Debatdan sonra ən çox bu fikirlər müzakirə olundu

debatdan-sonra-en-cox-bu-fikirler-muzakire-olundu
Oxunma sayı: 2632

Xəbər verdiyimiz kimi, dünən Ukraynanın paytaxtı Kiyevdə “Olimpiya” stadionunda prezidentliyə namizədlər- hazırkı ölkə başçısı Petro Poroşenko ilə şoumen, aktyor Vladimir Zelenskinin debatı baş tutub.

Stadionun ərazisini namizədlərin tərəfdarları üçün iki hissəyə ayırıblar. Tribunadan 22 min insanın izlədiyi debatda Zelenski və Poroşenko alovlu çıxışlar edib, bir- birinə qarşı ittihamlar səsləndiriblər. 

Aktyor namizəd çıxışı zamanı siyasətçi yox, sadə vətəndaş olduğunu deyib, 2014-cü ildə prezident seçkilərində Poroşenkoya səs verməsini səhv adlandıraraq, onun prezident kimi verdiyi vədlərə əməl etmədiyini qeyd edib.

Petro Poroşenko isə buna qarşılıq olaraq bildirib ki, ölkənin idarə edilməsi üçün Zelenskinin heç bir beynəlxalq və siyasi təcrübəsi yoxdur və zəif dövlət başçısı Putin zərbələrinin qarşısını ala bilməz.

Sözügedən debat təkcə Ukraynada deyil, qonşu ölkələrdə də marağa səbəb olub. "Qafqazinfo" bu məqamda debatın ən çox müzakirə olunan hissələrini təqdim edir:

• Zelenski Poroşenkonu və ətrafını korrupsiyada ittiham edib. Qarşı tərəf isə bunun yalan olduğunu deyərək, korrpusiya əməlinə görə istənilən şəxsin statusundan asılı olmayaraq həbsxanaya göndərilərək cəzasını çəkəcəyini bildirib.

• Poroşenko ölkəni talayan oliqarx İqor Kolomoyski ilə Zelenskinin əlaqəsini dəfələrlə vurğulayıb. 

• Şoumen bu ittihama cavab olaraq bildirib ki, ölkənin bütün telekanalları oliqarxlara məxsusdur və vaxtilə Poroşenko onu “5-ci Kanal”da işə dəvət edib.

• Zelenski prezidentin tez-tez vurğuladığı əldə edilmiş uğurların başqalarına məxsus olduğunu deyib.

• Poroşenko Zelenskini siyasi proqramının və strategiyasının olmamasında günahlandırıb.

Debatın sonunda hər iki namizəd Donbassdakı silahlı münaqişəni yada salaraq xalq qarşısında diz çöküb. Sonda Zelenski stadionu dərhal tərk etsə də, Poroşenko toplananlar qarşısında bir neçə dəqiqə də çıxış edib.

Aysel Kərimova