“Dedi “Topaz”a 20 min qoyaq, uduzdu...”

dedi-topaza-20-min-qoyaq-uduzdu
Oxunma sayı: 2830

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, ona bu işdə kömək edənlər – Tural Quliyev və Asif Abdullayevin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə S.Məmmədova ifadə verərək hadisəni necə planlaşdırdıqlarını danışıb: “Mənim  20 min manat kəsirim vardı, Turala dedim. O da təklif etdi ki, “Topaz”a 20 min qoyaq və əmin etdi ki, mütləq udacaq. Mən də pulu verdim, amma uduzdu. Sonra bir müddət Turalı tapa bilmədim. Axırda da belə bir plan qurduq ki, mən işdən çıxanda hücum edib çantamı alıb aparsınlar. Mən də işdəkilərə çantada 134 min manat olduğunu dedim”.

Proses aprelin 24-də davam etdiriləcək. 

Qeyd edək ki, istintaqın əvvəlində həbsə salınan dəstə üzvləri sonradan ev dustaqlığına buraxılıblar.

Rəsmi məlumata görə, Bakıda yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub. Soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu məlum olub. Araşdırma zamanı məlum olub ki, S.Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib.

Murad Əhməd