“Dəhşətə gələcəksiz ki, necə dözmüşəm?..”- - Mətanət

dehsete-geleceksiz-ki-nece-dozmusem-
Oxunma sayı: 5170


Əməkdar artist Mətanət İsgəndərlinin “Qafqazinfo”ya müsahibəsi:


- Mətanət xanım bu həftə “Danışmayacam” adlı mahnınıza çəkdirdiyiniz klipi təqdim etdiniz. Yaradıcılığınızda başqa hansı yeniliklər var?

- “Qərib payız” mahnısı artıq hazırdır. Oğlum mahnıya qulaq asıb ağladı. Çox kövrək qadınam, oğlum da mənə oxşayıb. “Qərib payız” mahnısına klip çəkdirəcəm, artıq hazırlıqlar başlayıb, ssenari yazılıb. O mahnıda yaşananlar həyatımda baş verib. Sanki həyatımdan bəhs edir.  Yaşadıqlarımı açıqlamaq istəmirəm, bəlkə, dünyadan gedərəm sonra hər kəs bilər.

- Yaşadıqlarınızı niyə açıqlamaq istəmirsiniz? Qınaq obyekti olmaqdan qorxursunuz?

- Qınamalı şeylər deyil.  Bilsəniz, özünüz dəhşətə gələcəksiniz ki, bir qadın bu şeylərə necə dözüb. Çox açıqlamaq istəmirəm. “Qərib payız” mahnısı fəlsəfi mahnıdır. Lakin mən payız xarakterli insan deyiləm. Şən qadınam, deyib-gülməyi sevirəm. Kədərli olsam, dözmərəm. 

- Özünüzü güclü qadın hesab edirsiniz?

- Əvvəllər özümü güclü qadın hesab etmirdim. İndi düşünürəm ki, güclü qadınam. 

- Konsert verməyi düşünürsünüz?

- İllərdir konsert vermək istəyirəm. Mənim qazancım toylardandır. İşgüzar qadınam. Həm evə çörək gətirirəm, həm də sənətlə məşğulam. Toy sənət deyil. Konsert isə vacibdir, lakin mənə qismət olmur. Toylardan vaxt tapmıram, 25 ildir el şənliklərindəyəm. Yoruluram. Məhərrəmlik ayında konsert vermək istədim, sonra fikirləşdim ki, tənqid edərlər.  Mən konsertə hazıram, ansamblım, repertuarım hazırdır, 500-dən çox mahnım var. Sponsorlar konsert təşkil etsin, çıxım oxuyum, pul isə istəmirəm. Xaricdən müğənni gətirib 300 min pul verirlər. Təkliflər də olur, amma təkliflər məni qane etməyib. 

- Mətanət xanım, gənc müğənnilərə izləyirsiniz? İfaları sizi qane edirmi?

- Maşallah o qədər çox müğənni var ki, seçə bilmirəm. İndiki gənclər üçün tanınmaq çətindir. Xalqımız istedadlı xalqdır. Istedadlı gənclər çoxdur. 

- Qalmaqallara münasibətiniz necədir? Sizi də qalmaqallara çəkirlər?

- Qalmaqal gözümün düşmənidir, zəhləm gedir.  Məni zorla qalmaqala sürükləyirlər, mən isə canımı qurtarıram. Qalmaqala sərf etdiyim vaxtı yaradıcılığıma sərf edərəm. Səsin düşməni əsəbdir, əsəbləşən kimi ürəyim ağrıyır, səsim batır, səhərə kimi yata bilmirəm. Həssas adamam. Bir  sözü ürəyimə salıram, 3 gün özümə gələ bilmirəm. Ona görə deyirəm ki, qurban olum, məni qalmaqala salmayın. Qalmaqal indi dəb düşüb, biz sənətə belə gəlməmişik. 

Könül