“Daş yuxuları” basdırmaq yox, əbədiləşdirmək lazımdır!

das-yuxulari-basdirmaq-yox-ebedilesdirmek-lazimdir
Oxunma sayı: 641

Hələlik onu deyim ki, yazılan heç bir kitab lazımsız ola bilməz. Kağız üzərinə köçürülən hər bir cümlənin öz missiyası var. Baxır insanlar ondan necə istifadə edir. O ki, qala bu kitabı xalq yazıçısı, istiqlal ordenli Əkrəm Əylisli yazıbsa, deməli buna diqqət ikiqat artıq olmalıdır. Çünki Əkrəm kimilər sıradan oyun oynamazlar, onlar böyük oyunun oyunçularıdır. Və belə asanlıqla da qurban verilməzlər.

Deməli vəziyyətləri çox kritikdir ki, piyada yox “atı” oyuna soxurlar. İçimizdəki “5-ci kalon”u deyirəm. Amma bu “at” gedişi mənə həm də nədənsə “Troya atı”nı xatırladır. Həm də “daş yuxular”da olan millət üçün. Məncə əsərin də adı burada təsadüfi deyil. Biz həm də yatmağı sevən millətik axı. Amma artıq içimizə yeridilən bu “Troya atı”nın məqsədi bizə bəllidir.

“Üç aşağı, beş yuxarı” bu atın içindəkilərin kimliyi də bizə bəllidir. Gəlin ayılaq və Əkrəm Əylislini basdırmayaq, ona abidə qoyaq. Çünki kor Homerin yaratdığı "İliada" və "Odisseya"dakı bu “Troya atı” üçün də o vaxt iki seçənək vardı – ya yandırılmaq, ya da abidə kimi qorumaq. Bu abidə tarixən Avropa insanının beynində özünə elə yer etdi ki, bu gün də yunan mifik təfəkkürünə minnətdarlıq edirlər. Bir sözlə kitabın basdırılmasına qarşıyam. Niyəsini dedim.

Əvvəlla indiyədək sapı özümüzdən olanları və elə əməllərini də basdıra-basdıra və yaxud da ört-basdır edə-edə gəlirik. Elə ona görə də unutqan millətə çevrilmişik. Vaxtında belələrindən birinə abidə qoyub el içində görk etsəydik inanmıram ki, “sap”ların sayı belə çox olardı. Axı millət, xüsusilə də gənc nəsil qəhrəmanları ilə yanaşı ona badalaq gələnləri də tanımalıdır. Bunun üçün abidə şərtdir. Onunla hər gün rastlaşmalıdır. Üzünə tüpürməsə belə, ən azından baxıb, oxuyub özünü və “onu” tanımalıdır. Yoxsa sabah hansısa Orxan, Pambıq Ək(i)rəm Əylisdə deyəcək. Gəl indi inandır ki, türk yurdu olan Əylis bu millətin başının altına qoyulacaq yastıq üçün pambıq becərə bilməz.