. Hələ qırxı çıxmamış bu uşağın başına bir iş gəlsə, atasına nə cavab verəcəkdi. Nəsir çox sərt adam idi. Səfərə çıxmazdan öncə arvada uşağı bərk-bərk əmanətləmiş, "uşağa bir şey olsa özünü ölmüş bil" deyib getmişdi.

Anası uşağı təzəcə bələyinə büküb yerinə uzatmışdı ki, qapı bərk döyüldü. Qapının döyülməsi Səkinəni təəccübləndirdi, gecənin bu vaxtı kim ola, deyə öz-özünə sual verdi. Əri də evdə yoxdu, hələ iyirmi gündən sonra qayıdasıydı. Anikonun, qonşuda yaşayan erməni qadının səsini eşidib toxtadı, Aniko bu evə tez-tez gəlib gedərdi. Qapını açdıqda Anikonun qucağında nimdaş əskiyə bükülü körpə və yanında bəstəboy, qırmızıyanaq, dombagöz, başı birbaşa çiyninə bitişmiş, boynu heç elə bil yoxmuş kimi 40-45 yaşlarında bir kişi gördükdə təəccübdən yerində dondu. Aniko, - qorxma - dedi və ev sahibi kimi qapını açıb yanındakını içəri dəvət elədi. Səkinənin heykəl kəsməsini görən Aniko dilləndi:

- Niyə qapının ağzında qaldın, qorxma, bu gələn mənim qardaşım Aşotdu, bu da onun körpə oğlu. Yerevandan gəlib.

- Bəs uşağın anası hanı, - deyə Səkinə dilləndi.

- Bacı, qardaşımın dərdi böyükdü, - Aniko nəql eləməyə başladı. - Arvadı uşaq üstə tələf olandan sonra qohum-əqrəba bir neçə gün uşağa baxıblar. Bu gün məcbur olub bura gəlib, burdan İrana keçəcək. Oradan da Avropaya. İndi uşaq acdır, sən Allah bu uşağı əmizdir, bir az rahatlansın. Səkinə uşağı alıb iç otağa keçdi, bayaqdan səsini kəsməyən körpə acgözlüklə əmməyə başladı. Səkinə uşağı rahatlayıb qonaqların yanına qayıtdı.

- Bəs uşağı neyləyəcəksiniz? – deyə Səkinə soruşdu.

- Heç bilmirəm necə edək, hələ ki mənim yanımda qalar, sən də olarsan süd anası, sonrasına baxarıq, deyə Aniko dilləndi. –Bəs Əkbər necədi, qızdırması endimi?

- Yox, od içində yanır, ona bir şey olsa, onda gərək mən özüm özümü öldürəm, onsuz da oğluna bir şey olarsa Nəsir məni öldürər, gedəndə əmanətləyib gedib.

Səkinə içəridə sobaya atmağa odun qalmadığını görüb, odun dalınca çölə çıxdı.

Aşot tələsik Anikoya:

- Vaxtımız yoxdu, mən bu gecə buranı tərk eləməliyəm, tez ol, danışdığımız kimi.

Aniko ani fikirləşib balaca Əkbərin yatağına yaxınlaşdı, yorğanın ucu ilə körpənin ağzını bir xeyli müddət tutub nəfəs almağa qoymadı. Qapı cırıltısını eşidib tez yerinə qayıtdı.

Səkinə qucağındakı odunu sobanın yanına tökdü, bir-ikisini sobanın içinə atdı. Çaydanı su ilə doldurub sobanın üzərinə qoydu.

Bir az ordan-burdan söhbət elədilər, sonra Səkinə yerindən durub Əkbərin yatağına yaxınlaşdı. Əlini körpənin alnına qoydu, ona elə gəldi ki, qızdırma düşüb, bir anlığa sevindi, sonra əyilib diqqətlə körpəyə baxdı. Körpənin nəfəs almadığını anlayan Səkinə tez uşağı qucağına aldı, silkələyib qulağını uşağın ağzına dirədi, nəfəs almadığına əmin olduqda ondan çıxan dəhşətli qışqırıq səsi qonaqları da diksindirdi, baxmayaraq ki, belə bir vəziyyətin olacağını gözləyirdilər.

- Ölüb! Ölüb! –deyə Səkinə çığıraraq ağlamağa başladı. Aniko uşağı ondan alıb çarpayıya uzatdı və Səkinəni ovundurmağa çalışdı. Bir müddət çaşqınlıq içində ağladıqdan sonra Səkinə bir az sakitləşdi. Aniko fincanı su ilə doldurub ona içirdi.

- Nəsir qayıdanda məni öldürəcək, mən başıma haranın daşını salım? – deyib, Səkinə yenidən zarımağa başladı.

Aşot isə bu mənzərəni sakitcə seyr edir, sevincini büruzə vermirdi. Hər şey düşünüldüyü kimi davam edirdi.

Aniko Səkinəni yanında oturdub canı yanırmış kimi bir az ağlamsındı. Sonra başladı ona toxtaqlıq verməyə, olacağa çarə olmadığı, onun da qismətinin belə olması haqda uzun-uzadı söhbətlər eləməyə. Səkinə sanki körpənin ölməsi ilə razılaşmış və bir az sakitləşmişdi. Amma əri gələndə ona nə cavab verəcəyini təsəvvürünə gətirəndə onu dəhşət bürüdü, yenidən hıçqırmağa başladı:

- Nəsirə nə cavab verəcəm?

Aniko yenidən onu sakitləşdirməyə başladı:

- Sən heç qorxma, elə bizim bu uşağı saxlayarıq Əkbərin yerində, elə bilərsən heç körpən ölməyib. Onsuz da qardaşım birdəfəlik çıxıb gedir və heç vaxt bura qayıdası deyil. Bu məsələni məndən başqa kimsə bilməyəcək. Heç ərin də baş tapmaz, bu da oğlan uşağıdı, mənim də gözüm həmişə uşağın üstündə olacaq, köməkləşib böyüdərik, həm sənin balan olar, həm də mənim.

- Bəs bunu neyniyək? - Səkinə ölmüş körpəsini göstərdi.

- Aşot elə bu gecə atlanıb Arazı keçəcək, özü ilə götürüb münasib yerdə basdırar.

Səkinə bir xeyli tərəddüd elədikdən sonra Nəsirin qorxusundan razılaşdı.

Aşot ürəyində bərk sevinsə də, özünü o yerə qoymurdu. O, bilirdi ki, bir daha geriyə qayıda bilməyəcək, amma yeganə övladı etibarlı əllərdə qalır, Aniko həm uşağa muğayat olacaq, həm də zamanı gələndə ona kimin oğlu olduğunu deyəcəkdi.

Artıq gecə yarını keçmişdi, danışdıqları kimi körpənin meyitini bir əskiyə bükdülər. Aşot Anikonu bir tərəfə çəkdi, cibindən bir dəstə kağız və pul çıxarıb, ona uzatdı:

- Bunlar mənə aid sənədlərdi, bilirəm mənim bir daha bura qayıtmağım möcüzə olardı. Əgər oğlum sağ-salamat qalsa, ağlı kəsən vaxtlarda bu sənədləri ona ver və onun kim olduğunu söylə. O mənim oğlumdursa, böyüyəndə mütləq məni axtaracaq.

Aşot atlandı, körpənin meyitini qucağına götürüb, Araza tərəf yola düşdü. Kənddən bir xeyli aralandıqdan sonra meyitini əskilərdən azad eləyib, xəndəyə tulladı. Bir müddət nifrətlə arxasınca baxdı, sonra yoluna davam elədi, bir az gedəndən sonra əskiləri də büküb, bir kolluğa atdı. Elə bil üstündən bir ağır yük götürüldü. İşıqlanmamış Araza çatdı, əvvəlcədən nəzərdə tutduğu, yaxşı qorunmayan bir yerdən çayı keçdi...

***

Balaca Əkbər bütün digər müharibə dövrünün uşaqları kimi çətinliklə, yarı ac - yarı tox böyüyürdü. Amma nədənsə öz tay-tuşlarına heç cür yovuşa bilmirdi, tez-tez uşaqlarla dalaşır, həmişə cığallıq edir, özünü hamıdan üstün sayırdı. Elə bu xüsusiyyətinə görə uşaqlar onu tez-tez əzişdirirdilər, o da gücü çatmadığından həmişə daşa cumur, onu döyüb qaçan uşaqları daşa basırdı. Belə vaxtlarda həmişə Aniko onu müdafiə edir, onun üstündə o biri uşaqların valideynləri ilə dalaşırdı. Elə buna görə Əkbərlə kimsə dalaşanda "erməni köpəyoğlu" deyirdilər, o da bu sözlərə görə bərk cırnasa da, "erməni olanda nə olar, burda nə var kı", deyə özünü sındırmazdı. Əkbər Anikoya o qədər mehrini salmışdı ki, bir çətinliyi olanda həmişə ona deyir, uşaqlarla dalaşıb döyüləndə onun üstünə qaçırdı. Tay-tuşları ilə yola gedə bilmədiyinə görə həmişə ətrafına, onu əhatə edən mühitə nifrət edir, məktəbi qurtaracağı günü səbirsizliklə gözləyirdi. Onun fikri oxuyub bir yüksək məqama çatmaq və ətrafdakılardan üstünlüyünü sübut eləmək idi. Orta məktəbi qurtarıb Azərbaycan Dövlət Universitetinə qəbul olanda sevincinin həddi-hüdudu yox idi. Tələbə biletini alıb kəndə qayıdanda evlərinə dönməmiş əvvəlcə gedib Anikoya göstərmişdi tələbə biletini, sonra öz evlərinə getmişdi.

Əkbər birinci kursu bitirib yay tətilinə kəndə gələndən sonra, bir gün Aniko onu evinə qonaq çağırdı, amma vacib söhbəti olduğu üçün tək gəlməyini istədi. Əkbər həmişə getdiyi ev olduğu üçün bu çağırış ona adi gəldi. Aniko ona çay süzdükdən sonra köhnə sandıqdan çıxardığı bir dəstə kağızı Əkbərin qabağına qoydu və aram-aram körpə vaxtı baş verən hadisələri xırdalığına qədər olduğu kimi danışdı.

- Mən sənin bibinəm, bu sənədlər də sənin atandan qalıb, bəlkə də sağdı, heç bir məlumatımız yoxdu. O, Ermənistanda tanınan yazıçı idi, sovet hökumətinin əlindən qaçdı. İrandan Avropa ölkələrindən birinə keçmək fikri var idi, indi harada olduğunu bir allah bilir.

- Ola bilməz! – Əkbər yüksək səslə dilləndi.

Aniko kağızları ona uzatdı:

- Bunlar sənin atana aid sənədlərdi, al bax. Əkbər kağızları əlinin dalı ilə geri itələdi:

- Mən atamı da, anamı da tanıyıram!

Aniko kağızların içindən bir neçə fotoşəkil çıxarıb Əkbərə uzatdı: - Gör atana necə də bənzəyirsən, elə bil bir almadı, iki yerə bölmüsən.

Əkbər şəkillərə diqqətlə baxdı, gördü doğrudan da ona çox bənzəyir, sanki əlindəki özünün şəkilləridi.

- İndi mənə hər şey aydın oldu, - asta səslə Əkbər dilləndi.

- Amma bu sənədləri sənin saxlamağa imkanın olmayacaq, onlarla tanış ol və qaytar mənə. Mən bu kağızları kəndin yuxarısındakı kilsənin içində girişdəki böyük daşın altında gizləyəcəm, mənə bir şey olarsa oradan özün götürərsən. Sağ qalsam, vaxtı gələndə sənə qaytararam.

Əkbərin əlləri əsdi. İndi dərk eləməyə başladı ki, niyə özünü ətrafdakıların içində yad kimi hiss edir, heç kəsə yovuşa bilmir, bir çətinliyi də olanda onu hamıdan çox Aniko müdafiə edir.

Birdən hər ikisi nə hiss elədisə, nəzərləri qapı ağzındakı maddım-maddım onlara baxan qonşunun on-on bir yaşlı uşağına yönəldi.

- Əkbər, anan səni axtarır, - bir az duruxduqdan sonra oğlan dilləndi.

- Bircə sən çatmırdın, - deyə Aniko acıqla dilləndi və ortalıqdakı kağızları cəld yığışırdı.

Əkbər bu eşitdiklərindən uzun müddət özündə olmadı, içində bir təbəddülat vardı, artıq öz ailə üzvlərinə öz doğmaları kimi baxa bilmirdi. Evə gələndən iki gün sonra Bakıya qayıtmalı olduğunu söyləyəndə hamı təəccübləndi, yay tətili təzə başlayıb, bütün tələbələr yayı kənddə keçirirlər, bu isə geri qayıdır. Amma o Bakıya qayıtdı, tənhalığa çəkilmək, öz keçmişi və gələcəyi haqqında uzun-uzadı düşünmək, götür-qoy eləmək üçün...

***

İmtahanları qurtarıb kəndə gələndə Əkbər həmişə tay-tuşları ilə dalaşıb geriyə qayıdardı. Bir dəfə belə vaxtlardan birində uşaqlıq dostları Bəbiş və Cəmil Əkbərə dedilər ki, Anikonun əri öləndən sonra kəndin cavanları onun yanına tez-tez gedirlər. Aniko ilə aramız yaxşıdı, istəyirsən bu gün səni aparaq, gecəni onunla keçirərsən, bizim xətrimizə imtina eləməz.

Dostların heç ağlına da gəlməzdi ki, Əkbərə bibisinin yanına getmək təklif edirlər.

Əkbər qızarıb pörtdü:

- Utanmırsınız? Tanımırsınız, o necə təmiz və namuslu qadındı?

Dostlar gülüşdü:

- Biz tanıyırıq, sən tanımırsan. Aparaq bir gecə yanında qal və namusuna özün əmin ol. Biz onun təmizliyinə və namusuna şəxsən əmin olmuşuq. Sağ olsun Anıxı, kəndin subaylarını darıxmağa qoymur.

- Bu da Aykanuşun nəvəsi Lyusik deyil, gedib alt paltarını oğurlayasınız, vicdansızlar, - deyə Əkbər onları məzəmmətlədi.

- Əkbər, sən ya fil qulağında yatmısan, ya özünü bilməməzliyə qoyursan, - deyə Bəbiş dilləndi. - Guya sən bilmirdin ki, hər gün Lyusik şəkil çəkmək adı ilə kilsənin yanına çıxır, orda da gündə bir oğlanla mazaxlaşırdı? Bir dəfə biz qoyun otarmaqdan gəlirdik, itlər hürüşə-hürüşə köhnə kilsə tərəfə cumanda əvvəl kilsədən Lyusik, sonra da Məmişin oğlu Araz çıxdı. Lyusik itlərin qorxusundan çığıra-çığıra üzü aşağı qaçmağa başladı, Araz nə qədər “qorxma, bu itlər sənə dəyməz”, desə də, Lyusik onu eşitmədi. Araz gördü ki, qız daş-qayanın arasında yıxılacaq, özü də onun dalınca qaçdı. Bizi maraq götürdü, kilsəyə girəndə Lyusikin alt paltarının orda qaldığını gördük. Cəmil götürmək istəmirdi, mən götürüb kəndə gətirdim ki, hamı görsün bu rəssam qız nə ilə məşğuldu. Sənə də ayıb olsun, neçə ilin dostu idik, bir erməni qancığına görə kəndin ortasında bizlə dalaşdın.

- Qancıq özünüzün ana-bacılarınızdı, - deyə Əkbər acıqla dilləndi. Sözünün ardını gətirə bilmədi, Bəbişin yumruğunun ağzının üstündən dəyməyi ilə Əkbərin yerə uzanmağı bir oldu. Cəmil güclə Əkbəri Bəbişin əlindən aldı, dartıb yaxınlıqdakı bulaqda üzünü yuyub evlərinə yola saldı. Sabahı günü Əkbər evdə heç bir izah vermədən növbəti dəfə tətilini yarımçıq qoyub, Bakıya qayıtdı.

***

Moskvada gələcək şair və yazıçıların oxuduğu məşhur institutda oxuyanda Əkbərin bütün millətlərin istedadlı gəncləri ilə ünsiyyət qurmaq imkanı olsa da, əsasən ermənilərlə münasibətdə olur, onlarla durub otururdu. O dövr üçün belə bir davranış heç kəs üçün qeyri-adi deyildi, çoxları elə hesab edirdi ki, bir xalq var, - o da sovet xalqıdı. Əkbərin həmin vaxtlar kitabxanalarda ən çox oxuduğu kitablar isə erməni müəlliflərin Ermənistan tarixi haqda yazdıqları kitablar idi. Amma o özünün erməni olmasını kimsəyə açıb deyə bilmirdi, buna aid heç bir sübutu da yox idi. Ətrafındakı ermənilər üçün o sünnət olunmuş bir türk idi. Amma günlərin birində onun həyatını dəyişən bir hadisə baş verdi. Təhlükəsizlik Komitəsinin institut üzrə kuratoru onunla söhbət edərkən özünün Bakı ermənisi olduğunu bildirdi. Bu gənc çekistin söhbətləri Əkbərdə ona qarşı bir rəğbət hissi oyatdı. Çox düşünüb-daşındıqdan sonra bir gün Əkbər özünün həyatını və əslində kimin oğlu olmasını ona danışmaq qərarına gəldi. Bu məlumatlar gənc çekist üçün göydən düşmə idi. Əkbərə bu barədə bir də kimsəyə bir söz söyləməməsini tapşırdı və atası haqqında arxiv məlumatlarının tapılmasında ona kömək eləməyə söz verdi. Növbəti görüşlərdə, söz verdiyi kimi, atası haqqında bir çox məlumatlarla onu tanış elədikdən sonra bir daha kimsənin bu haqda bilməməsini tapşırıb, “sən bizə azərbaycanlı kimi daha çox lazım olacaqsan” - söyləmişdı. Bakıya qayıtdıqdan sonra ona komitə tərəfindən həmişə kömək olacağını vəd eləmişdi.

Doğrudan da Bakıya qayıdan Əkbərin baş gicəlləndirici karyerası başladı. Sanki ona bir gözəgörünməz əl hamilik edir, həmişə qabağa dartırdı. Çox böyük bir təşkilatda otuz bir yaşında rəhbər olmaq kimsənin ağlına da gəlməzdi, amma bu işi ona etibar elədilər. Moskvada çap olunan çox məşhur jurnalın redaksiya heyətində təmsil olunmaq da onun öz hünəri deyildi. Bundan sonra daha yüksək vəzifələr, adlar, titullar bir-birini əvəz edirdi. Artıq o Mayılov Əkbər yox, Əkbər Əyişli idi, respublikada hamı onu tanıyırdı. Təxəllüsü doğulduğu yox, böyüdüyü kəndin adı ilə bağlı idi.

Beləcə, keçən illər ərzində Əkbər həm də yaradıcılıqla məşğul olur, respublika mətbuatında tez-tez dərc olunurdu. Əsərlərində dilinin şirinliyi, müxtəlif ədəbi fəndlərdən məharətlə istifadə eləməsi arxasınca böyük pərəstişkar kütləsinin yaranmasına səbəb olmuşdu.

***

1988-ci ildə növbəti Moskva səfərlərinin birində Əkbəri Dövlət Təhlükəsizlik Komitəsinə söhbətə dəvət elədilər. Komitədəki mühüm idarələrdən birinin rəisinin qəbuluna girəndə gözlərinə inana bilmədi. Bu general cavanlıqda onunla görüşən gənc çekist, Bakı ermənisi olan Sarkisov idi. Köhnə tanışlar kimi səmimi görüşüb xeyli söhbət elədilər. Əkbər uzun zamandı onu narahat eləyən bir məsələ haqqında ürəyini açdı: mən daha dözə bilmirəm, öz kimliyimi, erməni olduğumu gizlətmək mənim üçün çox çətindi, çoox... Özüm haqqımda, erməni olduğum haqqında yüksək səslə demək istəyirəm... Mən öləndə də erməni kimi ölmək istəyirəm! Bu qədim millətin övladı olduğum üçün fəxr edirəm!

Danışdıqca qızışmağa başlayan Əkbəri general sakitləşdirməyə çalışdı:

- Narahat olma, vaxtı çatanda deyəcəksən. Biz böyük tarixi dəyişikliklərin astanasındayıq. Bu dəyişikliklər erməni xalqının tarixində mühüm rol oynayacaq. Sənin də öz xalqına xidmət eləmək imkanın olacaq. Sənin bizim üçün ən böyük üstünlüyün hamının səni türk hesab eləməsidi. Günlərin birində bu amil sənə də, bizə də kömək edəcək. Bir də yadında yaxşı saxla, belə məsələlər özfəaliyyəti sevmir, vaxtlı-vaxtında sən lazım olam təlimatları alacaqsan.

***

Qarabağ hadisələrinin başlanmasından sonrakı dövrlərdə demək olar ki, bütün ziyalılar bir azərbaycanlı kimi bu məsələdə xalqının haqlı mövqeyini müdafiə edirdilər və bu, təbii idi. Amma Əkbər üçün bu barədə mövqe bildirmək çox çətin idi. O özünü nə Azərbaycan tərəfdarı, nə də erməni tərəfdarı kimi göstərə bilmirdi, birincilərin mövqeyi ilə razı deyildi, ikincilərin mövqeyini müdafiə eləmək real olmadığı üçün belə məsələlərdə ya münasibət bildirmir, ya da diplomatlar kimi elə danışırdı, nə demək istədiyi aydın olmurdu. Bütün bunları ört-basdır eləmək üçün özünü daha çox şıltaq ziyalı kimi aparırdı, siyasi məsələlərlə yox, yaradıcılıqla məşğul olduğunu deyirdi. Bütün bu keyfiyyətləri hətta ona ali seçkili orqanda təmsil olmağa da mane ola bilmədi.

***

1989-cu ilin dekabr ayı idi. İş vaxtı Əkbərə xəbər verdilər ki, uşaqlıq dostu Cəmil onu görmək istəyir. Cəmil heç vaxt kənddən qırağa çıxmazdı, elə uşaq vaxtlardan çobanlıqla məşğul olurdu. Ona görə onun Əkbəri axtarması ona maraqlı gəldi. Həm də düşündü ki, çoxdandı kəndə getmir, kənddən hal-əhval tutar.

Katibəyə səsləndi:

- Ay qız, mənim yanıma gələn kişini içəri burax.

İçəri girən Cəmilin üzündə bir təlaş olduğundan, hiss olunurdu ki, nə isə ciddi problemi var. Əkbər yeddi il bir sinifdə oxuduğu uşaqlıq dostunu mehriban qarşıladı.

- Xeyir ola Cəmil, sən hara, Bakı hara?

- Oğlumu evləndirəndən sonra başım qalmaqaldan səngimir. Gəlinim oğlumla yol getmir, o gün də bıçaqla ora-burasını cızıb qan çıxarıb, sonra da milisə qaçıb ki, ərim məni öldürürdü, zorla əlindən çıxmışam. Milislər də gəlib oğlumu aparıblar, üç gündü içəridədi. Əlim heç yana çatmadı, dedim gəlim sənin yanına, sənin hörmətin çoxdu, rəisin də sənə hörməti var, rayona bir zəng vursan hər şey həll olar.

- Narahat olma, sən hər gün mənim yanıma gələn deyilsən. Bir şey fikirləşərik.
Əkbər telefonu götürüb, Ordubad rayon milis idarəsinin rəisi ilə calaşdırmağı xahiş elədi.

- Söylə görək kənddə nə var nə yox?

- Hər şey necə qoyub gəlmisən eləcədi. Bu günlərdə Aniko gəbərdi.

- Nə dedin?

- Anıxı deyirəm də, öldü. Kənddə hamı elə bilirdi ki, Anıx müsəlmanlığı qəbul eləyib, sən demə, altmış ildi bu gavur camaatı aldadırmış, ağır olanda yanına gedən qadınlara deyib ki, mən müsəlman-zad deyiləm. Sizin ağlınızı kəsdirirdim. Mən öləndən sonra üstümə molla-zad da gətirməyin, özümü də elə kilsənin içindəcə basdırarsınız.

Aniko Əkbərin yaralı yeri idi. Cəmilin “gəbərdi” kəlməsi elə bil ki, Əkbərin yarasına duz basdı. O kənddə Əkbər üçün Anikodan əziz adam yoxdu. Heç kəsə məlum olmasa da, Əkbər özü bilirdi ki, Aniko onun doğma bibisidi, işıqlı dünyada yaşamasına görə də ona borcludu. Uşaqlıq vaxtında da bibisi həmişə onun yanında olmuşdu, bir çətinliyi olanda həmişə Anikoya güvənmişdi. O, həmişə Əkbərə atası haqqında maraqlı söhbətlər edər, onun türklərlə döyüşlərdəki qəhrəmanlığından danışardı.

Əkbər kənddə olarkən hər tezdən erkəndən yuxudan durub bibisinin eyvana çıxıb oxumasını gözləyərdi. Xüsusən o erməni mahnısı oxuyanda Əkbərin gözləri yaşarırdı. Erməni dilində cəmi beş-on kəlmə bilirdi, mahnıların mənasını anlamırdı, amma kövrəlirdi. Çox sonralar Əkbər erməni dilini öyrənmədiyinə görə həmişə özünü qınayırdı. Bir neçə dəfə bu dilə girişmək istəsə də, iş-gücünün çox olmasına və davamlı məşğul ola bilmədiyinə görə son nəticədə ciddi bir nailiyyət əldə eləyə bilmədi.

Bir dəfə kənddə olanda bibisi Əkbərə:

- Oğlum, artıq məşhur yazıçı olmusan, onun-bunun haqqında yazırsan, amma sənə ən yaxın bir adama heç nə yazmamısan. Əkbər dinmədi.

Bu söhbət altmışıncı illərin sonlarında olmuşdu. Bakıya qayıdan Əkbər işinin çoxluğuna baxmayaraq bibisinə gözəl bir əsər həsr elədi və adını “Dili nəğməli bibim” qoydu. Onun üçün əsəri çap elətmək heç vaxt problem deyildi, gündəlik işləri nəşriyyatlarla bağlı idi.

Növbəti dəfə kəndə qayıdanda birbaşa bibisigilə getdi. Səmimi görüşüb əlindəki kitabı bibisinə uzatdı:

- Bax, bibi, bunu şəxsən sənin haqqında yazmışam.

Anikonun sevincdən gözləri doldu.

- Elə et ki, heç kəs anlamasın mənim sənin bibin olmağını. Sənsə, sağ olmuş, kitabın adını da bibinin adına yazmısan.

- Sən narahat olma, Telli bibim elə biləcək ona yazmışam.

Telefonun zəngindən Əkbər qəfil xəyallardan ayrıldı. Cəmilin “Aniko gəbərdi” sözü ona bərk təsir eləmişdi, ürəyində Cəmili heç cürə bağışlaya bilmirdi. Ona görə də Cəmil üçün xahiş eləmək fikrindən vaz keçdi. Dəstəyi qaldırıb, - daha danışası olmadım, deyib yerinə qoydu. Cəmil təəccüblə gözünü Əkbərin üzünə zillədi.

- Cəmil, sən qayıt kəndə, mən münasib vaxtda zəng eləyib tapşıraram. İndi isə vacib işim var getməliyəm. Bu sözləri deyib, asılqandan paltosunu götürdü və sağollaşmadan cəld kabinetdən çıxdı. Cəmil heç nə anlamayıb bir az duruxduqdan sonra kabineti tərk elədi.

***

Sarkisov Ermənistanda Milli Təhlükəsizlik Nazirliyində analitik informasiya sahəsinə rəhbərliyə gələndə artıq Əkbər Əyişli haqqında özəl planları vardı və ondan sanballı bir işdə istifadə eləmək istəyirdi. Bu həm də Əkbərin arzularının gerçəkləşdirilməsi olardı, həqiqətən mənsub olduğu xalqına xidmət üçün gözəl imkan tapacaqdı. Amma bu yazıdan sonra Əkbər Əyişliyə ümumiyyətlə nə vaxtsa erməni olduğunu deməyi qəti qadağan edəcəkdilər. O, ömrünün sonuna kimi azərbaycanlı kimi yaşamalı idi. Məsələnin çətin tərəfi də elə bu idi. Çünki Əkbər bir neçə dəfə demişdi ki, erməni kimi bu dünyadan köçmək istəyir. Onu razı salmaq çətin olacaqdı, amma Sarkisov bilirdi ki, Əkbər ümumerməni ideyaları və onlara xidmət etmək uğrunda bu çətin qərarla razılaşmalı olacaq. Konsepsiya da hazır idi. Nüfuzlu azərbaycanlı yazıçı öz xalqının tarixinin, ənənələrinin əleyhinə getməli, onları aşağılamalı, erməniləri isə haqlı tərəf kimi göstərməli, Azərbaycan xalqı adından ermənilərdən üzr istəməli idi. Əslində Azərbaycanın haqsız, ermənilərin isə haqlı olmaları haqda yazıları erməni yazıçıları o qədər yazmışdı ki, bu kitabların sayı-hesabı yoxdu. Amma eyni şeyi erməninin yazması bir başqa, azərbaycanlının yazması isə tamam başqa məsələ idi. Nazirliyin Azərbaycanla bağlı bir neçə eksperti Sarkisovun tapşırığı ilə yazılacaq əsərin süjet xəttini hazırlayıb təhvil verdilər. Əslində buna süjet xətti demək də çətindi, burada yazılacaq əsərin konsepsiyasını və rabitəsiz şəkildə onun nəyi mütləq yazmalı olduğunu yazmışdılar. Necə deyərlər, skeleti ətə-qana doldurmaq işini Əyişli görməli idi.

***

Növbəti planlaşdırılmış görüş üçün Moskvada təyin olunan yerdə və vaxtda Əkbər Sarkisovla görüşdü. Sarkisovun qanı çox qara idi. Görüşdən bir az əvvəl məşhur erməni ziyalıları bir yerdə “Ararat” restoranında nahar edərkən qanqaraldıcı bir hadisə baş vermişdi. Sarkisov olanları bir də xəyalında canlandırmağa başladı.

Yığışan ermənilər bir-bir tost deyir, Böyük Ermənistan ideoloqlarının və yerlərdə bu ideologiyanı həyata keçirənlərin sağlığına badə qaldırırdılar. Növbə Bakıda doğulmuş məşhur erməni aktyoru Gevorkova çatdı. O xahiş elədi ki, hamı ona diqqətlə qulaq assın:

- Əziz soydaşlarım. Mənim öz xalqımı sevməyim haqda heç kəsin şübhəsi yoxdur, erməni xalqı uğrunda həmişə canımı verməyə hazır adam olmuşam. Mən uzun illər erməni xalqının başına gələn müsibətlər, onların səbəbləri və itirdiklərimiz haqqında ciddi analiz eləmişəm. 100 il bundan qabaq biz kim idik, vəziyyətimiz necə idi? İndi kimik və indi vəziyyətimiz necədi? Bu barədə heç düşünmüsünüzmü?

Yüz il bundan öncə ermənilər Osmanlı imperiyasının idarəçiliyində çox fəal iştirak edirdilər, bizdən onlarla nazir və paşa ən ali məqamda dövlət qulluğunda idi, Osmanlı kimi böyük bir imperiyanın bank-maliyyə sisteminə erməni kökənlilər nəzarət edirdi. Həmin dövrdə ermənilər digər xalqların hamısından yaxşı şəraitdə yaşayırdılar. Sonrası nə oldu? İçəridən öz millətçilərimiz, kənardan Avropa və Rusiya bizi qızışdırıb türklərlə çarpışdırdılar. Nə əldə elədik? Dediklərimin hamısını itirdik, soydaşlarımız Türkiyədən köçürüldülər, nə qədər insan tələf oldu. Kim idi günahkar? Hamınız deyəcəksiniz ki, türklər bizim qanımıza susayıb. Onda bəs niyə o vaxta qədər yüz illərlə türklərin içində rahat yaşayırdıq? Günahkarı kənarda yox, öz içimizdə və əməllərimizdə axtarmalıyıq. Məclisdə yer-yerdən etiraz edənlər, əllərindəki çəngəl-bıçağı boşqaba döyəcləyənlər olsa da, o daha gur səslə danışığına davam elədi.

- Qarabağ savaşından öncə ermənilərin durumu necə idi, indi necədi? Yəqin yadınızdan çıxmayıb, Bakıda yüz minlərlə erməni azərbaycanlılardan daha yaxşı yaşayırdı, dövlət qulluğundakı əksər həlledici vəzifələr ya ermənilərdə, ya da arvadı erməni olan azərbaycanlılarda idi. Gəncə və digər şəhərlərdə də oxşar vəziyyət vardı. Hər şey öz əlimizdə idi. Eh... Qarabağ savaşını başlayan ideoloqlardan soruşuram, niyə keçmişdə olanlardan dərs götürüb hadisələrin gedişini düzgün hesablaya bilmədiniz? Siz türksüz Ermənistan yaratmaq istəyi ilə Ermənistandakı türkləri qovanda niyə hesablamadınız ki, onlar da gəlib bizi Bakıdan çıxmağa məcbur edəcəklər?

Təsəvvür edirsiniz, biz Bakıda qalsaq indiki vəziyyət necə olacaqdi? Nefti də ələ alacaqdıq, ölkə iqtisadiyyatını da. Nələr itirdiyimizin fərqindəsinizmi, ey erməni ideoloqları və onlara əl çalanlar?

Kimsə ayağa qalxıb onun sözünü kəsmək istədi, o isə əli ilə işarə verib axıra kimi qulaq asmalarını istədi.

- Dediklərimin hamısını itirib, bir parça mübahisəli torpaq əldə eləmişik, onun da sonu məlum deyil. Hələlik biz Qarabağı əldə eləmişik, əvəzində müstəqil Ermənistanı itirmişik. Ermənistan iqtisadiyyatının qanuni sahibi Rusiyadır, siyasi cəhətdən də Rusiyadan tam asılıyıq. Rusiya bizə istəklərinə çatmaq üçün vasitə kimi baxır, bunu görmürsünüzmü? Bütün bunlara görəmi “Böyük Ermənistan” ideoloqlarının sağlığına badə qaldırırsınız?
Sizin qəhrəmanlar Qarabağ savaşında elə “qəhrəmanlıq” göstəriblər ki, Azərbaycan xalqı yüz il də keçsə bizi bağışlamayacaq.

Oturanlardan kimsə yerdən replika atdı:

- O millətin tarixi yaddaşı yoxdu, sən ona görə heç narahat olma, ara bir az sakitləşən kimi hər şeyi unudacaqlar.

Gevorkov sözünə davam eləmək istəyəndə qonşu stullardan bir neçə nəfər çığır-bağırla ona yaxınlaşdılar. “Vurun, bu satqını, türklər bunu öyrədib göndərib” deyə üzərinə cumdular və əzişdirməyə başladılar. Sarkisov birtəhər həmyerlisini qaragüruhun əlindən alıb çölə çıxarmağa nail oldu. Gevorkova “bir daha səni buralarda görməyim”, - deyib restoranın qapısından itələyib çölə çıxardı.

Bir az ordan-burdan söhbət elədikdən sonra Sarkisov Əkbərə bir dəstə kağız uzadıb dedi:

- Sənin erməni xalqına xidmət eləmək üçün son iyirmi dörd ildə həyatınla risk edərək lazımi məlumatları bizə çatdırmağını biz çox yüksək dəyərləndiririk. Xüsusilə parlamentdəki qapalı müzakirələrdən verdiyin məlumatlar həmişə fövqəladə əhəmiyyət daşıyıb. Özün bilirsən ki, informasiya müharibəsi gedir, türklər bu işdə get-gedə daha fəallıq göstərirlər, bizdə isə geriləmə hiss olunur. Məsələ bundadı ki, bu savaşda hər nəyə nail olsaq da, türklərin günahlarını etiraf eləmələrinə nail ola bilmirik. Türkiyə türklərinin keçmişi ilə ilə bağlı Odxanın yazdıqları bizə çox kömək oldu. İndi isə bizə Azərbaycanın məşhur bir ziyalısının öz xalqının erməni xalqı qarşısındakı günahlarını daha fundamental və inandırıcı şəkildə etiraf eləməsi lazımdı. Bu işdə sənin yazacağın bir əsər digər erməni yazarlarının yazacağından min dəfə effektli olacaq, çünki sən yazacağın əsərin müəllifini dünya türk kimi qəbul edəcək. Öz xalqına, ermənilik ideyasına keçmiş xidmətlərini miqyasına görə çox-çox geridə qoyacaq bir iş sənə həvalə olunur. Yeni yazacağın əsərində nələri mütləq qeyd eləməlisən, əlidəki kağızlarda yazılıb, qalan şeylər qalır sənin yazıçı təxəyyülünün ümidinə.

Əkbər bir xeyli dinmədən əlindəki kağızlara diqqətlə göz gəzdirib dilləndi:

- Başa düşmədim, Zəkəriyyə Akuliskinin yazdıqlarında türklər əleyhinə elə bir ciddi ittiham yoxdu axı. Bir də ki, 17-ci əsrlə 20-ci əsrin hansı əlaqəsindən yazmalıyam?

- Əkbərcan, əsas Zəkəriyyənin nə yazması yox, onun yazdığını necə təqdim eləməkdi. Onun yazdıqlarına özün əl gəzdirsən görəcəksən ki, orda türklər əleyhinə hər şey var. Yəqin anladın. Sualının ikinci hissəsi mənə maraqlı deyil, yazıçı deyilsən? Əlaqəni özün fikirləş.

- Aydındı, bir şeylər uydurub yazmaq problem deyil, problem ondadı ki, belə çıxır ki, mən heç vaxt öz milli kimliyimi elan edə bilməyəcəm. Mən çox arzulamışam ki, xristianlığı rəsmi qəbul edib ömrümün qalan hissəsini Eşmiadzindəki kilsədə ibadətlə keçirim. Siz mənim bu arzumun üstündən birdəfəlik xətt çəkirsiniz. Məsələnin bir başqa tərəfi də odu ki, belə bir yazının yazılması mənim həyatım üçün təhlükəlidi.

- Sən heç narahat olma, bu məsələ təkcə sənlə bağlı bir məsələ deyil, bu böyük bir layihənin sənin öhdənə düşən hissəsidi, biz məsələyə kompleks yanaşırıq, bu işdə hər şey ölçülüb biçilib.

- Bəs yazının yazılmasına motivasiyanı necə izah edəcəyəm? - elə bil bu sual birdən Əkbərin beyninə gəldi.

- O da düşünülüb. “Öz xalqına” müraciətlə deyərsən ki, mən azərbaycanlıların ermənilərə elədikləri pislikləri etiraf edirəm ki, gələcəkdə ermənilər bütün azərbaycanlılara düşmən gözü ilə baxmasınlar, bizlə birlikdə yaşamağın mümkünlüyünə inansınlar. Eyni şeyi erməni yazarlardan da gözlədiyini qeyd eləməlisən. Söyləyərsən ki, mən körpülərin yandırılması əleyhinəyəm, yazıçı olaraq milli yox, bəşəri dəyərlərə üstünlük verirəm.

Əkbər başının işarəsi ilə anladığını və razı olduğunu bildirdi.

- Birdən türklər sənin erməni olmağın haqqında şübhələnsələr, nəsil-nəcabətində bir şey tapmazlar? - deyə Sarkisov soruşdu.

Əkbər ona göz vurub:

- Mənim çox güclü alibim var, rəsmi babalarımın biri Hacı, o biri Məşədi olub, kənd camaatı onları yaxşı tanıyırdı. Bu məsələdə tam arxayınam. Nəslimi nə qədər axtarsalar da, bir şey tapa bilməzlər. Səndən başqa hələ kimsəyə bu sirrimi deməmişəm.

- Gözəl... - Sarkisov əlini Əkbərin kürəyinə qoydu, - sənin əvəzin yoxdu.

- Həm də nəzərə al ki, sənin bu işdə sanballı kompensasiyan da olacaq.

Əkbər təəccüblə onun üzünə baxdı:

- Nə kompensasiya?

- Mən inanıram ki, sən bu işin öhdəsindən gələcəksən və bununla da dünya erməniliyinə misilsiz xidmət göstərmiş olacaqsan. Sənin yazacağın bu əsər hələ yüz il də indən sonra erməni xalqına lazım olacaq. Amma... burda bir amma var ki, bunu sən mən demədən anladın, sənə erməni olduğunu etiraf etmək həmişəlik qəti qadağan olunur. Sən bunu etiraf eləsən yazacağın əsərin bir qəpiklik qiyməti olmayacaq. Öz xalqının gələcəyi naminə sən bunu eləməlisən. Əvəzində bütün maddi təminatlardan başqa, biz sənin əsərinin dünya üzrə ən ali mükafatı alması üçün Avropadakı tərəfdaşlarımızla birgə böyük planımızı həyata keçirəcəyik. Odxan Pambıq yadından çıxıb? Əvvəlcə razılaşmaq istəmirdi, sonra biz onunçün erməni qızından məşuqə təşkil elədik, dediyimizi elədi, istədiyinə də çatdırdıq.

- Bütün Azərbaycan deyəcək ki, Əkbər Əyişli Odxanı görüb bu yola düşdü.

- Sən də deyərsən ki, əsəri hələ 2006-cı ildən, Odxan Pambıq məsələsindən öncə başlamısan, kim sübut edə bilər ki, sən əsəri nə vaxtdan başlayıb yazırsan?

Bu fikir Əkbər Əyişlinin beyninə batdı, doğrudan da əsəri nə vaxt yazmağa başladığını yazıçıya kim sübut edə bilər. Əsərin altında geriyə hansı tarixi yazırsan yaz, kimin nə işinə.

Əkbər kağızları götürüb:

- Sən heç narahat olma, elə yazım ki, azərbaycanlılar özləri “əhsən” desin.

- Növbəti görüşümüz əsərin hazır olanda olacaq, deyə Sarkisov görüşə yekun vurdu.
Onlar səmimi dostlar kimi görüşüb ayrıldılar.

***

Əkbər Əyişli yazısını tamamlayıb müzakirə olunmaq üçün Sarkisova göndərdi və səbirsizliklə növbəti görüşü gözləməyə başladı. O, bu əsəri ilə öz xalqı qarşısındakı xidmətinin miqyasını təsəvvür elədikcə qürurlanır, əsərin bəyənilməsindən sonrakı həyatı haqqında planlar qururdu.

Bir neçə gündən sonra görüş yeri və vaxtı haqqında məlumat aldı, vaxt itirmədən bilet alıb Moskvaya yola düşdü.

Öncəki görüşdən fərqli olaraq bu dəfə Sarkisovun kefi çox yuxarı idi. Qapı açılan kimi cəld yerindən durub Əkbərə doğru gəldi və çox səmimi görüşdü. Əkbərə yumşaq divanda yer göstərdi, özü isə şkafı acıb bir şüşə konyak və iki bakal götürdü, bakalları konyakla doldurub birini Əkbərə uzatdı, digərini isə təntənəli tost deyirmiş kimi yuxarı qaldırıb dedi:

- Əkbər can, sənin yazdıqların yüksək səviyyədə müzakirə olundu. Düzünü desəm, mən bu layihəni fikirləşəndə yazılacaq əsərin bu cür sanballı və təsirli olacağını təsəvvür eləmirdim. Doğrudan da səndə bir yazıçı istedadı varmış. İşinin öhdəsindən yüksək məharətlə gəldiyin üçün bu bakalı rəhbərliyin tapşırığı ilə şəxsən sənin sağlığına qaldırıram. Rumkalar cingildədi və hər ikisi ayaq üstə konyakı başına çəkdi.

Divanda yanaşı əyləşib söhbətlərinə davam eləməyə başladılar.

- Bundan sonrakı mərhələ əsəri çap elətməkdi. Özün bilirsən ki, burada istənilən qəzet və jurnal bu xarakterli yazını çap eləyər, amma məncə elə özünün redaksiya heyətində təmsil olduğun jurnal daha məsləhətlidi. Axı, bu jurnal xalqlar dostluğunu tərənnüm eləyir. Bir azərbaycanlı yazar da bu jurnal vasitəsi ilə xalqının günahlarına görə üzr istəyir, gözəl səslənir deyilmi? - Sarkisov özündən razı şəkildə Əkbərə göz vurdu.

Birdən Əkbər Əyişli yazdığı əsərə görə cəmiyyətin təpkisinin miqyasını təsəvvürünə gətirdi və qarnında şiddətli ağrı hiss eləməyə başladı.

- Sən canından qorxma, - sanki Sarkisov onun ürəyindən keçənləri oxudu, ilkin vaxtlar bizim adamlar sənin təhlükəsizliyini təmin edəcək, səs-küy düşdükdən sonra Azərbaycan hakimiyyəti beynəlxalq qalmaqaldan çəkinərək sənin təhlükəsizliyini təmin eləməyə məcbur olacaq, hətta bunu istəməsələr belə. Sənin bir həqiqəti deyən yazıçı kimi həyatını itirməyin onlara siyasi cəhətdən sərf eləmir. Hrant Dink məsələsi dediklərimə əyani sübutdu. Məsələ düşündüyümüzdən fərqli məcrada davam etsə, ya Türkiyədə, ya da Moskvada həyatının qalan hissəsini təhlükəsiz və firavan yaşamağa Ermənistan rəhbərliyi adından şəxsən mən təminat verirəm. Məni ki, çoxdandı tanıyırsan, uzun illərdi dediyimin arxasında necə durmağımı öz həyatında hər gün hiss eləmisən.

- Bir məsələni də xüsusi qeyd eləmək istəyirəm, - deyə Sarkisov davam elədi. Yazı çap olunduqdan sonra sənlə əvvəlki formadakı bütün əlaqələr dayanacaq. Sənin hər addımın öz ölkənizin təhlükəsizlik orqanları tərəfindən izlənə bilər, sənə vacib məlumat və təlimatları sənlə görüşməyə gələn çoxsaylı jurnalistlərdən biri vasitəsilə verəcəyik. Onun kimliyini sonra biləcəksən.

- İndi isə sənə rəhbərlik adından kiçicik bir hədiyyə təqdim eləmək istəyirəm.

Əkbərin domba gözləri bərəldi:

- Nə hədiyyə, mən həyatım boyu gördüyüm işləri erməni xalqının idealları uğrunda eləmişəm.

- Yaxşı da, Əkbərcan, erməni xalqı da sənə borclu qalmayıb, həmişə qarşılığını artıqlaması ilə almısan. Həyatı boyu özbaşına yüksək vəzifələrdə olmusan? Bunu sənə minnət kimi demirəm, sən həmişə bizim tapşırıqları yüksək səviyyədə yerinə yetirmisən, onu demək istəyirəm ki, belə məsələlərdə biz çox əliaçığıq.

Sarkisov cibindən bir plastik kart çıxarıb ona uzatdı:

- Ermənistanın kasıb ölkə olmasına baxma, sənə layiqincə təşəkkür edir. Burada az məbləğ yoxdu, bundan sonrakı firavan həyatına bəs eləyər. Kodu üstündəki kağızda yazılıb.

Əkbər baş əyirmiş kimi aşağı əyildi və minnətdarlıqla kartı alıb cibinə qoydu.

İndən sonra nə vaxtsa görüşə biləcəklərinin real olmadığını hər ikisi dərk elədiyindən bir-biri ilə çox mehribanlıqla görüşüb sağollaşdılar.

- Salamat qal, - deyib Əkbər Əyişli otaqdan çıxdı.

Otağın arxa qapısı açıldı və bir nəfər Sarkisova yaxınlaşdı. Bu, Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin Rusiyadakı nümayəndəsi idi.

- Məncə, əsər çap olunduqdan sonra bu qocanın taleyini həll eləməliyik. Əsər nəzərdə tutduğumuz jurnalda çap olunduqdan sonra Azərbaycanda ciddi ajiotaja səbəb olacaq. Mən qorxuram, sonra təpkilər qarşısında bu qocanın əsəbləri tab gətirməyib erməniliyini etiraf eləsin. Hər halda türk südü əmib, ona tam etibar eləyə bilmirəm. Belə olsa, bütün layihə alt-üst olacaq. Bizə də rəhbərlik sağ ol deməyəcək. Ona görə mən təklif eliyirəm, hadisələrin pik vaxtı onu millətçi azərbaycanlılardan birinin əli ilə öldürtdürək. Sonra da ölüsündən istifadə edib Azərbaycan əleyhinə yaxşıca beynəlxalq skandal qaldırmaq olar. Hrant Dink məsələsində gördünmü türklər necə dəridən qabıqdan çıxdılar, az qaldılar bütün ermənilərdən üzr istəsinlər. Sarkisov etiraz elədi:

- Sən Əkbəri yaxşı tanımırsan. Mən onu gəncliyindən tanıyıram. O, çox biç adamdı. Əkbəri dəyirmanın başından ölü salsan, ayağından diri çıxar. Təsəvvür eləyirsən, Əkbər bir dəfə də olsun ermənilərin əleyhinə danışmayıb, amma bu ona vəzifədə qalmağa və millət vəkili olmağa mane olmayıb. Düzdü, bu məsələlərdə bizim görünməz əlimiz həmişə onun başı üstündə olub, amma Azərbaycandakı antierməni isteriya şəraitində onun dilindən bir kəlmə də olsun erməni əleyhinə ifadə çıxarmaması onun möhkəm adam olmasını sübut eləyir.

Əsər çap olunduqdan sonra planın ikinci mərhələsi işə düşəcək. Bakıda onun müdafiəsini təşkil eləmək üçün adamlarımız var. Bunlar əsasən kosmopolit düşüncəli, hər cür milliyətçilikdən uzaq yeni nəsil yazarların bir neçəsi və bəzi qeyri-hökumət təşkilatlarıdı.

- Bir neçə adamla müdafiə təşkil eləməyi düşünürsən?

- Sən kənd adamısan, daha yaxşı bilərsən, yəqin qoyun sürüsünü təsəvvür eləyirsən.

Sürünün qabağındakı bir neçə keçi sürünü hara istəsə dalınca aparır. Bu halda keçilər bizdən, arxalarınca düşməyə qoyunlar özləri gələcəklər.

Ölkə rəhbərliyi daxili müdafiəni görüb Əyişlinin üzərinə axıra qədər getməyəcək, əksinə, millətçilərin onu öldürə biləcəyi ehtimalını nəzərə alıb onun həyatını qorumaq məcburiyyətində qalacaqlar. Belə vaxtda Əyişlinin öldürülməsi Azərbaycan hakimiyyətinə sərf eləmir. Amma bütün bunlar kifayət deyil. Bu məsələdə bizə sənin köməyin lazım olacaq. Moskvada yaşayan nüfuzlu azərbaycanlı ziyalılardan Əkbərin müdafiəsinə adamlar cəlb edə bilərsənmi?

- Problem deyil. Əkbərin onlar arasında nüfuzu yuxarıdı. Bu adamlardan elələri var, milli mənsubiyyətini çoxdan unudub, elələri də var ki, beynəlmiləl ailədə doğulduğundan heç vaxt özünü azərbaycanlı saymayıb. Öz adamlarımız da az deyil. Bir az bu adamları istiqamətləndirsək, onlar özləri bu işdə təşəbbüs göstərəcəklər.

- Gözəl. Ara bir az səngiyəndən sonra da biz Pambıq ssenarisi üzrə işlərimizi davam etdirəcəyik.

Amma qocanın taleyi haqqında sən deyən variant nəzərdə tutulmayan digər hallar üçün keçərlidi və həmişə gündəlikdədi. İş elə gətirib ki, bu yazının dərcindən və gözlənilən ajiotajdan sonra onun sağ qalması da bizə sərfəli olacaq, öldürülməsi də. Sağ qalsa, dediyim kimi planın növbəti mərhələsini həyata keçirəcəyik. Öldürülsə... sən dediklərin tamamilə doğrudu, ölüsündən də istifadə edərik. Amma mən istərdim ki, bu layihəni axıracan həyata keçirək.

* * *

Moskvadakı məşhur jurnallardan birində çap olunan Ə. Əyişlinin “Yaş yuxu” əsəri və və orada yazılan sayıqlamalar cəmiyyətdə bomba partlayışı effekti yaratdı. O günlər hamı bu əsər və onun müəllifi haqqında danışır, televiziyalar günün çoxunu bu mövzuya həsr edirdilər. Bu hadisəyə münasibət sanki bir lakmus kağızı kimi tanınmış insanları və təşkilatları qısaca test edir və onların kimliyini xalqa göstərirdi.

Bu kampaniyada hakimiyyət dairələri daha çox fəallıq göstərirdilər. Bunun da bir çox səbəbləri vardı: Ə.Əyişlinin yazdıqları o qədər antiazərbaycan mahiyyəti daşıyırdı ki, susmaq mümkün deyildi, bu yazılar rəsmi siyasətlə daban-dabana zidd idi, həm də bu məsələ gündəmdə olan və hakimiyyəti narahat edən digər məsələləri kölgədə qoyurdu. Milli Məclisin bir neçə üzvü və bəzi yaradıcı ziyalılar Ə.Əyişliyə ciddi təpki göstərmiş və mətbuatda bir neçə sanballı məqalə dərc etdirmişdilər.

Müxalifət çox çətin durumda qalmışdı, hakimiyyətlə həmrəy olub Əkbər Əyişlinin üzərinə getsələr, bu onların prinsiplərinə zidd olardı. Onun yazdıqları ilə isə razılaşmaq mümkün deyildi. Bu çətin dilemma qarşısında qalan müxaliflər bir neçə gün susmağa və hadisələrin gedişini izləməyə üstünlük verdilər. Hadisələr səngiyəndə bəzi partiyalar həm Əyişlini, həm də hakimiyyəti eyni zamanda qınayan bəyanatlar verib borclarını ödəmiş saydılar.

Özlərini üçüncü qüvvə kimi təqdim edən Hakimiyyətdən Narazılar Forumunda (burada əsasən nə zamansa hakimiyyətdə təmsil olunub müxtəlif səbəblərdən oradan uzaqlaşdırılmış adamlar təmsil olunurdu) Ə. Əyişlinin təmsil olunması və oradakı tanınmış ziyalıların Əkbərin bu yazısına laqeyd münasibəti həmin forumda təmsil olunan şəxslərin siyasi ambisiyalarının üzərindən vaxtından əvvəl bir qara xətt çəkdi.

Amma bu susqunluq cəmiyyətin susqunluğu demək deyildi. Bütün mətbuat orqanlarında ciddi diskussiyalar gedir, əksəriyyət Ə. Əyişlini lənətləyirdi. Məsələnin kampaniya şəklini alması bəzi insanlara Əkbər Əyişlini müdafiə eləmək və özlərinin mövcudluğunu bildirmək imkanı verdi. Ən çox canfəşanlıq göstərənlər isə bir dəstə gənc yazar və incəsənət adamı idi, hər halda onlar özlərini belə adlandırırdı. Onların içində müəyyən qədər tanınmış bir neçə nəfər olsa da, çoxunun imzasını öz yaxın ətrafından başqa insanlar tanımırdı. Əllərinə şans düşdü, xalqa göstərmək istədilər ki, onlar da mövcuddurlar, onların fikrincə yazarın nə yazmasının kimsəyə dəxli yoxdu, ona görə də Əyişlinin yazdıqları nə olur olsun ona etiraz etmək olmaz.

Təyin olunan vaxtda etirazçı yazarlar Sabir bağına yığılıb Əkbər Əyişlini müdafiə aksiyasına başladılar. Bəziləri əllərində Ə. Əyişlinin portretini tutmuş, digərlərinin əllərində “söz azadlığına basqılara son” tipli plakatlar var idi.

Bu vaxt etirazçıların gözləmədiyi bir hadisə baş verdi. Onlara yoldan ötən ağ saçlı, çəlimsiz, amma səliqəli geyinmiş bir yaşlı kişi yaxınlaşdı. Bir anlığa hamının diqqəti ona yönəldi. Yerli telekanalların çəkiliş qrupları tez kameralarını ona doğru yönəltdilər. Aksiyaya yığılan etirazçıların çoxu onu tanıdı, bu professor Qaradağlı idi. Aksiyaçıların bir hissəsinə universitetdə dərs də demişdi, gündəlik mətbuatla ciddi maraqlandığından digər aksiyaçıların da bir çoxunu tanıdı.

- Nə olub, nə üçün yığışmısınız? - professor soruşdu.

- Biz düşüncə azadlığına, söz azadlığına basqılara qarşıyıq, bu basqılara məruz qalmış görkəmli yazıçımız Ə. Əyişlini müdafiə edirik, - deyə yazarlardan biri dilləndi.

- Sizlərdən hansınız sözü gedən əsəri oxumusunuz, deyə bilərsinizmi?

Aksiyaya toplaşanlar çox olsa da, bir neçə nəfər əlini qaldırdı. Qaradağlı əlini qaldıran gənclərdən birinə tərəf döndü:

- Mən sənə dərs deyən vaxtlar sən bir kəlmə rus dilində bilmirdin, belə tezmi dil öyrənib o boyda əsəri oxudun, axı bu əsər rusca yazılıb. Cavan oğlan qızarıb pörtdü və heç nə demədi.

Professor bir az hündür yerə çıxıb üzünü toplaşanlara tutdu:

- Əziz gənclər, mən sizlərin bir hissəsini şəxsən tanıyıram, bir çoxunuza dərs demişəm, bəzilərinizin imzası mənə tanışdır. İçinizdə istedadlı yazarlar da var, yazmağa cəhd edənlər də, mövzudan asılı olmayaraq qalmaqallı yazılarla tanınmağa və gündəmdə qalmağa çalışanlar da. Mətbuat vasitəsi ilə bir çoxunuzun yazılarını izləyirəm. Özünüzü gənc yazar saysanız da bir çoxunuzun yaşı qırxı ötüb, hələ də sanballı əsərlər yazıb geniş oxucu kütləsinin rəğbətini qazanan yazar statusunda deyilsiniz. Sizin yadınıza C. Cabbarlını, M. Müşfiqi, Ü. Hacıbəylini salıram, onlar ölməz əsərlərini çox gənc yaşlarında yazmışdılar. Əgər sizlərdən kimsə Əyişlinin həmin əsərdə yazdıqlarına münasibət bildirən bir yazı yazdıqdan sonra kampaniyaçılığa qarşı səsini ucaltsa idi, mən onunla həmrəy olardım. Amma mətbuatı izləyən adam kimi mən bunun şahidi olmadım. Əksinə, onun bu yazısına haqq qazandıranları mən ön cərgədə görürəm. Məsələn, qarşımda dayanan və qələminə əvvəllər hörmətlə yanaşdığım Günay Mövlanənin bu yazıya münasibətini radioda dinləyəndə qulaqlarıma inanmağım gəlmədi, radionun saytında onun mövqeyini bir daha oxudum və bir köçkün balasının belə danışmasına və davranışına çox təəccüb və təəssüf elədim. Bu xanım və ailəsi erməni vəhşiliyinin qurbanıdır və doğma yurd-yuvasından köçkün düşüb. Günay xanım deyir ki, Qarabağ köçkünü olaraq Əkbər Əyişlinin romanı mənim hisslərimi təhqir etmir. Günay xanım, siz kimin əlindən yurd-yuvanızdan uzaq düşmüsünüz, Əkbərin təriflədiyi ermənilərin, yoxsa azərbaycanlıların? Sən deyirsən ki, əsərdəki Sadıq Sadaylı müsbət azərbaycanlı obrazıdır, azərbaycanlıların günahlarına görə əfv olunmasını istədiyindən xristianlığı qəbul eləmək və Eçmiədzin kilsəsində həyatının qalan hissəsini ibadət eləmək istəyirdi. Və bunu bir növ alqışlayırsan. Sən hansı günahdan danışırsan, əsgərlərimizin həyatı bahasına sizi ermənilərdən müdafiə eləməsinəmi günah deyirsən? Yoxsa tarix boyu qeyrətli oğullarımızın öz torpaqlarını erməni işğalçıların hücumundan müdafiə eləməsini günah sayırsan? Bu xanım söyləyir ki, bir yazıya görə yaşlı bir insana psixoloji təsir eləmək olmaz. Əvvəla, bu yazı adi yazı deyil. Bu yazı ilə Əkbər Əyişli bütöv bir milləti təhqir edib ona psixoloji təzyiq edəndə sən razılaşırsan, yazıya görə zərərçəkənlərin etirazına razılaşmayıb bunu yaşlı bir adama psixoloji təzyiq sayırsan? Absurd bir vəziyyət yaranır. Elə bil ki, kimsə səni möhkəm döyür və səni yumruqladığına görə əlləri möhkəm ağrıyır. Sən də öz canının ağrısına yox, səni döyənin əllərinin ağrımasına acıyırsan. İnsanlar