Deputat keyfiyyətsiz məhsullardan danışdı

Deputat keyfiyyətsiz məhsullardan danışdı
Oxunma sayı: 733

Azərbaycanda “Standartlaşdırma haqqında”  və “Texniki Tənzimləmə haqqında” yeni qanun layihələri parlamentdə müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, hər iki qanun layihəsi haqqında MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O, əvvəlcə bildirib ki, standartlaşma haqqında qanun layihəsi 6 fəsil, 27 maddədən ibarətdir. Qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinə əsasən, bu qanun standartlaşdırma sahəsində əlaqələri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə şamil olunur.

Dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən 3 illik milli standartlaşdırma proqramı formasında həyata keçiriləcək.  Standartlaşdırma üzrə milli proqram standartlaşdırma ilə əlaqəli olan normativ hüquqi aktların, texniki reqlamentlərin tələbləri, standartlaşdırma üzrə texniki komitələrin iş planları nəzərə alınmaqla hazırlanacaq.

Layihəyə əsasən, dövlət standartları “AZS” nişanı ilə nişanlanacaq.

“Texniki Tənzimləmə haqqında” qanun layihəsi isə 4 fəsil, 18 maddədən ibarətdir. Qanun layihəsi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətinin artırılması məqsədilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləməninin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.

Qanun layihəsinə əsasən, dövlət texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edəcək, texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətini, texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığı təmin edəcək.

Eyni zamanda, istehlak bazarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.

 Müzakirələr zamanı deputat Əli Məsimli qeyd edib ki, ölkəyə gətirilən və ölkədə istehsal olunan məhsulların keyfiyyətsizliyindən də narazılığını bildirib və buna nəzarətin artırılmasını təklif edib. O, xüsusilə çörək məhsullarına keyfiyyətin artırılmasının vacibliyini vurğulayıb: “Çünki çörək  bizim üçün strateji məsələdir”.

 Deputata cavabında isə spiker Oqtay Əsədov belə reaksiya verib:  “Əli müəllim, təkcə çörək deyil,ət də, süd də strateji məhsuldur”

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi