Dərslərin dayandırılmasına heç bir göstəriş yoxdur

derslerin-dayandirilmasina-hec-bir-gosteris-yoxdur
Oxunma sayı: 650

Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hələlik dərslərin rəsmi şəkildə dayandırılması ilə əlaqədar heç bir göstəriş yoxdur. “Gərək Nazirlər Kabineti tərəfindən rəsmi şəkildə göstəriş verilsin ki, havanın şaxtalı olması ilə əlaqədar dərslər bir müddət dayandırılsın. Bəzi məktəblər artıq dərslərin dayandırılması ilə bağlı bizə müraciət edib, biz də öz növbəmizdə bununla əlaqədar Təhsil Nazirliyinə müraciət ünvanlamışıq”, - deyə Zəminə Əliqızı bildirib.

Z.Əliqızı bundan başqa məktəbə gələn şagirdlərə dərs keçilməsinin vacibliyini də diqqətə çatdırıb: “Əgər şagird məktəbə gəlib çıxa bilibsə, mütləq dərs keçilməlidir. Şagirdlər evə buraxılmamalıdır”.

Qrum rəsmisinin sözlərinə görə, paytaxtın bir çox məktəblərində şaxtalı havada dərs keçilməsinə şərait var. “Bir çox məktəblərdə istilik sistemləri yenidən qurulub, müasir standartlara cavab verir. Düzdür, paytaxtda elə məktəblər var ki, orada şərait çox da yaxşı deyil. Həm elektrik təchizatı, həm də istilik sistemləri baxımından müəyyən problemlər yaşanır. Lakin Bakıda bir çox məktəblərdə şərait çox yaxşıdır”.

Xatırladaq ki, bu gün Bakıda temperatur ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi açıqlamaya görə, bu gün axşamdan başlayaraq yenidən hava şəraiti daha da kəskinləşəcək. Havanın şaxtalı keçəcəyi, qar yağacağı, bəzi yerlədə intensiv və güclü olacağı proqnozlaşdırılır.