“Dedi ki, xanımın nənəsi ermənidir...”

dedi-ki-xanimin-nenesi-ermenidir
Oxunma sayı: 4786

Nura Suri

Artıq bir neçə gündür ki, erməni şair  Eduard Arkadyeviç Asadovun şeirləri azərbaycanlılar tərəfindən oxunur, video formasında sosial şəbəkələrdə paylaşılır. Əfsuslar olsun ki, insanlarımız rus və azərbaycan dilli olaraq iki yerə bölünüblər. Daha çox Azərbaycan dilində danışan vətəndaşlarımız arasında Vətənə olan sevgilərini görürəm və məntiqli danışıqlarının şahidi oluram. 

Baxmayaraq ki, mənim tez-tez yuxarıda qeyd etdiyim mövzuda mübahisə etdiyim insanlar arasında hörmət etdiyim şəxslər də var. Onların intellektine, obyektivliyinə heç vaxt şübhə ilə yanaşmamışam. İlk olaraq ondan başlamaq istəyirəm ki, mənim Lalə Ələkbərova (red: “Park Cinema”nın PR meneceri ) ilə tanışlığım  telefonda olub. Bir layihə ilə bağlı sevimli aktyorlarımızdan biri olan Zaur Şəfiyev mənə müraciət etdi. Dedi ki, biz şeirlə bağlı bir layihə ərsəyə gətirmək istəyirik. Və 1-2 dəqiqəlik video çəkəcəyik, hamı orada sevdiyi şairin şeirlərini səsləndirəcək. 

Mən də bu təklifi bəyəndim. Şeir deməyi o qədər gözəl bacarmıram. Düşünürəm ki, kim hansı peşəni gözəl bacarırsa, onunla məşğul olsun. Başqalarının haqqını yeməmək üçün tanıdığım, gözəl şeir deyən dostlarımı onlarla əlaqələndirməyə çalışdım. Onlar arasında Nanə Ağamaliyeva, Zəhra Bədəlbəyli, Aqil M. Quliyev və başqaları var idi. Kimin ki, şeir demək qabiliyyətinə inanırdımsa, onların telefon nömrələrini belə təşkilatçılara göndərdim. 

Bunları yazmaqda məqsədim var. Bu cür köməklik göstərməkdə heç bir gözləntim, marağım olmayıb. Sosial şəbəkələrdə iradımı bildirirəm, hamı yazır ki, guya layihəyə qarşıyıq, paxıllıq edirik. Bu absurd səslənir. Belə bir şey yoxdur. Həmin xanımı (Lalə Ələkbərova) maksimum 200-300 nəfər tanıyır. Şükürlər olsun ki, mənim belə PR olunmağıma ehtiyyacım yoxdur. Şərhlərdə deyirlər ki, bunlar gedib toyda oxusunlar. Hansı sənətlə məşğul olmağımın heç kəsə aidiyyatı yoxdur. Toy bizim ev şənliyimizdir, dünya ulduzları belə toylara gedərək ifa edirlər. Burada nə alçaldıcı bir şey var ki, əllərində bayraq edirlər? Dövlət tədbirlərində, xeyriyyə konsertlərində çıxışlarımız hara getsin? Bizim işimiz niyə belə yerə vurulsun? Bu nə deməkdir? Müğənni heç vaxt fikrini deyə bilməz? Bu fikir hardan formalaşıb? Bunlar mənim üçün sual olaraq qalır. 

Buna baxmayaraq, rus dilində danışan azərbaycanlılar özlərini intelektual, şəhər adamı kimi qələmə verməyə çalışırlar. Mən də şəhərdə doğulmuşam, böyümüşəm. Rus və ingilis dillərini mükəmməl bilirəm. Bununla heç vaxt öyünməmişəm, barmağımı heç kəsin gözünə soxmamışam ki, niyə ana dilində danışırsan, rus dilində yox? Buna kimi irad bildirilir. Bu söhbətləri kənara qoyuram, heç bir əhəmiyyət kəsb etmir.

Deməli, həmin bu layihənin içərisində ən azı 5 dəfə erməni şair Eduard Asadovun şeirləri səslənir. İlk dəfə bununla rastlaşanda bilmədiklərini sandım və üstündən keçdim. Düşündüm ki, şeirdi, deyilib. Hətta, şeiri söyləyən xanıma şərh də yazmışdım. Çox hörmət elədiyim xanımlardan biridir - İlya Məmmədova. Yazmışdım ki, çox gözəl və istedadlısan. Şeir haqqında yox, şeir deməsi haqqında fikir bildirdim. 

Üstündən bir az vaxt keçdi. Gördüm ki, aktyor Azər Aydəmir də həmin şairin şeirini deyib. Ondan soruşublar, cavab verib ki, erməni olduğunu bilmirəm. Bunun da üstündən keçdim. 

Hər həftə Eduard Asadovun bir şeirini səsləndirirlər. Bu artıq mənim qıcığıma səbəb oldu. Bu  layihənin rəhbərlərindən biri, “Park cinema”nın mətbuat katibi özü də erməni şairin şeirlərindən birini səsləndirib. Mən bu zaman skandal yaratmadım, səhifəmdə paylaşmadım. Bir şərh yazdım, həmin şairin bioqrafiyasını yerləşdirdim. Bəlkə onlar xəbərsizdirlər. Elə həmin günü o layihəni dəstəkləyən saytın rəhbərinə erməni şairin bioqrafiyasını göndərdim. Ona dedim ki, sizin saytda çıxır, sən də diqqətli ol, sabah bir problem yaranmasın, ermənilər bizə qarşı nəsə istifadə etməsinlər. 

Yəni Azərbaycanda şair qıtlığıdır? Belə çıxır ki, erməni şairin təbliğatı gedir. Xahiş etdim ki, diqqətli olsunlar, silsinlər. İlk reaksiiyasından belə anladım ki, o, şairin miliyyətindən xəbərsizdir. Sonrakı reaksiyası isə fərqli oldu. Tanınmış bir saytın redaktoru özünə bunu bağışlanmaz hesab etdi. Yəni niyə maraqlanmadan, yoxlamadan belə edib. Mənə təşəkkür etmək əvəzinə mənə sosial şəbəkədə böyük bir status həsr etdi. Az qalıb ki, dünyada olan bütün ermənilərin soyadını filan yazsın. Mən başa düşmürəm ki, bu qədər ermənilərin ad, soyadını bilib, sənət yolunu izləyən nə qədər azərbaycanlı var. Mənim üçün bu çox təəccüblü bir şey idi. Şərhlərdə gördüm ki, dahi Müslüm Maqomayevi həmin şairin səviyyəsinə endiriblər. Yazdılar ki, Maqomayevin oxuduğu bir çox mahnıların bəstəkarı erməni olub. Bəllidir ki, o dövrdə biz ermənilərlə qonşuluq münasibətlərimiz olub. Biz vəhşi millət deyilik. Tolerantlığımız, humanistliyimiz göz önündədir. 
Bizim fikrimiz aqressiv səslənmədi. Dünyada, Azərbaycanda hu qədər şairlər ola-ola bir layihədə məhz beş-altı dəfə erməni şairin şeirləri oxunur. Biz bunun təbliğinə iradımızı bildirmişik. İrad bildirənlər arasında Zəhra Bədəlbəyli də var. Az qala onu paxıl adlandırsınlar. Halbuki bu insan özü gənc şairədir, gördüyü işlər Azərbaycanda böyükdür. Onun intelektual səviyyəsi yüksəkdir. Mənim və başqalarının skandal yaratmaq niyyətimiz olmayıb. Az qala bizi vətən xaini elan edəcəkdilər. 

Həmin redaktor elə bil məhkəmədə cinayətkarı müdafiə edirdi. Yalançı şahidlər çıxdı, bu hadisəyə guya münasibət bildirmək istədilər. Əslində sayt rəsmisi o xanımı ( Lalə Ələkbərova) müdafiə etmirdi. Həmin o şəxs səhvini başa düşdüyü üçün özünü müdafiə edirdi. Əslində, heç kim o xanımı günahlandırmırdı. Mən günahlandırsaydım ümumiyyətlə əmin olardım ki, şairin erməni olmasından xəbərdardır. Və o şərhdə milliyət barədə şərh yazmazdım. 

Azərbaycanda hər hansı bir insanın bu qədər erməni şairinə pərəstiş etməsini özümə sığışdırmıram. Biz qarabağlı, şuşalı deyilik. Azərbaycanlıyıq, Bakıda doğulmuşuq. Hər iki valideynim Qarabağ müharibəsinin iştirakçısı olub. Anam döyüşdə yaralanıb. Onların haqqında kitab yazılıb. Əgər onlar mənim haqqımda, valideylərimin kimliyindən məlumatsızdırlarsa, bu onların problemidir. Məni belə şeylərdə heç qınaya bilməz ki, yalandan skandal yaratmaq üçün vətənpərvərlik edirəm. Guya ki, bunlar patriotdurlar. Bu insanların intelektinə hörmət etdiyimə görə özüm özümə təəccübləndim. Necə olub ki, onları öz gözümdə bu səviyyəyə qaldırmışam. Onların düşüncəsi, bu fikirləri yozması mənə çatmadı. Hələ də fikirləşirəm ki, mən doğurdan da kimisə xəbərdar etdimsə, bu ermənidir, şairi təbliğ etməyin. Sakitcə xəbəri silib, mənə təşəkkür edərək söhbəti bağlamaq olardı. 

DJ-lərdən biri Orxan Panço anında reaksiya verdi ki, şairin erməni olmasına nə aidiyyatı var? Hər kəs fikirlərimizi yozdu. Bildiyimə qədər onun qohumlarında erməni var. Yazdım ki, mən başa düşdüm, nənən və yaxud həyat yoldaşının nənəsi ermənidir. O da cavab verdi ki, hə, xanımın nənəsi ermənidir. Bunun heç bir şeyə adiyyatı yoxdur. Mən də yazdım ki, necə yəni aidiyyatı yoxdur? Sənin ermənilərə pərəstiş etməyini anladım. Onların aqressiyasının özəyi bəlli oldu. Birinin qohumunda erməni var, digəri səhv olduğunu bilərəkdən özünü müdafiəyə qalxır. Hələ orada şərh yazan var, təklif edirlər ki, Eduard Asadovun şeirlərindən flaşmob edək. Guya ki, bunlar bizi boykot ediblər, bizi düşmən kimi qələmə verirlər. Bizə qarşı elə aqressiya yaranıb ki, guya durub biz kimisə aqressiyaya çağırırıq. 

Mən orada bir dəfə də olsun Xocalı sözünü qələmə alıb nəyisə sübut etmədim. Azərbaycanda bu günə kimi şəhid veririk, qardaş, bacısına yas tuturlar. Həmin şəxslər niyə tutaq ki, Səməd Vurğunun şerini yox, erməni şairinin şeirinə rast gəlməlidir. Bu təbliğat sayılmır, amma irad bildirdiyimiz kimi bizi şovinizmlə ittiham edirlər. Şovinizm sözünün mənasını anlayırlar? Çox insanlar var ki, fikirləri söz yığımından ibarətdir. Heç kəs baş verən hadisədə özünü günahkar hesab etmədi, məsələnin həllində rol oynamadı. Azərbaycanlılar iki qrupa bölünərək sosial şəbəkələrdə müharibə etdilər. Bir erməni şairə görə...