“Dəfələrlə millidən getmək istəmişəm” - Rəşad Sadıqov

“Dəfələrlə millidən getmək istəmişəm”
Oxunma sayı: 841

“Bizi ciddi rəqib gözləyir. Çexiya yığmasının son 2 matçını izləmişik. Rəqib çox yaxşı formadadır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununu sabah Çexiyaya qarşı keçirəcək. Bu görüş Sadıqovun yığmanın heyətində keçirəcəyi sonuncu matç olacaq.

Matçdan öncə keçirilən mətbuat konfransında Rəşad əvvəlcə bununla bağlı danışıb:

“Çexiya yığması hazırda turnir cədvəlində qərarlaşdığı yerə layiq deyil. Şəxsi fikrimdi ki, Şimali İrlandiya millisindən iki baş üstün oyun göstərirlər. Biz də matça yaxşı hazırlaşmışıq. Sonuncu ev matçımızdır. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək”

- 16 il, 110 oyun. Sabahkı qarşılaşma necə təsir edəcək?

- Bu haqda çox danışmaq olar. Fikrimin dağılmaması üçün bu haqda çox danışmaq istəmirəm. Əslində bu gün elan edəcəkdim. Sadəcə, əvvəldən açıqlandı, mən də təkzib etmədim. Təntənəli bir şeyin baş verməsini istəmirəm. Bu müddətdə nə dərəcədə yaxşı və ya pis oynadığımı azarkeşlər bilər. Gələcəkdə bu haqda danışmağa gələcəkdə vaxtımız olacaq. Milli mənim döyünən ürəyimdir. Hər şeyin bir sonu olur. İndi yalnız çexlərlə matça köklənmişəm. Asan qərar deyildi, bu haqda çox düşündüm və getməyi qərara aldım.

- Sabah penalti qazansaq zərbəni siz vurmaq istəyərdiniz?

- Bu cür hallara münasibətim yaxşı deyil. Əvvəlcədən nə qərar vermisənsə, sona kimi bunu etməlisən. Əgər komandada səndən yaxşı zərbə vuran varsa, penaltini də o yerinə yetirməlidi.

- Sizcə, gələcəkdə millidəki rekordlarınızı kimsə yeniləyə biləcək?

- Mənim millidə yeganə rekordum oyun sayıdır. Elə futbolçularımız var ki, 25-26 yaşı var, 60-70 oyun keçiriblər. Onların bu sayı geridə qoymaq imkanı var.

- Özündən sonra davamçı kimi görürsən?

- Bu sual mənə dəfələrlə verilib. Konkret cavab vermək çətindir. Hələ 1 il var. Kim özünü yaxşı göstərməyindən çox şey asılıdır. Fürsətdən istifadə edib, Prosineçkiyə dərindən minnətdarlıq bildirmək istəyirəm. Xorvatiyaya 0:6-dan sonra milli karyeramı başa vurmaq istəyirdim. Hətta fikrimi tərcüməçimiz Aydına və məşqçimiz Mahmud Qurbanova da demişdim. Bəxtimdən oyundan sonra heç bir media işçisi rastıma çıxmadı. Daha sonra Prosineçki milliyə gəldi və məni çox motivasiya etdi. Onunla danışdıqdan sonra yığma karyerama davam etdim. Ən böyük arzularımdan biri 100 oyun keçirmək idi. Bunda sonra yenə millidən getmək istəyirdim, amma yenə də o, məni fikrimdən daşındırdı. Belədə gördüyüm ən maraqlı tsikli yaşadım. Hətta Şimali İrlandiya ilə ev oyunundan sonra da getmək istəyirdim onda da, Prosineçki icazə vermədi. Bu dəfə icazə alıb, karyeramı başa vururam. Artıq millidə özümü görmürəm. Bu həm mənə, həm də komandaya ziyandır. Məndən sonra yığmanın kapitanı Rahid Əmirquliyev olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi