“Dəmirbank”ın beynəlxalq səhmdarları ləğvetmə prosesində iştirak edəcək

demirbankin-beynelxalq-sehmdarlari-legvetme-prosesinde-istirak-edecek
Oxunma sayı: 920

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) "Dəmirbank” ASC-nin ləğvetmə prosesi ilə əlaqədar Beynəlxalq Kreditorlar Qrupunun Rəhbər Komitəsinə müraciət edib.
 
“Qafqazinfo”nun məlumatına görə, “APA-Economics”in sorğusuna cavab olaraq Palatadan bildirilib ki, məqsəd ləğvetmə prosesini daha şəffaf, effektiv və beynəlxalq təcrübəyə uyğun həyata keçirməkdir.
 
Qeyd edək ki, Palatanın Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib. Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib.
 
Xatırladaq ki, "Dəmirbank" ASC  1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. 2017-ci ilin 30 sentyabr tarixinə olan maliyyə göstəricilərinə əsasən bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), 0,25%-i digər hüquqi şəxslər, 19,62%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəli Hacıyev, 5,45%-i Roman Əmircanov, 5,30%-i Səkinə Hacıyeva, 5,30%-i Könül Hacıyeva, 45,13%-i isə 810 fiziki şəxsə məxsus olub.