Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?

derslikleri-qelizlesdirmekle-neye-nail-olduq
Oxunma sayı: 8128

Aynur Abbaszadə

Vəziyyət ağırdı. Özü də, lap ağır. Hamı bir-birini günahlandırır: müəllimlər valideynləri, valideynlər müəllimləri və bütün təhsil sistemini... Nəticə də ki, bərbad. Təklif irəli sürən çox az, tələb və tənqid edənlər, hətta işi təhqirə qədər gətirənlərin sayı-hesabı yox. Məktəblər ağır cəzaçəkmə məntəqələrinə bənzəyir. Özlərindən ağır çantaları daşımaqları azmış kimi, hər gün  5-7 saat oturmaq da, başqa bir əzabdır uşaqlar üçün. Gəlin bir az səmimi olaq. Dərslikləri qəlizləşdirib, elmi çəkisini artırmaqla nəyə nail olduq? 

Ötən tədris ilinin yekununda ilk dəfə  IX sinif şagirdləri Azərbaycan dili və Riyaziyyat fənnlərindən ikimərhələli buraxılış imtahan verdilər. Bir riyaziyyat müəllimi olaraq onu deyim ki, ilk mərhələdə təqdim olunan sualların çətinlik dərəcəsi olduqca yüksək idi. Sanki, şagirdlər 9 illik attestat yox, elmi dərəcə alacaqdılar. Suallar hazırlanarkən sırf dərin biliyə və qabiliyyətə malik şagirdlər nəzərə alınmışdı. Bəs digərləri? Bəyəm hər kəs riyaziyyatçı olmalıdır? 

Dərsliklər dövlətin qoyduğu standartlardan (yaş həddi nəzərə alınmadan qoyulan) çox-çox ağırdı. Saysız-hesabsız səhvlər dərsliklərin tələm-tələsik yazılmağının göstəricisidir. Tutaq ki, sözügedən səhvləri peşəkar müəllimlər aşkara çıxarıb düzəldir, şagirdə daha düzgün bilik verir. Axı fəal təlim prossesində tədqiqatçı şagird yeni biliyi müəllimin diktəsi olmadan özü əldə etməlidir. Onsuz da, onların yaş həddini aşan üstəlik səhvlərlə dolu dərsliklərdən hansı biliyi əldə etsinlər axı?

Kobud müqayisə olsa da, düşünək: sənin su səhəngin 5 litr su tutursa, 6-cı litri o səhəngə hansı möcüzə nəticəsində süzəcəksən? Vaxtiylə bizim 6-cı, 7-ci siniflərdə öyrəndiyimiz mövzuları indiki şagirdlər 3-cü, 4-cü siniflərdə mənimsəməlidirlər. Beynimiz hansı arada bu qədər inkişaf etdi?! Nə yedik, nə içdik ki, bu səviyyəyə gəlib çıxdıq?! Guya mənimsəniləcək materialları qəlizləşdirməklə daha savadlı bir nəsil yetişdirdik? Xeyr! Çətinləri öyrətməyə çalışarkən asanları belə daha qavramaq istəmədiklərin şahidi olduq. Nəticədə elm öyrənməkdən get-gedə soyuyan bir nəsil əmələ gəldi. Təsəvvür edin ki, kiçik boşqabla yeməli olduğunuz yeməyi sizə qazanla təklif edirlər, hətta təcili həzm etməyinizi tələb edirlər.

Bu il artıq 10-cu ildir ki, müəllim işləyirəm. İllərin müşahidəsi onu göstərir ki, indi keçdiyimiz mövzunu şagirdlər növbəti tədris ilində daha yaxşı anlayırlar. Sadə bir nümunə deyim, məsələn, əgər VII sinifdə “Sadə faiz artımı düsturu”nu keçiriksə, şagird düsturu mexaniki əzbərləyir, məsələlərə tətbiq edir, lakin bunun mahiyyətini VIII sinifdə daha gözəl anlayır. Olmazdımı ki, bu mövzu elə VIII sinifdə keçirilsin?! Beləcə 100-lərlə nümunə göstərə bilərəm. Bəli, indi ürəyinizdən keçən səsləri də, eşidirəm: “Peşəkar şəkildə tədris olunsaydı, şagird anlayardı”. Cavabını verirəm: Xeyr! Nə qədər peşəkar müəllim olursan ol, şagird dərketməsinin müəyyən sərhədi var. 

İndiki təhsil sistemi söyüd ağacının dadlı, ləzzətli meyvələr bar verməsini gözləyir. Sözsüz ki, istisnalar hər zaman mövcuddur. Keçirilən mövzunu dərhal anlayan qabiliyyətli şagirdlər (sayılabiləcək qədər az) də, var. Amma ümumi götürsək, proqram şagirdlərin yaş səviyyəsin-dən çox ağırdı. Hər bir şagirdin “daşıyabiləcəyi yük” var. Əgər onu daha artığı ilə yükləsək əmin olun ki, daşımaqdan ya imtina edir, ya da, altında qalıb əzilir. İnkar etməklə deyil, mövcud vəziyyət budur.

Gəlin, dünyadakı uğurlu təhsil sistemlərinə nəzər salaq. Məsələn: Finlandiya. 200 ildir dəyişməyən təhsil sistemi ilə dünyada məşhurdur. Şagirdlər öyrəndikləri qədər əylənirlər. Gündəlik dərs saatlarının sayı təxminən 3 və ya 4 olur. Akademik saatları bir-birinə oyun oynaya biləcəkləri qədər uzun olan tənəffüslər bağlayır. Az-az, həm də zövq alaraq öyrənirlər. Bizdə isə əksinə. Valideyn dəstəyi olmadan şagird öz gücünə dərs yükünün altından qalxa bilmir. Yeni dərs ili başlayandan təxminən 10 gün sonra qarşımızda yorulmuş, bezmiş, baxışlarıyla mərhəmət tələb edən şagirdlər görməyimizin səbəbi sizcə başqa nə ola bilər? Valideyn məcburiyyəti və müəllim nəzarəti olmadan oxumaq istəyən şagird çox azdır. Bütün bunların səbəbi dərs yükünün həddindən artıq ağır olmağıdır. Mütləq və mütləq bir çarəsi tapılmalıdır. Əks halda, Azərbaycanın beş il sonrakı vəziyyətini təsəvvür etmək belə istəmirəm.

(Ardı olacaq)