Dayımın Lenası vətənsiz qaldı...

dayimin-lenasi-vetensiz-qaldi
Oxunma sayı: 2896

Dünya Sakit

“Mən torpaqsız, vətənsiz qaldım, Nazim... Heç adamı torpaqsız qoyarlarmı...”

Bunu Lena deyirdi, dayımın Lenası. 45 illik ömür-gün yoldaşını, sevgilisinin cansız bədənini oxşaya-oxşaya, sığallaya-sığallaya.

Lena düz 5 ay idi mübarizə aparırdı: dünyanın qalib gələ bilmədiyi xərçəng bəlasına tutulan dayımı yaşatmaq uğrunda. Beş ay idi yaşanan hər gün üçün Allaha dua edirdi, hətta dayımın ən ağrılı vaxtlarında belə dilindən duası düşmürdü. Bir zamanların ən yaxşı gəlini, ən yaxşı qayınanası olan Lena indi də ən yaxşı həyat yoldaşı adını qazandı, özünün də xəbəri olmadan. Aylar boyu dayıma ovcunun içində baxdı, bir baxışıyla nə istədiyini anladı, gecələri gözlərini yalnız dayım rahatlaşıb yuxuya gedəndən sonra yumdu. Sanki nəfəsini də dayımla birlikdə alıb, birlikdə verirdi. Beş aylıq əziyyətlərin əymədiyi beli dayımın vəfatıyla bircə gündə əyildi. Yas yerinə gələn insanları heyrət gətürmüşdü: Lena sanki yarım günün içində yüz il qocalmışdı. O qədər taqətdən düşmüşdü ki, yataqda qalmışdı. Hərdən gücünü toplayıb qadınların dövrəyə alıb ağı dediyi dayımın yanına gəlir, əllərini, üz-gözünü öpüb-oxşayır, onunla sağmış kimi danışıb-danışıb bayılırdı. 

Biz tərəfdə, elə yəqin bütün Azərbaycanda əri ölən qadınlar dil deyib ağlasalar da, camaat içərisində ərinin meyitini qucaqlamaz, öpüb-oxşamazlar. Kənd camaatı ilə qaynayıb-qarışan, həmişə “camaat nə deyər” prinsipinə əməl edən Lena bu dəfə heç nəyə baxmadan dayımı qucaqlayır, gözlərindən, əllərindən öpürdü. Qəribə də olsa, qadınlar onun etdiklərini çox təbii qarşılayırdılar. Aylar boyu duası dilindən düşməyən Lena isə asikərlik də edirdi: “Allah yoxdur, olsaydı sənin kimi yaxşı adamı belə tez aparmazdı. Mənim anam da buradadır, sən də. Sən getdin, nə burada qala biləcəm, nə də qoyub gedə biləcəm. Allah məni birdəfəlik vətənsiz qoymamalıydı...”

“Bu əllər, gizlətməyəcəm, məni vurub da. Amma daha çox sığallayıb, əzizləyib məni. Xəstə yatanda həftələrlə yemək, su verib mənə, Nazim. Mənim əzizim, mən havada qalmışam, neynəyəcəyimi, necə yaşayacağımı bilmirəm...”

Dayımı dəfn etməyə aparmaq üçün götürəndə Lena bütün gücünü toplayıb ayağa qalxdı, qəbirictanlığa tərəf yollanan kişilərin cərgəsinə qoşuldu. Molla qadınların qəbiristanlığa getməyəcəyini dedikdə, oğlu və qohumlar çarəsizcəsinə Lenaya baxdılar. O isə çox soyuq, amma hamını susduracaq qətiyyətlə “mən gedəcəm, Nazimi son evinə özüm yola salacam” dedi. Heç kim ona mane olmağa çalışmnadı və Lena dayımı qəbir evinə özü uğurladı...

İndi kənddə hamı Lenanın çox davam gətirməyəcəyini deyir. Bir neçə günün içərisində sifəti qırış-qırış olan Lenanın halı məni də düşündürür: görəsən, dayım üçün apardığı mübarizənin yarısını özü üçün aparacaqmı? Yoxsa dayıma, vətəninə daha tez qovuşmağamı can atacaq...