Dayımın Lenası

dayimin-lenasi
Oxunma sayı: 3190

Dünya Sakit

“İndikilər nə bilir, sevgi nədir... Sevgi odur ki, pəncərəyə çıxıb şüşə sildiyin yerdə aşağıdan bir qarabala əsgər keçə... Keçə-keçə sənə baxa, bircə dəfə baxışasan. Dilini çıxarıb pəncərədən düşüb gizlənəsən. İki saatdan sonra çıxanda o əsgəri qapının kənarında görəsən. O görəsən, bu görəsən, elə sevəsən ki, ata-ananı, qardaş-bacılarını, bütün doğmalarını, elini-obanı qoyub min kilometr yol keçib Tovuza gələsən...”

Bunu Lena deyir. Dayımın Lenası. Kiçik yaşlarımızdan bəri bu ukraynalı gözəl qadını dayımın diliylə “Lena” deyə çağırmışıq. Heç sənəddə adının nə olduğunu doğru-dürüst bilmirik də. Bildiyimiz odur ki, Lena 45 ildir Tovuzun kiçicik bir kəndində dayımla çox xoşbəxt dünya qurub özünə. Dilimizi, ləhcəmizi mənimsəyib, bütün adət-ənənələrimizə həvəslə əməl edir. Biş-düşə, gül-çiçəyə böyük həvəsi var, geniş evinin o baş-bu baş balkonu çiçəklərlə doludur. Ta uzaq Qazaxıstandan belə seçib gətirdiyi onlarla gülə-çiçəyə böyük şövqlə qulluq edir. Elə mətbəx məsələlərində də əsl ustadır.

Bir vaxtlar Lena bütün kəndi bizim də “ana” dediyimiz qayınanasına –adı kimi Xanım-xatun nənəmə münasibəti ilə heyran qoymuşdu. Xəstə yatan anama təkbaşına qulluq edirdi: onun 4 qızının birini də yaxın buraxmırdı. Mənim anam da daxil olmaqla, qızları xəstə yatdığı bir neçə ay ərzində analarını çimdirmək, yedirtmək üçün Lenadan icazə almalı oldular. Çünki Lena heç kimin qulluğunu bəyənmirdi, özünəməxsus incəliklə baxırdı qayınanasına. Ona elə gəlirdi ki, qızları özləri də bilmədən incidərlər anamı. O vaxt- bu vaxt kəndimizin bütün qayınanaları öz gəlinlərinə Lenanı misal çəkirlər...

İyirimi ilə yaxındır Lenanın oğlu evlənib, indi də gəlinlər onu qayınanalarına misal çəkirlər – bu müddət ərzində gəlinlə arasında güldən ağır bir söz olmayıb. Gəlini xəstə olanda aylarla ona da, nəvələrinə də təkbaşına baxıb, həm də ev-eşiyin yükünü çəkib. Bir dəfə də olsun dilindən narazı bir söz eşitməyib heç kəs. Elə indi də danışanda öz əziyyətindən deyil, gəlininin xəstəliyə görə çəkdiyi əziyyətdən danışır, gözləri dolur...

Son günlərdə amansız xəstəliklə mübarizədə olan dayıma sonsuz sevgi-nəvazişlə yanaşır Lena. Onların həlim səslə bir-biri ilə danışmaları, bir-birinə olan hədsiz səbirli münasibəti adamı heyrətə gətirir.

Lena bir neçə il əvvəl iflic olub, qolunun biri yaxşı işləmir. Dayımın ağır əməliyyat olunacağını biləndə “siz narahat olmayın, mən ona elə baxacam ki, 3-4 günə ayağa duracaq” deyib bizə təskinlik verirdi. Qolunun yaxşı işləmədiyini deyəndə isə “yoox, mənim gücüm var, qaldıraram da, qoyaram da, təki Nazim sağalsın” deyib dil də tökdü. Dayımdan gizlin ağlaya-ağlaya “siz bəlkə də başa düşmürsünüz, o mənim üçün nə deməkdir. Nazim mənim həm yoldaşımdır, həm vətənim. O getsə mən heç bir il də yaşamaram” deməsi ilə bizi bir daha heyrətə gətirdi Lena...

Mənim üçün Lena həm də bir nümunəvi vətəndaşdır: dövlətinə, vətəni bildiyi Azərbaycana, onun dilinə sonsuz sayğı duyan vətəndaş. Mənə uşaqlarımı rus dilli məktəbə qoymağı tövsiyə edən qohumuma cavabı  bu gün evində övladları ilə bu dildə danışanlara dərsdir: “Sən onlara baxma, uşağı Azərbaycan dilli məktəbə qoy. Mən uşaqlarıma rus dilini 3-4-cü sinifdən sonra öyrətməyə başladım. Dedim, əvvəlcə Vətənin, dövlətin dili, sonra ananın dili. Qoy uşaqların əvvəlcə dövlətin dilini yaxşı öyrənsinlər, sonra müəllim tutarsan, rus dilini də öyrənərlər, ingilis dilini də.”

Nəhayət, Lena məni bir də televiziyada Abgül Mirzəliyevin oxuduğunu eşidib tələsik mətbəxdən gəlib dayıma “nə yaxşı Abgülü oxdurlar” deyib də, böyük maraqla muğama qulaq asması ilə heyrətləndirdi. Dayım təəccübümü görüb gülümsəyərək  “Lena bütün muğam oxuyanları, aşıqları adbaad tanıyır” dedi...

Dayımın Lenası bu günlərdə öz xoşbəxt dünyasını dağılmaqdan qorumaq uğrunda mübarizədədir: dayımın sağalıb ayağa qalxması üçün çarpışır. Ən ağrılısı isə budur ki, onun mübarizəsi nəticəsiz olacaq: dünyada heç kim bu bəladan qurtula bilməyib. Onun dayımı, demək həm də vətənini itirəndən sonra necə yaşayacağını təsəvvür etmək mümkünsüzdür...