“Ded Xasan”ın dəstəsi Lənkəranskiyə görə Dubaya getdilər

ded-xasanin-destesi-lenkeranskiye-gore-dubaya-getdiler
Oxunma sayı: 660

Moskvada öldürülən avtoritet Aslan Usoyanın klanına daxil olan “qanuni oğru”lar çarter reysi ilə Birləşmiş Ərəb Əmirliyinə yola düşüblər. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd əvvəllər də qeyd edildiyi kimi geniştərkibli “sxodka”da iştirak etməkdir.

Hüquq mühafizə orqanlarından olan mənbə bildirib ki, fevralın 21-də “qanuni oğru”lar Dubaya uçmaq üçün təyyarə icarəyə götürüblər. Əvvəldən 100 avtoritetin həmin təyyarədə uçuşu planlaşdırılsa da, son anda onların bir çoxu Dubaya fərdi şəkildə getməyi qərara alıblar.

Çarter reysi ilə cəmi beş avtoritet yola düşüb, bura Usoyanın yaxın qohumu Dmitri Çautriya (Miron), Valeri Farziov (Valera Kurd), Teymuri Mirzoev (Timur Sverdlovskiy) və Quram Çixladze (Kvejoyeviç) daxildir.

Yüzlərlə avtoritetin iştirak edəcəyi “sxodka”nın gələn həftə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, bir neçə həftə əvvəl ölüm xəbəri yayılan Rövşən Lənkəranskinin də hazırda Dubayda yaşadığı bildirilir. Məhz sxodka üçün Dubayın seçilməsi “Ded Xasan” tərəfdarlarının Lənkəranski ilə bağlı planlarına aid ola bilər.