“DəmirBank”la bağlı ikinci müraciət

demirbankla-bagli-ikinci-muraciet
Oxunma sayı: 1953

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edildiyi, eyni qərarla “DəmirBank” ASC-yə  Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin olunduğu bildirilir. 

 “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə  alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, birinci elanın dərc edildiyi gündən (“Xalq Qəzeti”nin 5 yanvar 2018-ci il buraxılışı) 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər:
 
Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı.