Dərman oğurlayıb satmaq istədi - Foto

derman-ogurlayib-satmaq-istedi
Oxunma sayı: 728

Qubada oğurluqlar edən keçmiş məhkum, rayon sakini, 41 yaşlı Rauf Məlikov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Rauf Məlikov may və iyun aylarında rayonun Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birindən generator, su nasosu və digər təsərrüfat avadanlıqları, eləcə də rayon ərazisində dərman preparatları daşıyan avtomobildən tibbi avadanlıqlar və müxtəlif növ preparatlar oğurlayıb. Oğurluq nəticəsində əldə etdiyi təsərrüfat avadanlıqları dəyərindən ucuz qiymətə satan R.Məlikov, əldə etdiyi pulları xərclədiyini bildirib.

Oğurladığı dərman preparatlarını rayon ərazisində satmaq istəyən zaman polis əməkdaşları tərəfindən iş başında yaxalanan R.Məlikovun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb. R.Məlikov narkotik vasitə istifadəçisi olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Oğurluq yolu ilə əldə edilmiş tibbi avadanlıqlar və dərman preparatları isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.