“Daşaltı əməliyyatı”ndan 21 il ötür

dasalti-emeliyyatindan-21-il-otur
Oxunma sayı: 845

“Daşaltı əməliyyat”ı uğursuzluqla nəticələnib. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

“Mənim əməliyyatın hazırlanmasından xəbərim olsaydı, “Daşaltı əməliyyatı”nın keçirilməsinə imkan verməzdim”. Bunu ANS PRESS-ə açıqlamasında sabiq müdafiə naziri, 20 il əvvəl isə Azərbaycan Ordusunda özünümüdafiə dəstələrinin komandanı vəzifəsini tutan Dadaş Rzayev deyib. Onun sözlərinə görə, “Daşaltı əməliyyatı” keçiriləndə - 1992-ci il yanvarın 26-da Lənkəranda ezamiyyətdə olub: “Mən Bakıda deyildim. O vaxt rus qoşunlarının Azərbaycandan çıxmağa başladığı dövr idi. Mən Lənkəranda nəzarət edirdim ki, onlar hərbi texnikanı da özləri ilə aparmasınlar”.

Dadaş Rzayev hesab edir ki, “Daşaltı əməliyyat”ına ehtiyac olmayıb. Çünki Daşaltı kəndinin azad edilməsi və ya onun ətrafında hər hansı hərbi əməliyyatın aparılmasının Şuşa üçün əhəmiyyəti olmayıb. Sabiq komandanın sözlərinə görə, digər əməliyyatlarda olduğu kimi, “Daşaltı əməliyyat”ında da təxribatlar olub: “Təxribat bütün əməliyyatlarda olur. Amma əməliyyatı elə aparmaq lazımdır ki, təxribat baş tutmasın. 1992-ci ilin avqustunda, mən korpus komandiri olarkən Gədəbəy rayonunun Başkənd qəsəbəsində əməliyyat keçirildi. O vaxt da təxribatlar olmuşdu. Lakin uğurlu əməliyyat nəticəsində həmin təxribatların qarşısı alındı”./ans/