Dərs demək üçün 7-8 saat yol gedir... - Ən məşhur müəllimlə ucqar kənddə + Video

ders-demek-ucun-7-8-saat-yol-gedir
Oxunma sayı: 3310

Adını belə deməkdə çətinlik çəkdiyimiz ucqar bir dağ kəndinin təmirsiz məktəbində dərs deyən müəllim qısa zaman ərzində necə məşhurlaşa bilər? Onun kimi. 

Kim olduğunu xatırlaya bilməsəm də, sosial şəbəkə istifadəçilərindən biri müəllimin videosunu paylaşaraq “bu insanı tapmaq, çəkmək lazımdır”-deyə bir cümlə yazmışdı. Odur ki, biz də “Qafqazinfo” olaraq bu dəfə Həbib müəllimin sorağı ilə yolumuzu Lənkəranın Gəgiran kəndindən saldıq... 

Xoşbəxtlikdən müəllimlə əlaqə saxladığımız zamanı məlum oldu ki, eyni qatar vaqonuna bilet almışıq və söhbətləşmək üçün uzun bir gecə bizi gözləyir. Cümləmin girişindəki xoşbəxtlikdən sözünü əbəs yerə yazmamışam, səhər kəndə getmək üçün nəqliyyat vasitəsi axtardığımız zaman axşamkı bu təsadüfün həqiqətən xoşbəxtlik olduğunun bir daha şahidi olduq. Çünki kəndə gedən hər hansı bir avtobus yoxdur. Əvvəlcə, Lənkərandan avtobusla Masallının bir kəndinə yollanırıq, oradan da torpaq yolla Gəgiran kəndinə. Ancaq kəndin yolu bərbad vəziyyətdə olduğu üçün oraya yalnız “NİVA” markalı maşınlarla qalxmaq mümkündür. Bu səbəbdən də qabaqcadan kənd sakinlərinə zəng vurub maşın sifariş verməlisiz. Bir gediş-gəliş isə 10-15 manata başa gəlir.

Həbib müəllim deyir ki, Astaranın Şüvi kəndində yaşayır və dərsi olanda bir gün əvvəlcədən yola çıxır. Mənzil başına çatmaq üçün, hətta 6-7 saat yol kənarında maşın gözlədiyi günlər də olur. Bəzən isə müəllimlərdən kimsə onun dadına çatır. Qeyd etdiyim kimi yollar çala-çuxur olduğu üçün 20 dəqiqəlik məsafəni 1 saatdan çox bir vaxta getmək olur. O da kı, əgər maşınınız yolda qalmazsa. Çünki kənd sakinləri deyir ki, bu yolu bir dəfə gedib gəldikdən sonra maşın mütləq ustaya göstərilməlidir.

Bilirəm, hər ucqar dağ kəndinə getdikdən sonra ən azı bir abzası bu yolların vəziyyətindən yazmağa həsr edirəm, inanın kı, dəyər. Kənddə öyrəndik ki, vay o adamın halına ki, birdən qəfil səhhətində narahaqlıq yarana... Çünki yolların bu vəziyyətini bilən təcili yardım əməkdaşları kəndə gəlməkdən imtina edir. Misal üçün, ötən həftə bir müəllimin halı pisləşib, bir neçə zəngdən sonra həkimləri gəlməyə razı salıblar, o maşın da 4-5 saat sonra kəndə çatıb.

Bütün bu çətinliklərə baxmayaraq Həbib müəllimin Gəgiran kəndini seçməsinin bir məqsədi var: peşəsinə olan sevgisi. İki il əvvəl müəllimlərin işə qəbul imtahanında topladığı 51 balla şəhərə təyinat almaq şansı olsa da, o, ucqar bir kənddə təhsil verməyi üstün tutub: “Düşündüm ki, bu uşaqların bizə daha çox ehtiyacı var. Müəyyən çətinliklər var, ancaq hər dəfə onların üzündəki xoşbəxtliyi görəndə hər şeyi unuduram. Bu il bir şagirdimlə qəbul imtahanına hazırlaşırıq. Hədəfimiz tarixi 100 % yazmaqdır. Bu, həm mənim, həm də məktəbin tarixində böyük bir hadisə olacaq”.

Gəgiranın indiyə kimi olduğumuz ucqar kəndlər içərisində ən çox uşaq gördüyümüz yer olduğunu deyə bilərik. Hazırda məktəbin 250-dən çox şagirdi var. Ancaq əfsuslar olsun ki, yuxarı siniflərə qalxdıqca şagird sayı azalır. Bunun da səbəbi uşaqların, xüsusilə də, yaz-yay aylarında təsərrüfata yönləndirilməsi, qız uşaqlarının təhsildən ayrılmasıdır. Həbib müəllim istedadlı şagirlərindən birini tələbə kimi görmək üçün valideynləri ilə bir razılığa da gəlib: Qəbul imtahanına kimi uşaq əlavə işlərə göndərilməyəcək. Müəllim şagird münasibətindəki incə bağ isə belə yaranıb. Bu il qəbula hazırlaşan tələbə zəhmətlə qazandığı puldan az-çox yığıb özünə tarixdən hazırlaşmaq üçün vəsait alıb.

“Bax, bunu görəndən sonra bir müəllimin çətinliklərdən, ya başqa bir şeydən şikayətlənməyə haqqı yoxdur”- Həbib müəllim deyir.

Günel Hacı

Fotolar və video: Nuran Məmmədov