Daxili orqanında narkotika keçirmək istədi

daxili-orqaninda-narkotika-kecirmek-istedi
Oxunma sayı: 1064

Sərhəddən keçən şəxsin daxili orqanında iki bağlama narkotik vasitə aşkarlanıb.

 “Qafqazinfo” Gömrük Komitəsinə istinadən xəbər verir ki, Astara Gömrük İdarəsinin hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada yolla gələn ölkə vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 36,068 qram narkotik vasitə - heroin və 97 ədəd həb şəklində metadon adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxildir və aşkar olunan 97 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,88 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.