Deputatlardan narkotika açıqlaması

deputatlardan-narkotika-aciqlamasi
Oxunma sayı: 1057


Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində təşkil edilmiş və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.
Azərbaycanın Ermənistan tərəfindən işçğal olunmuş Dağlıq Qarabağ ərazilərində qanunsuz yolla narkotika yetişdirilməsi artıq bütün dünyaya çoxdandır ki, bəllidir. Azərbaycan dəfələrlə bu mövzunu beynəlxalq təşkilatların qarşısında qaldırsa da, görünən odur ki, məsələ öz həllini tapmayıb.
“Qafqazinfo” məsələ ilə bağlı bir neçə millət vəkilinin mövzuya münasibətini öyrənib.
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, neçə illərdir Azərbaycanın rəsmi dairələri, müxalifət nümayəndləri və Milli Məclisin üzvləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazilərində narkotika yetişdirildiyini bəyan edir: “ Dağlıq Qarabağda narkotika yetişdirilir, həm də oradan tranzit məkan kimi istifadə olunur. Bura terror ocağı olmaqla yanaşı,  həm də tranzit narkotika əməliyyatları həyata keçirildiyi yerdir. Bizi üzən əsas məsələ odur ki,  Azərbaycanın daima münasibətlərini qorumaq istədiyi, hətta qardaş dediyimiz qonşumuz İran bu məsələdə Ermənistan və Dağlıq Qarabağın seperatçı qurumları ilə birgə hərəkət edir. Yəni narkotika İran vasitəsilə Azərbaycana və başqa ölkələrə daşınır. Biz beynəlxalq görüşlərimizdə bu məsələni həmişə qurumların nəzərinə çatdırırıq. Amma görünən odur ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazilərində narkotika tranzitini davam etdirir”.

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan bu mövzunu dəfələlərlə beynəlxalq təşkilatlarda qaldırıb: “Özü də çox ciddi şəkildə qaldırıb ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını narkotik məhsulların yetişdirilməsi və qaçaqmalçılığı yuvasına çevrilib. Eyni zamanda təbii ki, terror təşkilatları üçün bir yuvadır. Silah qaçaqmalçılığı yuvasına çevirib. Xüsusilə, narkotiklərin yetişdirilməsi və qaçaqmalçılığının çox ciddi bir mənbəyinə çevrilib. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatları bu məsələyə laqeyd yanaşmamağa çağırıb ki, bu məsələyə çox ciddi reaksiya versinlər. Beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiqlər etsinlər. Çünki Azərbaycanın torpaqları işğal edildiyinə görə, həmin ərazilərə nəzarət edə bilmir. Ermənistan isə oranı məqsədli şəkildə narkotik maddələrin yetişdirilməsi və qaçaqmalçılığı yuvasına çevirib. Mənim yaxşı yadımdadılr ki, cənab prezident AŞPA-da Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən vaxtlarda bu məsələni çox ciddi şəkildə qaldırmışdı. Biz ondan sonra da nümayəndə heyəti olaraq o mövzunu dəfələlərə Avropa Şurasının tribunasından səsləndirmişik. Bununla bağlı sənədlər hazırlanıb”.

Onun sözlərinə görə, təbii ki, bu fakt yenə də bu mövzunu gündəmə gətirir ki, Ermənistan beynəlxalq təşkilatların bütün çağırışlarına və tövsiyələrinə məhəl qoymayaraq bu qeyri-qanuni əməllərini davam etdirir: “İşğal etdiyi Azərbaycan torpaqlarını yenə də narkotik maddələrin yetişdirilməsi və qaçaqmalçılığı yuvasına çevirib. Artıq bununla bağlı bir şəbəkə aşkara çıxarılaraq həbs olunub. Təbii ki, Azərbaycan bunu bütün beynəlxalq təşkilatlarda yenə də qaldıracaq. Yaxın günlərdə AŞPA-nın sessiyası başlayacaq. Bu sessiya çərçivəsində mən şəxsən  Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü olaraq bu məsələni qaldıracam. Assambleyaya bu mövzunu diqqətinə çatdırmaqla bərabər, onlara bu çağırışı da səsləndirəcəyik ki, artıq AŞPA  da daxil olmaqla beynəlxalq təşkilatlar bu cür məsələlərə laqeyd yanaşmamalıdır. Çünki bu, bütün dünya üçün təhlükə mənbəyidir. Bu kimi addımların durdurulması istiqamətində Ermənistana təzyiqlər artırılmalıdır. Ən vacib məsələ bu qanuna zidd əməllərin dayanmasının yolu Azərbaycan torpaqlarının işğaldan azad olunmasından keçir ki, AŞPA və digər beynəlxalq təşkilatlar da özlərinin işğal olunmuş torpaqların azad edilməsi istiqamətində qəbul etdiyi qətnamələrlə Ermənistana təzyiqləri artırmaldır. Görünən odur ki, Ermənistan belə bir ciddi təzyiqlər olmadan, beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən  çağırışlara məhəl qoymadan qanuna zidd əməllərini davam edəcək. Bu fakt da onun bariz nümunəsidir ki, Ermənistan bu kimi əməllərindən əl çəkmək istəmədiyinin bariz nümunəsidir”.

Məsələ ilə bağlı bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, deputat Əli Əhmədov da açıqlama verib. Onun sözlərinə görə, dəfələrlə Azərbaycanın rəsmi dairələri, o cümlədən müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən əslində nəzarətsiz qalan işğal altında olan Azərbaycan torpaqlarına narkotik istehsalı üçün istifadə edilməsi haqqında çox ciddi əsaslara söykənən bəyanatlar səsləndirilirdi: “Mən güman edirəm ki, bu bəyanatlar bütövlükdə nəzarətsiz qalan Azərbaycan ərazilərindən hansı məqsədlər üçün istifadə edilməsi məsələsinə aydınlıq gətirib. Bu faktın ortaya çıxarılması narkotika istehsalı ilə məşğul olan insanların həbs edilməsi güman edirəm ki, bu günə qədər səsləndirilən fikirlərin həqiqət olduğunu göstərir.  Hesab edirəm ki,  beynəlxalq təşkilatları düşündürən ciddi problemlərindən olan narkotika ilə mübarizə aparan təşkilatları bu məsələyə bir daha sövq edəcək ki, bununla ciddi məşğul olsunlar. Hesab edirəm ki, bəşəriyyət üçün ağrıdıcı olan halın qarşısının alınması üçün çox ciddi addımlar atılacaqdır. Bu eyni zamanda onu göstərir ki, nəzarətsiz qalan Azərbaycan torpaqları işğaldan azad olunmalıdır.  Azərbaycanın KİV-ləri, Milli Məclisin üzvləri, QHT-ları bu həyəcanlı faktı dünya ictimaiyyətinin və lazımı beynəlxalq təşkilatların ünvanına çatdırmaq üçün çox ciddi işlər görməlidir”.

Günel