Devalvasiyanın işğalı

devalvasiyanin-isgali
Oxunma sayı: 3223

Fərid Hüseyn

Bu günlərdə qonorar almaq üçün Kapital Banka getmişdim. Xeyli basırıq idi, adam əlindən tərpənmək olmurdu. Xam xəyala düşüb elə bildim adamlara pul paylayırlar, sonra gördüm yox, zəmanəmizin insansovuran bataqlığı bu dəfə camaatı dollara görə canına çəkir. Bir ayaq-bir ayaq kassaya yaxınlaşdım, dedim yəqin çuval ilə dollarları var, təcili manata çevirirlər. Yaxınlaşanda gördüm ki, birinin əlində 200 manat, o birində 400 manat, xaşalqarında 1000 manat... Və “o bu gün var, sabah yox” pulları çevirmək üstündə qırğındır.

Məni sarsıdan, içimi yeyib-parçalayan, 85 manatına 50 dollar almaqdan ötəri təşnə ağsaqqalın görkəmi idi. Onun gözlərindəki ümidsizlik təsvirəgəlməzdi. Tutalım, o, 50 dollar aldı, sabah 1 dollar oldu 2 manat, pulu 10-15 manat artdı, o pula üç-beş gün yaşadı, bəs sonra necə olacaq? Belə düşünən yoxdur, çünki artıq məmləkətin insanlarının gözləri sabaha, gələcəyə baxmır, ən uzağı üç gün, beş gün sonranı görür...

Müharibə də görmüşük, çətin vaxtlar da olub, boz küçələrdəki kimsəsizliyi də yadımızdadır, amma heç vaxt insanlar indiki qədər naümid olmayıblar. Bu inamsızlıq, sabaha güvənməmək, növbəti günün daha dəhşətli olacağına olan gözləntilər insanları görün nələrə vadar edib? İnsanlar mütləq şəkildə əmindirlər ki, sabah daha pis bir gün gəlir, vəziyyət daha acınacaqlı olacaq, ona görə də beş gün daha yaxşı yaşamaq, daha ehtiyata pul saxlamaq istəyirlər. Ağlım kəsəndən yalnız ötən yeni ildə bayram keçirməyən ailələr gördüm...

Hamı dollardan danışır, hara getsən, söhbət hərlənib-fırlanıb devalvasiyaya gəlir. Corc Oruelin “1984” romanında qəhrəmanları Üinston ilə Culiyanın yataqda siyasətdən danışdıqları kimi, az qala sevgililərin də mövzusu bu saat dollardır...

Əksər insanlar özünün və uşaqlarının gələcəyindən nigarandı... Beş sahibkardan üçü gələcəyini aylara, illərə yox, iki saat sonraya hesabladığına görə süni qiymət artımı ilə məşğuldurlar.

Devalvasiya xəbəri yayılan gün mağazaların bağlanması da təfəkkürümüzün bir gün sonraya hesablanmasının göstəricisi idi. Eyni zamanda, həmin gün göründü ki, insanlar bir-birinə güzəşt etməyə mənəvi cəhətdən hazır deyillər, çoxları indisini düşünür, sabah necə olacağı onları maraqlandırmır. Xalq isə bilmir manatın dəyərdən düşməsini dərd eləsin, yoxsa sahibkarlardan insaf umsun...

İlk dəfədir ki, adamların çoxu hər gün neftin neçəyə olması ilə maraqlanır, gələcək talelərinə neft gəlirlərinin təsirini başa düşürlər. Bir il yarım əvvəl isə çoxları neftin neçəyə satıldığı ilə maraqlanmırdı da. İndi isə insanlar neftin qiymətinin kəskin düşməsini dəriləri ilə hiss edirlər, bıçaq sümüyə dirənib, divardan o yana yol yoxdur...

İlk dəfədir ki, xalqı dövlətin pulunun qeydinə qalan görürəm, əvvəllərsə belə deyildi, əksəri öz pulu, qazancı haqqında düşünürdü və çoxları idrak etmirdi ki, onun qismətinə düşən pulu göydən zənbillə sallamırlar. Bu da, belə çətin günlər də iqtisadi müharibənin nişanələridir və inanaq ki, bu dəfə də qarışıq vaxtı “mənəvi ərazi”miz işğal olunmayacaq və insanların gözündən oxunan “bəs sabah necə?” sualına ümidli bir cavab tapılacaq...