Dəyişikliklər kimləri məsuliyyətdən azad edəcək?

deyisiklikler-kimleri-mesuliyyetden-azad-edecek
Oxunma sayı: 9133

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Bəzi istisnalarla 2017-ci ilin dekabr ayının birindən quvvəyə minəcək.

Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov Cinayət Məcəlləsinə edilən bir sıra mühüm əlavələr və dəyişiklikləri şərh edib.

"Qafqazinfo" həmin yazını təqdim edir:

"Bu dəyişikliklərin mühümlüyünü və inqilabi əhəmiyyətini ən az iki faktorla sübuta yetirmək mümkündür. Birincisi Cinayət qanunvericiliyimizə  olunmuş kompleks dəyişikliklər, cəza siyasətinə demək olar ki, yenidən baxılması və onun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi faktorudur. İkincisi isə Azərbaycanda uzun illərdir müzakirəsi gedən, dünya təcrübəsində əksər inkişaf etmiş dövlətlərdə uğurla tətbiq olunmaqda olan və ölkəmizdə də nəhayət ki, reallaşdırılmasına qərar verilən Cinayət qanunvericiliyinə cəza institutunun həyata keçirilməsi ilə bağlı yeni nəfəs gətirəcək  Probasiya xidmətinin təsis olunmasıdır. Bununla bağlı Prezident sərəncamına əsasən təsis edilən Probasiya xidməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməklə cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza tədbirlərinin icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədi daşıyır. 

Bu sərəncamdan irəli gələn, qanunvericiliyə kompleks dəyişiklikləri və əlavələri zəruri edən məsələlərlə bağlı Cinayət Məcəlləmizə 300-ə qədər mühüm dəyişikliklər və əlavələr qəbul edilib. Hazırda 353 maddədən ibarət olan Cinayət Məcəlləsinə qeyd olunmuş sayda dəyişikliklərin olunması artıq onun kompleks şəkildə təkmilləşdirilməsindən xəbər verir. Bununla bağlı qeyd edim ki, Cinayət Məcəlləsinə bir sıra yeni müddəalar daxil edilmiş, bəziləri ümumiyyətlə çıxarılmış və əksər maddələrə isə köklü dəyişikliklər olunub. 

Qeyd olunan sərəncamla bağlı Cinayət Məcəlləsinə edilən dəyişikliklərə qətimkan tədbirlərinin seçilməsi və cəzaların icrası zamanı elektron nəzarət vasitələrinin tətbiq olunması, alternativ cəza tətbiqinin genişləndirilməsi, iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumluq institutlarının daha geniş və intensiv tətbiq edilməsi məsələləri aiddir.

Dəyişikliklərə əsasən Azərbaycan Respublikasının quvvədə olan Cinayət qanunvericiliyində mövcud olan cəza institutuna azadlıqdan məhrumetmə cəzasına alternativ cəza tədbiri qismində, tamamilə yeni dizaynda və yeni məzmunda olan azadlığın məhdudlaşdırılması cəzası daxil olundu. Bu cəzanın məzmunu və onun həyata keçirilməsi ölkəmizdə cinayətlərlə bağlı cəza institutunda inqilabi dəyişikliklərə səbəb olacaq. Bu cəza növünün qeyd olunan məzmunda Cinayət Məcəlləsinin cəzaları sırasına salınması və xüsusi hissədə nəzərdə tutulan 150 ictimai təhlükəli əməllə bağlı sanksiyaya alternativ cəza tədbiri kimi daxil edilməsi məhz yaradılcaq Probasiya  Xidməti ilə bərabər eyni məqsədlərə xidmət edəcək. 

Yeni cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası, əvvəllər cinayət məcəlləsində mövcud olmuş eyni adlı cəza növündən fərqli olaraq məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasını nəzərdə tutur. Məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulur. 

Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməməli, - elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməməli, - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməli, - habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır.

Bunlardan əlavə məhkəmə həm də məhkum üçün aşağıdakı vəzifələri də müəyyən edə bilər: - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, - məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, - alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, - məhkumun islah olunmasına kömək edən başqa vəzifələr.

Cinayət Məcəlləsinə əsasən müddət baxımından azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək təyin edilə bilər. Yetkinlik yaşına  çatmayanlara münasibətdə isə bu cəza növü iki aydan iki ilədək müddətə təyin edilə bilər.

Bu cəza növünün qanunla müəyyən olunmuş və məhkəmə tərəfindən təyin edilmiş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.

Eyni zamanda Məcəlləyə əsasən azadlığın məhdudlaşdırılması cəzasının şamil olunmadığı şəxslərin dairəsi də konkretləşdirilmişdir. Bura hərbi qulluqçular, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslər aiddir.

Cinayət Məcəlləsinə edilmiş ən əhəmiyyətli və vacib dəyişikliklərdən biri hazırda quvvədə olan cinayət qanunvericiliyimizin ən ağır cəzası olan ömürlük azadlıqdan məhrumetmə ilə bağlıdır.

Edilmiş dəyişik ömürlük azadlıqdan məhrumetmə cəzasının müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunması məsələsində cəzanın azaldılmasından ibarətdir. 57.4-cü maddənin yeni məzmununa əsasən Cinayət Məcəlləsinin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü əvvəlki kimi, on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə deyil, on ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.

Daha bir yenilik Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallarla bağlıdır. Belə ki, məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların dairəsi genişləndirilmişdir və eyni zamanda 60-cı maddədə qeyd olunan “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi” ilə bağlı əlavələr edilmişdir. Cinayət Məcəlləsinin əvvəlki redaktəsində bu maddədə olanlara əlavə olaraq- cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi ilə yanaşı, - zərərçəkmiş şəxsdən əlavə onun yaxın qohumu olan qanuni nümayəndəsi ilə də barışığın əldə olunması halında da əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin 60-cı maddəyə yeni, 2-ci hissə əlavə olunmuşdur və bu hissəyə görə ömürlük azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu cinayəti törətmiş şəxslərə 60.1-ci maddədə müəyyən edilmiş güzəşt şamil olunmur.

Cinayət Məcəlləsində cəzanı ağırlaşdıran hallar adlı 61-ci maddəsində istifadə olunan müqəssir ifadələri təqsirkar ifadələri ilə əvəz olunub.

Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi zamanı törədilmiş cinayət növlərinin dairəsi genişləndirilərək ora böyük ictimai təhlükə törətməyən cinayətlərlə yanaşı az ağır cinayətlər də əlavə olunmuşdur. Eyni zamanda 66.2-ci maddəyə yeni cümlə əlavə edilərək cəzaların tamamilə və ya qismən toplanılması zamanı qəti cəzanın müddəti və ya həcmi cinayətlərin kateqoriyasına görə təsnifləndirilmişdir. Belə ki, həmin əlavə “Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.” redaktəsində müəyyən olunmuşdur. 

Daha sonra Cinayət Məcəlləsində “Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə” adlı 73-cü maddəsinə 2-ci hissə əlavə edilməklə qeyd olunan əsalarla, yəni, zərərçəkmiş şəxslə barışma halında cinayət məsuliyyətindən azad etmənin ümumilikdə şamil olunduğu cinayətlərin dairəsi müəyyən edilmiş və həmin əlavəyə görə 127.1(Qəsdən sağlamlığa az ağır zərər vurma), 128(Qəsdən sağlamlığa yüngül zərər vurma), 129(Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 130(Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma), 131.2(Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 133.1(Əzab vermə), 134(Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 142.1(Xəstəyə kömək göstərməmə), 143(Təhlükədə qoyma), 156.1(Şəxsi həyatın toxunulmazlığını pozma), 157.1(Mənzil toxunulmazlığını pozma) və 158.1-ci(Hüquqi şəxslərin binalarının və ya otaqlarının toxunulmazlığını pozma) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Gördüyümüz kimi olunan mütərəqqi dəyişikliklərə görə “Mülkiyyət əleyhinə olan cinayətlər” və “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər” istisna olmaqla 12 cinayət əməlinə görə qanun həmin əməli törətmiş şəxsə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə onunla barış əldə etməsi halında cinayət məsuliyyətindən azad olunmağa şərait yaradır. 

 Bundan əlavə Məcəlləyə “Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə” adlı 73-1 nömrəli və “İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə” adlı 73-2 nömrəli tamamilə yeni müddəalar əlavə edilmişdir. Bu maddələrdə də cinayət məsuliyyətindən azad olmağa imkan verən şərt və halların müəyyən edildiyi müddəaların dairəsi sadalanır. Əlavə edilən 73-1-ci maddəyə əsasən Cinayət Məcəlləsinin 178.1(Dələduzluq), 179.1(Mənimsəmə və ya israf etmə), 186.1(Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 187.1(Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə), 187.2(Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 189-1.1(Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma) və 189-1.2(Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan bir sıra “Mülkiyyət əleyhinə olan cinayətlər”ə aid əməlləri ağırlaşdırıcı hallarda törətmiş şəxslərin məsuliyyətdən azad olunmaları üçün zərərçəkmiş şəxslə barışmaqla yanaşı həm də dövlət büdcəsinə ödəniş etmələri tələbləri də müəyyən olunub. 

Əlavə olunmuş 73-1-ci maddənin 2-ci hissəsinə əsasən Cinayət Məcəlləsinin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs əlavə olaraq cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş edəcəyi təqdirdə cinayət məsuliyyətindən azad edilir.

Yeni, 73-1.3-cü maddənin məzmununa görə isə Cinayət Məcəlləsinin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. 

Qeyd etdiyimiz kimi yeni əlavə edilmiş 73-2-ci maddədə Cinayət Məcəlləsinin Xüsusi Hissəsində “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər”ə görə cinayət məsuliyyətindən azad etmə halları və əsasları nəzərdə tutulmuşdur. Həmin müddəanın 1-ci hissəsinə əsasən 209.1 (Gömrük ödənişlərinin ödənilməsindən xeyli miqdarda yayınma), 209.2.2 (Gömrük ödənişlərinin ödənilməsindən külli miqdarda yayınma) və 213-cü (Vergi ödəməkdən yayınma) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 

Əlavə edilmiş 73-2-ci maddənin 2-ci hissəsinə görə isə Məcəllənin 192(Qanunsuz sahibkarlıq), 192-1(Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi), 193(Yalançı sahibkarlıq), 195(Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 195-1(Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma), 196(Kreditor borclarını ödəməkdən qəsdən yayınma), 197(Əmtəə nişanlarından qanunsuz istifadə etmə), 198(Bilə-bilə yalan reklam etmə), 202-2(İnsayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə), 203(Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma), 203-1.1(Qiymətli kağızlar bazarında manipulyasiyalar külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə), 205-2(Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı), 209.2.1(Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma  təkrarən törədildikdə), 209.3(Gömrük ödənişlərinin ödənilməsindən xüsusilə külli miqdarda yayınma),  210 (Müflisləşmə zamanı qanunsuz hərəkətlər), 211(Qəsdən müflisləşmə), 212(Saxta müflisləşmə) və 213-2-ci(Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Bütün bunlardan savayı Cinayət Məcəlləsinə “Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə” adlı 74-1-ci maddə əlavə olunmuşdur. 74-1.1. nömrəli maddəyə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

Əlavə olunmuş 74-1-ci maddənin 2-ci hissəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında Cinayət Məcəlləsinin 75.1-ci maddəsində göstərilən müddət keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb edilir.

Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə adlı 76-cı maddənin 3-cü hissəsinə əlavə edilməklə ağır cinayətləri törətməyə görə təyin edilmiş cəzadan azad olunmanın minimum həddi xüsusilə ağır cinayətləri törətməyə görə təyin edilmiş cəzadan azad olunmadan minimum həddindən fərqləndirilərək dörddə üç hissədən üçdə iki hissəyə endirilmişdir. 

Bundan əlavə “Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər”ə münasibətdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tələblərinin əks olunduğu 76.4-1 nömrəli maddə əlavə olunmuşdur və həmin maddənin mətni aşağıdakı şəkildə verilmişdir: Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır. 

Cinayət Məcəlləsinə edilmiş daha bir yenilik “Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi” adlı 90-1 nömrəli yeni maddə ilə bağlıdır. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər (90-1.1 m).

Yetkinlik yaşına çatmayanın cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı dörddə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər (90-1.2 m).

Cinayət qanunvericiliyi sahəsində aparılmış mütərəqqi islahatlarla bağlı Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları ilə yanaşı Xüsusi hissəyə aid çoxsaylı maddələrə də əhəmiyyətli dəyişikliklər və əlavələr edilmişdir. Demək olar ki, bu dəyişikliklərdən sonra Məcəllənin Xüsusi hissəsi həm forma, həm də məzmun cəhətdən tamamilə yenilənmişdir. Bununla əlaqədar demək olar ki, Xüsusi hissədə mövcud olan ictimai təhlükəli əməllərin sırasından 11 əməl ümumiyyətlə xaric edilmişdir. 80-dən artıq maddənin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrumetmə cəzasının azaldılması ilə əlaqədar 35 cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayət kateqoriyasından az ağır cinayətlər kateqoriyasına keçmişdir. Qeyd olunan bu mütərəqqi addımlarla yanaşı, həm də 150 cinayət əməlinin sanksiyasına yeni cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası, 80-dən artıq ictimai təhlükəli əməlin sanksiyasına isə azadlıqdan məhrumetmə cəzasına alternativ olan cərimə və digər cəza növləri daxil edilmişdir. Cinayətlərin dekriminallaşdırılması istiqamətində atılmış mühüm əhəmiyyətli yeniliklərdən biri də, Cinayət Məcəlləsində nəzərdə tutulan Həyat və sağlamlıq əleyhinə, İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə, Mülkiyyət əleyhinə, İqtisadi fəaliyyət sahəsində, Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərə aid olan, ümumilikdə  31 cinayət əməli ilə bağlı vurulmuş ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə barışmaq yolu ilə cinayət məsuliyyətindən azad olma hallarının təsbit olunmasıdır.

Bundan əlavə diqqət çəkən dəyişikliklərdən növbətisi Mülkiyyət əleyhinə olan cinayətlərlə bağlı cinayət məsuliyyətinin yaranmasına səbəb olan ziyanın məbləğlərində edilmiş dəyişikliklərdir. Belə ki, Cinayət Məcəlləsinin əvəlki redaktəsində müəyyən edildiyindən fərqli olaraq Mülkiyyət əleyhinə olan cinayətlərlə (Oğurluq, Dələduzluq, Mənimsəmə və ya israf etmə) bağlı cinayət məsuliyyətinin yaranması üçün minimum məbləğ beş yüz manat müəyyən olunub. Bu cinayətlərə görə adekvat olaraq vurulmuş ziyana münasibətdə xeyli miqdar beş min manatdan, əlli min manatadək, külli miqdar isə əlli min manatdan, beş yüz min manatadək olan məbləğ nəzərdə tutulur. Bu fəslə aid cinayət əməlləri ilə bağlı vurulmuş ziyanla əlaqədar tamamilə yeni, xüsusilə külli miqdar daxil edilmişdir ki, bunun da məbləği beş yüz min manatdan artıq müəyyən olunub. Lakin, əhəmiyyət daşıyan məqamlardan biri də, Oğurluq cinayəti ilə bağlı 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətin yaranması ilə bağlıdır. Qeyd olunan bu hallarla bağlı cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə sadəcə yüz manatdan yuxarı məbləğdə ziyanın vurulması kifayət edir.

Cinayət Məcəlləsinə kompleks şəkildə olunmuş dəyişikliklərin və əlavələrin məzmunundan da göründüyü kimi ən mütərəqqi yeniliklərdən biri də cinayət məsuliyyətindən azad olmanın yeni bir institut kimi təkmilləşdirilməsi və genişləndirilməsi hesab olunur. Cinayət məsuliyyətindən azadolma hallarının genişləndirilməsi həm də müvafiq cinayətlərlə bağlı problemin ibtidai istintaq mərhələsində həll olunmasına və müvafiq cinayət işlərinin məhkəmə mərhələsinə gedib çıxmayacağına səbəb olacaq. Bu da öz növbəsində məhkəmələri əksər cinayət işlərinin və onlarla bağlı gələcəkdə veriləcək mülki iddialarla əlaqədar işlərin yükündən azad edəcəkdir.

Dəyişikliklərlə bağlı Qanunun keçid müddəalarına əsasən, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı müddəaları həmin cəzanın icrası və elektron nəzarət vasitələrinin tətbiq edilməsi qaydalarının müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində ediləcək dəyişikliklərlə eyni gündə, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəaları isə müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir. Dəyişiklik və əlavələrlə bağlı digər müddəalar 1 dekabr 2017-ci il tarixdən qüvvəyə minir.

Dəyişikliyə əsasən, cinayət hesab olunmayan əməllərə görə qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlarla yanaşı, həm də yeni qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulubsa, həmin şəxslərin cəza müddətləri ona müvafiq azaldılır. Cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır".

Xəyal Bəşirov