Dəvə kimi qızan Əsəddən ərəblər də imtina etdi

deve-kimi-qizan-esedden-erebler-de-imtina-etdi-
Oxunma sayı: 639

Bundan əvvəl isə İtaliya və Qətər öz səfirlərini Dəməşqdən geri çağırıblar. ABŞ isə öz diplomatik missiyasının əməkdaşlarının bir hissəsini evakuasiya edib. Suriyada baş verən qəddarlıqlara qarşı ilk dəfə Ərəb Liqası da səsini qaldırıb. Təşkilat bəyan edib ki, Suriya hakimiyyəti dinc əhaliyə qarşı zorakılıqları dərhal dayandırmalıdır.

Ərəb Liqası Suriya hakimiyyətinin zorakılıqlarının getdikcə daha çox narahatlıq və qəzəb doğurduğunu bildirib. Təşkilatın rəhbəri Nabil əl-Ərəbi bəyan edib ki, Suriya hakimiyyəti etirazların keçirildiyi yaşayış məntəqələrində hərbi əməliyyatları davam etdirir və bu ölkədə təhlükəsizliklə bağlı situasiya getdikcə pisləşir.
Xəbər verildiyi kimi, Suriya ordusu ötən bazar günü ölkənin şərqindəki Deyr əs-Zor şəhərinə hücuma başlayıb. Şəhərə hücumda 250-dən çox tank və zirehli texnika iştirak edib. Hücumun birinci günündə onlarla adam öldürülüb. Dünənə olan xəbərlərə görə, şəhər intensiv artilleriya və raket atəşinə tutulurdu. Şəhərin təkcə bir kvartalında 50-dən çox sakin həlak olub. Suriya ordusu müxalifətçilərin yollarda qurduqları barrikadaları dağıdaraq mərkəzə doğru irəliləyir və qarşılarına keçən hər kəsi məhv edir. Şəhər tam mühasirəyə alınıb, telefon əlaqəsi kəsilib, elektrik və su verilməsi dayandırılıb. Bundan əvvəl isə Suriya ordusu Hama şəhərinə hücum edərək kütləvi qətliamlar törətməyə başlamışdı.
Türkiyə də Suriya rejiminin qəddarlıqlarından bezib və Dəməşqə sərt mesaj verib. Ötən həftə baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, dəfələrlə edilən çağırışlara baxmayaraq Suriya hakimiyyəti zorakılıqları dayandırmayıb və bu da Türkiyənin səbrini daşırır. Baş nazir xarici işlər naziri Əhməd Davudoğlunu Suriya rejiminə ultimatum təqdim etmək üçün dünən Dəməşqə göndərib. Səfər ərəfəsində Ə.Davudoğlu ilə ABŞ dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub. Ehtimallara görə, Türkiyə ilə ABŞ Suriyaya qarşı hərbi əməliyyatların mümkünlüyünü müzakirə edir. Bəzi xəbərlərə görə, türk ordusu Suriya sərhədlərini keçərək bufer zonası yarada bilər.

musavat.com